AzTU-da AXC-inin 100 illiyi ilə əlaqədar tədbir keçirilib
Mayın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Xalq
Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov iştirakçıları AXC-nin
100 illik yubileyi münasibətilə təbrik edərək məlumat verib ki, Prezident İlham
Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi ilə bağlı Sərəncam
imzalayıb. Rektor əvəzi bildirib ki, Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün
çox əhəmiyyətli hadisə olaraq zəngin dövlət quruculuğu ilə yanaşı, Şərqdə ilk
demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Milli
dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən AXC-nin 100 illiyinin
layiqincə keçirilməsinin əhəmiyyətinə diqqət çəkən Xalıq Yahudov ölkəmizin
ikinci dəfə müstəqilliyi bərpa edildikdə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan
Xalq Cümhuriyyətinin hüquqi, siyasi, mənəvi varisi elan olunduğunu qeyd edib.
AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnistitutunun "İran tarixi
və iqtisadiyyatı” şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz
Rüstəmova-Tohidi isə çıxışında Cümhuriyyətin tarixi aspektlərinə toxunaraq həmin
vaxt regionda baş verən proseslərə diqqət çəkib. S.Rüstəmova-Tohidinin sözlərinə
görə, AXC-nin yaranmasında M.Rəsulzadə siyasi lider kimi böyük rol oynayıb. O,
M.Rəsulzadənin həyatı, ictimai-siyasi, publisistik fəaliyyəti haqqında ətraflı
məlumat verib. S.Rüstəmova-Tohidi deyib ki, M.Rəsulzadə sosial-demokratik,
ictimai-siyasi, maarifçilik, milli özünüdərk və milli kimliyin dərk edilməsi
istiqamətindəki böyük fəaliyyəti ilə milli ideologiyanın nəzəri əsaslarını
qoyub. O, daha sonra Azərbaycan ictimai fikrində azərbaycançılıq ideyasının
yaranması, milli dövlətin formalaşmasına əngəl yaradan rus çarizminə qarşı
mübarizə və cəmiyyətin siyasi fəallığa cəlb edilməsində M.Rəsulzadənin müstəsna xidmətlərindən söz
açıb. Daha sonra AXC-nin fəaliyyəti və qısa zaman ərzində gördüyü işlərdən
danışan S.Rüstəmova-Tohidi yeni yaranan dövlətə "Azərbaycan” adının verilməsinin
tarixi əhəmiyyətini xüsusilə vurğulayıb.
Tarixçi alim çıxışında həmçinin, Əlimərdan bəy Topçubaşov, Fətəli xan
Xoyski, Nəsib bəy Yusifbəyli və Cümhuriyyətin digər
qurucuları haqqında da geniş məlumat verib.
Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin varisi və təntənəsi
hesab olunan müasir Azərbaycan Respublikasının, eləcə də AXC-nin dövlət
atributu olan dövlət himnimiz səsləndirilib və Azərbaycan Xalq Cümhuriyyətindən
bəhs edən film nümayiş etdirilib.