• cümə, 26 Aprel, 22:13
  • Baku Bakı 22°C

“AZNAR” Azərbaycan incəsənətinə xidmətdə

22.01.14 09:39 1469
“AZNAR” Azərbaycan incəsənətinə xidmətdə
Azərbaycanımızın müstəqillik qazandığı illərdə ölkədə fəaliyyət göstərən özəl qurumların onun iqtisadi-siyasi və elmi-mədəni inkişafında fəal iştirakı və bu prosesə yaddaqalan töhfələr vermələri danılmazdır. Kommunist rejimindən azad oldugumuz ötən dövrdə təsis olunan “AZNAR” şirkətinin (prezidenti Fərhad Əhmədovdur) müxtəlif yönlü fəaliyyəti müstəqilliyin sayagəlməz dəyərlərindən istifadənin ən gözəl nümunəsidir desək, yanılmarıq.
2014-cü ilin başlanğıcında “AZNAR”ın təşəbbüsü və maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə gənc yaradıcılar arasında “Azərbaycan narı” adlı yeni müsabiqənin keçirilməsi də bunun əyani təsdiqidir.
Fəaliyyəti boyu davamlı olaraq həm də humanitar mahiyyətli layihələrin gerçəkləşməsinə üstünlük verən şirkətin rəhbəri Fərhad Əhmədov, bununla əslində Azərbaycan incəsənətinin yeni məzmun və forma-biçimlə zənginləşdiyi indiki təzadlı bir dövrdə təsviri sənət ustalarının müxtəlif nəsillərinin ürəklərində gəzdirdikləri yaradıcılıq ideyalarının reallaşdırılmasına yardımçı olmuşdur. Artıq gerçəkləşən bir-neçə layihə də “AZNAR”ın fəaliyyətindəki iqtisadi-mədəni məramın xoş niyyətli və milli-mənəvi dəyərlərimizin dünyada tanıdılmasına yönəli olduğuna Azərbaycan cəmiyyətini inandırmışdır. Yeri gəlmişkən qeyd edək ki, Fərhad Əhmədov böyük vətənpərvərlik nümunəsi göstərərək sovetlər dönəmində kommunist ideologiyasına təslim olmayan bir çox rəssamların (Əşrəf Nuradoglu,Tofiq Cavadov, Mircavad və b.) Azərbaycandan perik düşmüş əsərlərini alaraq Bakıya gətirmişdir. Onun İçərişəhərdə yerləşən “Nar” qalereyasında müasir Azərbaycan rəssamlığının ən yaxşı nümunələri toplanmışdır desək, yanılmarıq.
Əlavə edək ki, son iki ildə Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birlikdə artıq reallaşan və Azərbaycan narının təbliğinə yönəli iki müxtəlif layihə duyulası müsbət nəticələr vermiş, bir-birindən maraqlı sənət nümunələrinin yaranmasını şərtləndirmişdir. Etiraf edək ki, sonradan böyük sənət bayramına çevrilən bu müsabiqə-sərgilər milli yaradıcı qüvvələrin müxtəlif nəsillərinə mənəvi ruh verməklə yanaşı, həm də onlara maddi dayaq olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, xalq rəssamı, professor Səlhab Məmmədovun rəhbərliyi ilə bu təhsil ocağının tələbələri arasında keçirilən müsabiqə sözün əsl mənasında təsviri sənətimizin gələcək mənəvi yükünü daşımalı olacaq tələbə-rəssamların arasından çoxlu sayda istedadları üzə çıxardı. Həmin müsabiqə qaliblərinin mükafat olaraq Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri ilə tanışlığa göndərilməsi isə tələbə-rəssamların yaddaşında dərin iz buraxdı desək, yanılmarıq. Elə bu il tələbələr arasında təşkil olunan yeni bədii yarışmanın onlar üçün unudulmaz olacağını söyləmək olar. Ancaq bu dəfə müsabiqə təkcə Akademiya tələbələrini əhatə etməyəcək. Belə ki, “Azərbaycan narı” adlanan yeni müsabiqə-sərgi gənc rəssam və tələbələr arasında keçirilir. Başqa sözlə desək, respublikamızda yaşayan bütün yaradıcı gənclər bu sənət yarışmasına qatıla bilərlər.
Müsabiqənin şərtlərinə görə birinci yerə layiq görülən iki nəfərin hər birinə 2000 manat pul mükafatı təqdim olunacaqdır. İkinci yer üçün üç mükafat təsis olunmuşdur. Əsərləri ikinci yeri tutan iştirakçıların hər biri 1500 manat pul mükafatı alacaqdır. Üçüncü yerin qaliblərinə də üç mükafatın verilməsi nəzərdə tutulmuşdur. Onlar mükafat olaraq 1000 manat alacaqlar. Həmişə olduğu kimi bu dəfə də müsabiqədə əsərləri bədii-estetik cəhətdən fərqlənən müəlliflərə həvəsləndirici mükafatların verilməsi qərarlaşdırılmışdır. Müsabiqənin on iştirakçısının hər birinə həvəsləndirici mükafat kimi - 500 manat veriləcəkdir.
Bundan əlavə, müsabiqədə digər dəyərləndirmələr də nəzərdə tutulmuşdur. Belə ki, müsabiqənin yekununa həsr olunmuş sərgidə nümayiş olunan və ancaq yer tutmayan maraqlı əsərlər də “AZNAR” şirkəti tərəfindən alınacaqdır. Fərqlənən digər iştirakçılar da mükafatlar alacaqlar.
