• cümə, 19 Aprel, 14:53
  • Baku Bakı 25°C

"Azexport.az" portalının məhsul ixracındakı rolu

02.07.20 17:58 774
"Azexport.az" portalının məhsul ixracındakı rolu
Fermerlərin bilik və məlumatlılıq səviyyəsi artırılmalıdır ki...

İndiyədək "Azexport.az” portalında 1,9 milyard dollarlıq ixrac sifarişləri daxil olub. Belə ki, bu ilin yanvar-may aylarında isə portala 273,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. AZƏRTACİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı”nın iyun sayına istinadla xəbər verir ki, bu ilin may ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 64,7 milyon dollar təşkil edib. Mayda "Azexport.az" portalına ən çox ixrac sifarişi pomidor, fındıq, biyan kökü, tütün, yumurta, buğda unu, kartof, çuğundur, kələm, sarımsaq, soğan, şərab, qənnadı məhsulu, metal konstruksiya, boya, çay, nar konsentratı, bal, albalı, meyvə kompotu və sair mallara olub.
2017-ci ilin yanvar ayından bu il mayın 30-dək (41 ay ərzində) "Azexport.az" portalına 141 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1,9 milyard dollar təşkil edib.
Bəs görəsən bu göstərici qaneedici hesab olunurmu? Ümumiyyətlə, sahibkarların bu portal vasitəsilə ixraca münasibəti qənaətbəxşdirmi? Bu göstəriciləri yüksəltmək üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, son illər ölkədə qeyri-neft məhsullarının ixracının təşviqi prosesi sürətləndirilib: "Bu məqsədlə genişmiqyaslı stimullaşdırma tədbirləri həyata keçirilir. "Azexport.az" portalının yaradılması da bu istiqamətdə görülən işlərdən biridir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları öz məhsullarını portal vasitəsilə ölkədən kənara çıxarmaq imkanları əldə edib. Amma hələlik fermerlərin bu portal vasitəsilə məhsul ixracı istənilən səviyyədə deyil. Bunun da özlüyündə müxtəlif səbəbləri var. İlk növbədə istehsal olunan məhsulun həcmi önəmli rol oynayır. Digər tərəfdən, əldə olunan məhsulun rəqabət qabiliyyətli olması məsələsi çox vacibdir. Digər bir amil isə fermerlərin informasiya texnologiyalarından zəif istifadə etməsi məsələsidir. Yəni bu portala əlçatanlıq qaneedici deyil. Aqrar məhsul istehsal edən fermerlər müasir çağırışlara cavab vermir. Bu da portal vasitəsilə edilən ixrac həcminə ciddi təsir edir. Hesab edirəm ki, bu göstəriciləri artırmaq üçün aqrar sahədə ciddi işlər görülməlidir. Ən vacib məsələlərdən biri də istehsalçıların İT sahəsindəki biliklərinin artırılmasıdır. Fermerlərin bilik və məlumatlılıq səviyyəsi artırılmalıdır ki, onlar bu portaldan istifadə edə bilsin. İndiki dövrdə təkcə məhsulu becərmək kifayət etmir. Onun satış və marketinq işini də aparmaq lazımdır. Fermerin bunları edəcək bacarığı yoxdursa, bu işi görən vasitəçilərə ehtiyac yaranır. Ona görə də, ilk növbədə bu problem aradan qaldırılmalıdır. Müasir dövrün tələb və çağırışlarına cavab vermədən, istehsal sahəsində ciddi uğur əldə etmək mümkün deyil”.
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, sözügedən portal məhsul ixracında innovativ həll yollarından biridir: "Portal istehsalçıların öz məhsullarını fərqli bazarlara və fərqli alıcılara çıxarmaq imkanlarını daha da genişləndirir və elektron bazar platformaları ilə inteqrasiya olunub. Bu mənada məhsulun təqdimatı və əlçatanlıq baxımından müsbət bir mexanizmdir. Alıcı və satıcıların görüşdürülməsi və digər istiqamətlərdə "Azexport.az” öz funksiyasını yerinə yetirir. Amma təəssüf ki, kənd təsərrüfatı sahəsində bir sıra ciddi problemlər hələ də qalmaqdadır və bu, ixrac həcminə öz təsirini göstərir. Azərbaycan uzun müddət SSRİ-də aqrar ölkə kimi tanınıb. 2000-ci illərdə aqrar sahənin iqtisadiyyatda xüsusi çəkisi 15 faiz təşkil edirdisə, indi bu rəqəm 6 faizdir. Müəyyən artım tempi müşahidə olunsa da, kənd təsərrüfatı ölkə iqtisadiyyatında öz mövqeyini itirib. Əsas məsələlərdən biri də bu sektorda mənfəət normasının aşağı olmasıdır. Dəstək və zəmanət mexanizmlərinin zəif təşkili əsas problemlərdən biridir. Dünyada ən riskli fəaliyyət sahələrindən biri kənd təsərrüfatıdır. Bütün bu problemlər ixracın həcminə öz təsirini göstərir. İxracın şaxələndirilməməyi ən ciddi məsələlərdən biridir. Sahibkarlıq subyektlərinin bu istiqamətdə çox təcrübəsi var. Aqrar məhsullarımızın təqribən 90 faizi Rusiyaya ixrac olunur. Rusiya bazarlarında problem yarandıqda, azalma qaçılmaz olur. Burada əsas məsələ rəqabətqabiliyyətli istehsal imkanlarının yaradılmasıdır. İnnovativ həll yollarının tətbiqinə yer ayrılması çox mühümdür. Bizdə fermerlər, ənənəvi yanaşmalar əsasında məhsul becərir. Amma aqrar sahə bir elmdir. Biz bunu Hollandiya, İsrail və digər ölkələrin təcrübəsində görürük. Bizdə də bu sahə üzrə maarifləndirmə işləri gücləndirilməli, maddi-texniki bazanın inkişafı ilə bağlı dəstək proqramlarının əlçatanlığı və şəffaflığı təmin olunmalıdır. Ölkədə intensiv kənd təsərrüfatı modeli qurulmalıdır. Məhsuldarlıq norması yüksəldilməlidir. Məhsuldarlığı artırmaqla mənfəət normasını xeyli yüksəltmək olar. Beləliklə, sektora investorların marağını artırmaq olar. Azərbaycanın böyük aqrar potensialı var. Bu kompleks bir sahədir. Bu istiqamətdə son illər ərzində müəyyən addımlar atılıb. Amma daha çevik mexanizmlərə ehtiyac var. İxrac qabiliyyətinin şaxələndirilməsi, daxili istehlakın idxaldan azad edilməsində kənd təsərrüfatı mühüm rol oynayır”.
Şəbnəm
banner

Oxşar Xəbərlər