• cümə, 19 Aprel, 07:35
  • Baku Bakı 13°C

AzTU-da AXC-inin 100 illiyi ilə əlaqədar tədbir keçirilib

15.05.18 15:17 729
AzTU-da AXC-inin 100 illiyi ilə əlaqədar tədbir keçirilib
Mayın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov iştirakçıları AXC-nin 100 illik yubileyi münasibətilə təbrik edərək məlumat verib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Rektor əvəzi bildirib ki, Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisə olaraq zəngin dövlət quruculuğu ilə yanaşı, Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən AXC-nin 100 illiyinin layiqincə keçirilməsinin əhəmiyyətinə diqqət çəkən Xalıq Yahudov ölkəmizin ikinci dəfə müstəqilliyi bərpa edildikdə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi, mənəvi varisi elan olunduğunu qeyd edib.
AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnistitutunun "İran tarixi və iqtisadiyyatı” şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi isə çıxışında Cümhuriyyətin tarixi aspektlərinə toxunaraq həmin vaxt regionda baş verən proseslərə diqqət çəkib. S.Rüstəmova-Tohidinin sözlərinə görə, AXC-nin yaranmasında M.Rəsulzadə siyasi lider kimi böyük rol oynayıb. O, M.Rəsulzadənin həyatı, ictimai-siyasi, publisistik fəaliyyəti haqqında ətraflı məlumat verib. S.Rüstəmova-Tohidi deyib ki, M.Rəsulzadə sosial-demokratik, ictimai-siyasi, maarifçilik, milli özünüdərk və milli kimliyin dərk edilməsi istiqamətindəki böyük fəaliyyəti ilə milli ideologiyanın nəzəri əsaslarını qoyub. O, daha sonra Azərbaycan ictimai fikrində azərbaycançılıq ideyasının yaranması, milli dövlətin formalaşmasına əngəl yaradan rus çarizminə qarşı mübarizə və cəmiyyətin siyasi fəallığa cəlb edilməsində M.Rəsulzadənin müstəsna xidmətlərindən söz açıb. Daha sonra AXC-nin fəaliyyəti və qısa zaman ərzində gördüyü işlərdən danışan S.Rüstəmova-Tohidi yeni yaranan dövlətə "Azərbaycan” adının verilməsinin tarixi əhəmiyyətini xüsusilə vurğulayıb.
Tarixçi alim çıxışında həmçinin, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və Cümhuriyyətin digər qurucuları haqqında da geniş məlumat verib.
Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin varisi və təntənəsi hesab olunan müasir Azərbaycan Respublikasının, eləcə də AXC-nin dövlət atributu olan dövlət himnimiz səsləndirilib və Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən film nümayiş etdirilib.
banner

Oxşar Xəbərlər