• cümə, 29 Mart, 05:20
  • Baku Bakı 7°C

Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılacaq

17.06.21 16:30 285
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılacaq
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatının yaradılmasını nəzərdə tutan "Azərbaycan gəncləri arasında ekosahibkarlığın inkişafının təşviqi” layihəsinə start verilib.
IDEA İctimai BirliyindənKaspi.az-a bildirilib ki, IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və "ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.
Layihə çərçivəsində arıçılıq təsərrüfatına xüsusi maraq göstərən 20 nəfər gənc arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsi ilə bağlı iki həftəlik nəzəri və praktiki təlimlərə cəlb olunublar. Təlimdə iştirak edən gənclərin arıçılıq təsərrüfatı üçün lazım olan resurs və ləvazimatlarla tam təchiz olunması, istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şəraitin yaradılması nəzərdə tutulub.
Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətəklərin sayını artıra bilmələri üçün mütəmadi olaraq təsərrüfatlar mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcəkdir. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara "ABAD” stendlərində öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.
Məlumdur ki, arı və digər tozlandırıcılar biomüxtəlifliyin mühafizəsində vacib rol oynayır və arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz, eyni zamanda faydalı növü hesab edilir. Bal verən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bunu nəzərə alan IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə arıçılığa dəstək məqsədilə ölkəmizdə nektar verən ağacların əkilməsi üzrə bir neçə kütləvi ağacəkmə aksiyaları keçirmişdir.
Təbiətin arılara, bizim isə təbiətə ehtiyacımız var. Gəlin, arılara qayğımızı artıraq və onları birgə yaşadaq. Arılar varsa, həyat var!
banner

Oxşar Xəbərlər