• şənbə, 20 Aprel, 02:18
  • Baku Bakı 15°C

AzTU-da 3 gün davam edəcək elmi-texniki konfrans keçirilir - Fotolar

28.09.16 12:47 1066
AzTU-da 3 gün davam edəcək elmi-texniki konfrans keçirilir - Fotolar
Bu gün Azərbaycan Texniki Universitetində «Maşınqayırmada intellektual texnologiyalar» mövzusunda beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Konfransın keçirilməsində əsas məqsəd maşınqayırmada intellektual texnologiyalar sahəsində müasir elmi-texniki istiqamətlər üzrə mütəxəssislərin apardıqları tədqiqatların və alınmış nəticələrin müzakirəsidir.

Konfrans vasitəsi ilə texnoloji inkişaf etmiş ölkələrin təcrübələri, MDB və digər xarici dövlətlərin alimləri ilə elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi də mümkün olub. 3 gün davam edəcək konfransda çox sayda tanınmış alimlərin və nüfuzlu qonaqların iştirakı alimlərin təcrübə və bilik mübadiləsi aparması üçün geniş imkan yaradıb.

Qonaqlar arasında Türkiyə, Rusiya, Almaniya və Ukraynadan olan elm adamları çoxluq təşkil edir. Həmçinin böyük zavod və müəssisə rəhbərləri, maşınqayırma sahəsi ilə maraqlanan iş adamları da konfransa qatılıb.

Maşınqayırma sahəsinə aid son dərəcə kritik məsələlərin müzakirə olunacağı Beynəlxalq Konfransın işi 8 bölmə üzrə təşkil olunub. Maşınqayırma sahəsinin prioritet məsələlərini əhatə edən bölmələrə "İntellektual idarəetmə sistemləri”, "Avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri”, "Maşınların layihələndirilməsində innovativ metodlar”, "Maşınqayırmada keyfiyyət: problemlər və perspektivlər”, "Yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası”, "Bərk cisim, maye və qaz mexanikasının problemləri”, "Logistik sistemlər”, "Təhsildə intellektual texnologiyalar və resurslar” daxildir. Həmin bölmələr üzrə sentyabrın 30-a kimi onlarla məruzənin dinlənilməsi planlaşdırılır. 240 elmi məqalənin təqdim olunduğu konfransda məruzələr əsasən müvafiq bölmələr üzrə intellektual idarəetmə sahəsində əldə olunmuş nailiyyətlərin, avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri, yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası, logistik sistemlər, intellektual texnologiyaların inkişaf ənənələri, təhsildə və istehsalatda istifadə olunan innovativ metodlar haqqında müzakirələr olunacaq.

Qeyd edək ki, texniki elmlər sahəsində Azərbaycanda flaqman hesab olunan AzTU-da bu ilin noyabr ayında daha bir beynəlxalq konfrans təşkil olunacaq. 23-25 noyabr tarixlərində keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi-Texniki Konfransın məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf ənənələri və perspektivləri sahəsində alimlərin, mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələrin aparılmasıdır. Telekommunikasiya sahəsində peşəkar kadrların yetişdirilməsində aparıcı rol oynayan Universitet bu sahə üzrə yeni dünya trendlərinə cavab verən innovativ texnologiyaların öyrənilməsi və ölkədə telekommunikasiyanın inkişafına yeni nəfəs vermək niyyətindədir.






banner

Oxşar Xəbərlər