• cümə axşamı, 25 aprel, 14:24
  • Baku Bakı 23°C

“Azərsun Holdinq” şəkər çuğundurunun alış qiymətini artırdı

02.11.18 18:11 3501
“Azərsun Holdinq” şəkər çuğundurunun alış qiymətini artırdı
Prezident cənab İlham Əliyevin istehsalatda idxaldan asılılığın azaldılması, şəkər məhsulunun yerli xammal hesabına təmin edilməsi istiqamətində verdiyi tapşırığa uyğun olaraq növbəti uğurlu layihə həyata keçirilir.

Çuğundur əkin sahələri ildən ilə genişləndirilir

Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq "Azərsun Holdinq” İmişli Şəkər Zavodunun istehsal və emal gücünü iki dəfəyə qədər artırıb ki, nəticədə çuğundur əkin sahələri ildən ilə genişləndirilir. Şəkər tozu istehsalında xammal kimi böyük tələbat doğuran şəkər çuğunduru əkin sahələri əvvəlki illərdə 2000-3000 ha təşkil edirdisə, ötən ildən etibarən əkin sahələrinin genişləndirilməsi 10.000 hektaradək artırılmışdır. Bariz nümunə olaraq 2017 təsərrüfat ilində bu bitki üzrə əkin sahəsi 14.000 hektara çatdırılmışdır. Şəkər çuğunduru əkinçiliyinin həyata keçirilməsi, bu məhsulun becərilməsində əkinçilik mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə "Azərbaycan Şəkər İstehsalat Birliyi” tərəfindən fermerlərə yaradılan şərait və verilən dəstək bu göstəricinin ildən-ilə daha da artmasını təmin edir. Əhalinin sosial rifahının daha yaxşılaşdırılması, iş yerlərinin artırılması, əkinçi və fermerlərin şəkər çuğunduru əkinçiliyinə marağının artırılması məqsədilə torpaq hazırlığından başlayaraq, toxumun torpağa tətbiqi, sağlam və keyfiyyətli məhsulun əldə edilməsi üçün bitkinin vegetasiya ərəfəsində aqrotexniki xidmətlərin kompleks şəkildə icrası, becərmə işlərinin düzgün və zamanında aparılması, yekunda məhsulun torpaqdan istehsal müəssisəsinədək tədarükü üçün nəqliyyat xərcləri daxil olmaqla istehsal müəssisə tərəfindən bütün maddi dəstək göstərilir. Müəssisə tərəfindən onlarla yerli aqronom bölgələrdə birdəfəlik işlə təmin edilərək bu sahəyə cəlb edilmişlər. Son 14 illik şəkər çuğunduru əkinçiliyindəki təcrübəsi ilə sınaqdan çıxmış torpaq seçimi kriteriyaları, əkin proqramı üzrə texnoloji xəritə, aqrotexniki vasitələrin seçimi, təchizatçı fermerlər ilə işləmə prinsipləri, müştəri nəzarəti və aqrar-müşavirlik xidmətləri sahələrindəki tövsiyələri Azərbaycan Şəkər İstehsalat Birliyi yerinə yetirir.

İmişli Şəkər Zavodu şəkər çuğundurunun bir tonunu 60 manata satın alacaq

Bu günlərdə "Azərsun Holdinq” şəkər çuğunduru əkinçiliyi ilə məşğul olan mülkiyyətçilərə dəstək vermək üçün növbəti təsərrüfat ilindən etibarən şəkər çuğundurunun bir tonu üçün alış qiymətinin artırılmasına qərar verib. Artıq İmişli Şəkər Zavodu şəkər çuğundurunun bir tonunu 60 manata satın alacaq. Bundan əlavə çuğundurun şəkərlilik dərəcəsi 14 faizdən artıq olarsa, hər ton üçün əlavə 2 manat ödəniləcək və bir ton üçün maksimal ödəniş məbləği 72 manata çatdırılacaq. Əkin sahələrinin genişlənməsi və İmişli Şəkər Zavodunun istehsal həcminin artırılması üçün aparılan yenidənqurma və modernizasiya işlərinin aparılması nəticə etibarilə şəkər ixracı həcminin də artırılmasına şərait yaradacaq. Şəkər çuğundurunun əkinçiliyi və emalı həcminin artması ilə bərabər istehsal zamanı əldə edilən faydalı yan məhsulların da həcmi yüksəlib. İstehsal zamanı ölkənin ərzaq təhlükəsizliyi üçün mühüm strateji əhəmiyyət kəsb edən 25 min tondan artıq melas əldə edilib. Ölkəmizdə çörək mayasının istehsalının əsas xammalı olan melas, əgər əvvəllər ölkə xaricindən idxal edilirdisə, artıq bunu yerli xammal ilə əvəz etmək üçün münbit şərait yaradılıb. İmişli Şəkər Zavodunun istehsal potensialı həm melas, həm yanqar məhsulunun illik istehsal həcminin dəfələrlə artırılmasına şərait yaradır. Melas istehsalından həmçinin yüksək keyfiyyətli 95-96 % etanol spirt və heyvan yeminə qatqı kimi istifadə edilən vinas əldə etmək mümkündür. Daha dərin emaldan sonra yüksək zülallı, mikroelementlərlə zəngin melas qalığının yenidən yem istehsalında istifadəyə yararlı vəziyyətə gətirilməsi mümkündür. Yaxın gələcəkdə bu məhsuldan daha səmərəli istifadə üçün Melas Qurutma Stansiyasının qurulması nəzərdə tutulub və bu istiqamətdə zəruri addımlar atılır.

Azərbaycan Şəkər İstehsalat Birliyində beynəlxalq standartlar əsas götürülür

Şəkər çuğunduru emalı nəticəsində əldə olunan daha bir vacib yan məhsul isə yanqardır, çuğundurdan əldə edilmiş heyvan yemidir. Yanqar şirəli yem olaraq iri buynuzlu heyvanların süd artımında böyük rol oynayır, yüksək yağlılıq, protein dəyərinə məxsus südün əldə edilməsinə müstəsna rolu vardır. Heyvanların südvermə qabiliyyətinin artırılmasına müsbət təsir göstərən yanqarın qablaşdırıldığı bağlamada fermentasiyası həyata keçir ki, bu da fermerlərin işini daha da rahatlaşdırır. Hazırda Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən yanqar məhsulu xüsusi avadanlıqlar hesabına qablaşdırılmaqla yerli fermerlərə təqdim edilir. Əməyin təşkili və təhlükəsizliyi, habelə ətraf mühit və ekologiyanın qorunması məsələlərində "Azərsun Holdinq”ə aid digər müəssisələrdə olduğu kimi, Azərbaycan Şəkər İstehsalat Birliyində də beynəlxalq qəbul olunmuş müvafiq standartlar, ölkə qanunvericiliyi və Holdinq daxili normativ tələblər əsas götürülür.




banner

Oxşar Xəbərlər