AzTU alimləri “Elm-Təhsil İnteqrasiyası” adlı qrant müsabiqəsində 5 layihə üzrə qalib oldu
Azərbaycan Texniki Universitetinin (AzTU) alimləri tərəfindən Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkil etdiyi "Elm-Təhsil
İnteqrasiyası” adlı qrant müsabiqəsinə təqdim olunan layihələrdən beşi qalib
olub. Qalib olan layihələrə Elmin İnkişafı Fondu tərəfindən ümumilikdə
315000 manat qrant ayrılıb.
Qrant ayrılan layihələr "Azərbaycanda elektron tullantıları problemləri
və onların həlli yolları”, "İnnovativ metallurgiya texnologiyası əsasında yayma
istehsalatında yüksək xassələrə malik bimetallik valın işlənilməsi”, "А2VB3VI
birləşmələri əsasında aşqarlama və nanostrukturlaşma yolu ilə alınmış yüksək termoelektrik
effektivli yeni materiallar”, "Acınohur titanmaqnetit superkonsentratının məhsullarından
istifadə etməklə litium titanatların sintezi və xassələrinin
funksiyalaşdırılması” və "Qeyri-səlis məntiq əsasında universitetlərin göstəricilərinin
təhlili üsulları və informasiya analitik sistemin işlənilməsi” layihələridir.
Layihələr AMEA-nın müxtəlif institutları və elmi-tədqiqat mərkəzləri
ilə birgə icra olunacaq.
Qeyd edək ki, Elmin İnkişafı Fondunun təşkil etdiyi "Elm-Təhsil
İnteqrasiyası” adlı qrant müsabiqəsində qalib gələn 69 fundamental-tətbiqi
xarakterli və 2 xüsusi layihəyə ümumilikdə 4 milyon 090
min manat vəsait ayrılıb.