AzTU-da “Açıq Qapı” günü keçirilib
Azərbaycan
Texniki Universitetində (AzTU) imtahan sessiyasının gedişiylə tanış olmaq üçün
mediatur təşkil edilib. Mediaturda universitetin İctimai Şurasının üzvləri,
valideynlər və KİV nümayəndələri iştirak edib.
Media
təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib
və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər.
AzTU-nun
rektor əvəzi, professor Xalıq Yahudov bildirib ki, universitetdə imtahanlar həm
test üsulu ilə, həm də yazılı formada keçirilir. Qeyd olunub ki, universitetdə əvvəllər yalnız
Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və
magistrlar yazılı imtahan verirdi. Lakin hazırda I, II kursda oxuyan bütün tələbələrdən
də imtahanlar yazılı şəkildə götürülür. Rektor əvəzi bildirib ki, universitetdə
bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə
götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin
sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq
etdikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test
imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra
yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər
yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin Elektron
Portalında yerləşdirilir.
Xalıq
Yahudov onu da vurğulayıb ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət
etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb. Qiymətləndirmədən
narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etməsi
üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə
şəffaflıq və operativliyi təmin edir.
Xalıq
Yahudov İctimai Şura üzvlərinə və KİV nümayəndələrinə bildirib ki, universitetdə
imtahan prosesinin müşahidə olunması üçün valideynlərin iştirakına şərait
yaradılır. İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri "Açıq
qapı" günləri keçirilir. Qeyd olunub ki, şikayət və təklifləri olan
valideyn və tələbələr sərbəst müraciət etmək imkanına malikdirlər.
Mediaturdan sonra
valideyinlərin və KİV nümayəndələrinin iştiakı ilə universitetin İctimai
Şurasının iclası keçirilib. İclasda
AzTU-da aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında geniş məlumat
verilib.