“Digital HUB” proqramı və rəqəmsallaşma
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə
bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin Baş
icraçı direktoru Fuad Allahverdiyev Bakıda keçirilmiş Avropa İttifaqı-Azərbaycan
Biznes Forumunda AzerTelecom şirkətinin icra etdiyi "Azerbaijan Digital Hub”
proqramı, bu proqramın ölkənin İKT sektorunun dayanıqlı inkişafı, rəqəmsallaşma
üçün yaradacağı imkanlar, eləcə də müasir şəraitdə rəqəmsal transformasiya
prosesləri barəsində danışıb.
Forum çərçivəsində təşkil olunmuş, İKT, nəqliyyat
və logostika mövzularına həsr olunmuş "Əlaqələndiricilik” (Connectivity)
panelində məruzəçi qismində çıxış edən Fuad Allahverdiyev AzerTelecom şirkətinin
artıq 10 ildən çoxdur ki, ölkənin İKT sektorunda fəaliyyət göstərdiyini,
hazırda şirkətin Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Digital HUB”
proqramını icra etdiyini qeyd edib. O bildirib ki, "Digital HUB” proqramı ölkədə
İKT sahəsində dayanıqlı infrastruktur quruculuğuna, telekommunikasiya
sektorunun inkişafına, Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal
telekommunikasiya dəhlizinin yaradılmasına, əlaqələndiricilik istiqamətində
layihələrin icrasına və nəticədə ölkəmizin Qafqaz, Orta və Cənubi Asiya, Yaxın
Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsinə istiqamətlənib.
Fuad Allahverdiyev proqram çərçivəsində Azərbaycanla
Qazaxıstan arasında Xəzərin dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu
üzrə fiber-optik kabelin çəkilməsi üzrə Transxəzər magistralı layihəsinin icra
ediliyini, bunun üçün iki dövlət arasında müvafiq dövlətlərarası
sazişin imzalandığını və təsdiq olunduğunu qeyd edib. O "Digital HUB”
proqramının ölkənin İKT sektoru ilə yanaşı qeyri-neft sektorunun digər sahələrinin
də inkişafına mühüm töhfə verəcəyini, Avropa və Amerika kontentinin bura gətirilməsi
və Asiyaya daşınmasına şərait yaradacağını, yeni iş yerlərinin formalaşması, qlobal
İKT şirkətlərinin Azərbaycana cəlb edilməsinə səbəb olacağını, innovasiyaların
tətbiqi üçün mühüm təməl olacağını qeyd edib.
Qeyd edək ki, iyunun 13-də keçirilmiş Avropa
İttifaqı-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində
təşkil olunub.
"AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi
Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin
ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell” şirkətinin
törəmə müəssisəsidir. "AzerTelecom” 2008-ci ildə təsis edilib və
telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər
təqdim edir. "AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat
Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi
üçün "Azerbaijan Digital Hub” proqramını icra edir. Proqramın reallaşması ölkənin
Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın
sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların,
İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin
İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin
beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.