AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Aztelekom” vəd verdi: hər evdə 10 meqabit sürətli internet olacaq eksklüziv

“Aztelekom” vəd verdi: hər evdə 10 meqabit sürətli internet olacaq eksklüziv

Təfsilat
06 Dekabr 2012, 13:24 3302
“Aztelekom” İstehsalat Birliyi Naxçıvan Muxtar Respublikası, həmçinin Bakı şəhəri istisna olmaqla, ölkənin bütün regionlarını rabitə və informasiya texnologiyaları ilə təmin edir. Bura lokal rabitə, şəhərlərarası, beynəlxalq, multimedia xidmətlərinin göstərilməsi daxildir. Artıq il yekunlaşır. Mən fəxrlə qeyd edə bilərəm ki, təkcə bu il biz iki min kilometrdən yuxarı fibrooptik kabel çəkmişik. Bu, həm regionlarda rabitənin keyfiyyətinin yaxşılaşdırılmasına, həm də yerlərdə insanlara digər multimedia xidmətlərinin çatdırılmasına səbəb olur”.

Bu barədə “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov jurnalistlərə açıqlamasında bildirib. O, regionlarda internetə, digər bu tipli xidmətlərə tələbatın gündən-günə artmaqda davam etdiyini də diqqətə çatdırıb. Qeyd edib ki, hazırda “Aztelekom” İB-nin 102 mindən yuxarı abunəçisi var: “Özəl provayderlərin bu sahədə işinə xüsusi yardım göstərilir. Yeddi özəl provayder bizim onlara yaratdığımız şəraitdən istifadə edərək xalqımıza internet xidmətləri göstərir. Cənab Prezidentin göstərişi var idi ki, hər bir kənddə, hər bir evdə internet olmalıdır. Bu strategiya üzərində də işlənilir. Gələn ilə üçün bizim böyük planlarımız var. Rabitə və informasiya texnologiyaları naziri tərəfindən yeni bir layihə ilə bağlı Neft Fonduna müraciət olunub. Bu Fondun dəstəyi ilə həmin layihəyə haradasa 200 milyondan yuxarı vəsait sərf olunacaq. Beləliklə də 2015-ci ilə kimi respublikanın hər bir yerində, hər bir evində sürəti 10 meqabit olan internet xidməti göstərmək mümkün olacaq. Bunun üçün alt sənədlər artıq hazırdır. Bu gün aparılan kabelləşmə işləri də alt strukturun yaradılmasına xidmət edir. Bundan başqa ölkə başçısının göstərişi ilə “Elektron Azərbaycan”, “Elektron hökumət”, “Elektron imza” və digər layihələri gündəmdədir. Aparılan kabelləşmə işləri bu layihələrin də alt strukturlarıdır. Əgər kommunikasiyalar yaradılmış olsa, bunların da həyata keçirilməsi daha böyük müstəvi üzərində mümkün olacaq”.

M.Məmmədov “Aztelekom” şəbəkəsinə qoyulan sərmayə barədə də məlumat verib. Bildirib ki, cari ilin 9 ayı ərzində 20 milyon manata yaxın vəsait sərf edilib, investisiya qoyulub. Baş direktor bu ilin sonuna kimi həmin sərmayənin həcminin 25-30 milyon manat arasında olacağına əminliyini ifadə edib. Baş direktor özəlləşdirmə məsələsinə də aydınlıq gətirib: “Qoyulan bütün investisiyalar ancaq daxili imkanlar hesabına “Aztelekom”un özünün qazandığı maliyyə vəsaitidir. Bu günə kimi rabitə sistemində digər yerlərdən heç bir investisiya qoyulmayıb. Ancaq özümüzün sərbəst vəsaitləri hesabına tikintilər aparmışıq. O ki, qaldı özəlləşməyə, gəlin ilk öncə özümüzə sual verək görək, bu, bizə nə verəcək? Özəlləşdirmə mütləq mənada labüddür. Çünki bazar iqtisadiyyatı dövründə yaşayırıq, bu olmalıdır. Amma nə zaman olmalıdır, bunu özümüz müəyyənləşdirməliyik. Bu gün mən Bakıda qazandığım vəsaiti Lerikdə, Yardımlıda, Zərdabda və digər yerlərdə xərcləyirəm. Bütün bölgələrdə öz sahəmizə aid xidmətləri inkişaf elətdirirəm. Bir anlığa təsəvvür edir ki, özəl bir provayder gəlib özəlləşdirib. Bundan sonra həmin provayder gedib Lerikdə işləyəcəkmi? Bax bu sual məni maraqlandırır. Mənim fikrimcə, işləməyəcək. O nöqteyi-nəzərdən, Azərbaycanda tam alt strukturunun yaradılmasına kimi özəlləşmənin saxlanılmasını labüd hesab edirəm. Bundan artıq nə isə deyə bilmərəm. Çünki biz də icraçıyıq”.
Rufik İSMAYILOV