Bu ilki müsabiqə həm də rəngarəngliyi ilə seçilir. Belə ki, rəssam və heykəltəraşlarla yanaşı yarışmada rəqqasların da iştirakına icazə verilmişdir. Müsabiqənin yekun tədbirində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında xoreoqrafik kompozisiya nümayiş olunacaq və onların ifası münsiflər heyəti tərəfindən dəyərləndiriləcəkdir.
“Azərbaycan narı”nın yekun sərgisi və mükafatlandırma mərasimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Kompleksində keçiriləcəkdir.
Mükafata layiq görülmüş işlər sərgidən sonra “AZNAR” şirkətinin mülkiyyətinə keçəcəkdir.
Elə düşünürük ki, “Azərbaycan narı” müsabiqəsinə təqdim olunmuş əsərlərin Avropanın London və Berlin kimi məşhur şəhərlərində nümayişi sənətin enişli-yoxuşlu yollarında kövrək addımlarını atan gənc rəssam və heykəltəraşlar üçün çox yaddaqalan hadisə olacaqdır. Bu sərginin həm də çoxəsrlik inkişaf tarixinə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin müasir durumunun yeni və özünəməxsus bir səhifəsinin dünyaya sərgilənməsi kimi qəbul olunacağı birmənalıdır. Odur ki, bu həm də gənc rəssam və heykəltəraşlarımız üçün ciddi sənət sınağı olacaqdır. Qənaətimizcə, gənc yaradıcılar öz sənətkar “mən”ini təkcə elə nara bədii münasibətləri ilə də ifadə edə bilərlər. Hər halda müsabiqəni bütünlükdə milli təsviri və tətbiqi sənətimizin təbliği anlamında dünyaya açılan “yeni pəncərə” saymaq olar...
Qənaətimizcə, “Azərbaycan narı” mövzu tutumuna görə nə qədər yığcam görünsə də, milli mənəvi-fəlsəfi dəyərlərimizin zənginliyini kifayət qədər yaddaqqalan forma-biçim və obrazlı şəkildə başqa xalqlara göstərmək imkanına malikdir. Belə ki, dünyanın ən unikal meyvələrindən sayılan nar, o cümlədən də Azərbaycan narı kifayət qədər çoxmənalı tutum daşıyıcısıdır. Bu mənada müsabiqənin təşkilatçıları da onun iştirakçılarının yaradıcılıq nümunələrində sadəcə narın təsvirini görmək fikrindən uzaqdırlar. Düşünürük ki, onların bu məntiqli mövqeyi düzgün və bilavasitə rəssamların yaradıcı imkanlarının üzə çıxarılmasına-bədii axtarışlara yönəlikdir. Başqa sözlə desək, onlar da, elə bizlər də yaradılacaq sənət nümunələrdə narın cəlbedici-yaddaqalan və düşündürücü obrazını görmək istəyirik. Təbii ki, nar mövzusunun ta qədimlərdən şifahi və yazılı Azərbaycan ədəbiyyatında - nağıl və dastanlarda, bayatı və qəzəllərdə, mifologiyada, insanı duyğulandıran nəğmələrdə, elmi-fəlsəfi əsərlərdə, qədim təsviri və tətbiqi sənət nümunələrində yer alması qarşılığında, müasir rəssam və heykəltəraşlarımızın artıq yaradılanlardan nəticə çıxarmasına, bu meyvəyə göstərilən bədii münasibətin hüdudlarını genişləndirməsinə geniş imkanlar açır...
Allah-təalanın insanlara təmənnasız bəxş etdiyi bu meyvənin ilkin dövrlərdən başlayaraq bu günümüzə kimi süfrələrimizin əvəzsiz bəzəyi olaraq qalması danılmazdır. Onun bütün mənalarda zəngin tutumunun insanlar tərəfindən dərkini, özünün həm də müalicəvi əhəmiyyətini ortaya qoymasını ona münasibətin yeni mərhələsi saymaq olar. Nar qabığı rəngindən “boylanan” qədim xalça-palazlarımızın şuxluğunu bu gün də qoruyub saxlaması, süfrələrimizdəki müxtəlif nemətlərə nar şərabının xüsusi məzə verməsi onun funksionallığının davamlılığını şərtləndirən səbəblərdəndir. Nar ağacının müqəddəs sayılması və inanc qaynağı kimi qədimlərdən bu günümüzə qədər daşınması da təkzibolunmaz faktdır. Onun həm də fəlsəfi məna-rəmz daşıması və dünyada “məhsuldarlıq, bolluq” rəmzi kimi qəbul edilməsi də əsrlərin sınağından çıxan bir həqiqətdir...
Bütün bu sadaladıqlarımıza rəğmən deyə bilərik ki, ”nar mövzusu”na yaradıcı yanaşma ilə ərsəyə gətirilən istənilən təsviri sənət nümunəsini cəlbedici və düşündürücü bədii qaynağa çevirmək mümkündür. Sadəcə dilə gətirdiyimiz elmi-fəlsəfi məlumatlara rəssam və heykəltəraşlarımız özünəməxsus yanaşma sərgilənməyi bacarmalıdırlar. Nara bu cür bədii-fəlsəfi yanaşmanın uğurlu nəticə verəcəyi isə birmənalıdır.
Sonda deyək ki, “Azərbaycan narı” müsabiqəsi üçün işlənmiş əsərlər müxtəlif ölçüdə icra oluna bilərlər.
Əsərlər 2014-cü il fevral ayının 15-nə kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Beynəlxalq əlaqələr şöbəsi”nə təqdim edilməlidir.
ZİYADXAN ƏLİYEV
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

banner

Oxşar Xəbərlər