AZE | RUS | ENG |


“AzərNeft”in ilk azərbaycanlı rəisi

“AzərNeft”in ilk azərbaycanlı rəisi
Bağırov Bakını tərk etmək üçün ona bir gün vaxt vermişdi

Bütün arxiv sənədlərindən və tədqiqat əsərlərindən belə aydın olur ki, 1920-ci ilin aprel işğalından 1955-ci ilin sonuna kimi Azərbaycanda mühüm sahələrə (xüsusən də neft üzrə) birmənalı olaraq ruslar, ermənilər və yaxud da heç milliyyəti də bəlli olmayanlar rəhbərlik edib. Nə yolunda "çalışdığımız, vuruşduğumuz Lenin babamız”, nə də "kainatın günəşi” adlandırılan Stalin "atamız” azərbaycanlılara öz vətənlərini, öz sərvətlərini etibar etməyiblər. 

Baxmayaraq ki, hər bir sahəni idarə edə biləcək, hətta yüksək Avropa təhsili görmüş mütəxəssislərimiz də olub. Burada tədqiqatçı-yazıçı Manaf Süleymanovun "Son bahara çatdıq...” adlı əsərindən bir necə cümləni  xatırladım. Müəllif yazır: "Surxay Şahsuvarov Almaniyada, Frayburq Dağ-Mədən İnstitutunda təhsilini başa vuraraq, 1925-ci ildə Bakıya gəlir və iş axtarır. İş tapa bilməyən Surxay bir gün "Azərneft”in baş geoloqu, professor Abramoviçin yanına gedir. Surxayı çox kobud qarşılayan Abramoviçin ilk sözü "ixtisasın neftlə əlaqədar deyil, sən bu sahədə işləyə bilməzsən” olur. Surxay bu dəfə "Azərneft”in baş mühəndisi Fətullabəy Rüstəmbəyovun yanına gəlir (deyilənlərə görə, Fətullabəyi "Azərneft”ə Nəriman Nərimanov çox çətinliklə təyin etdiribmiş). Fətullabəy Surxayı otağına aparır və ona bəzi mətləbləri başa salır, deyir ki, "sənin nə haqqın var, "Azərneft”də işləməyə, İvanov deyilsən, Arutyunyan deyilsən, Bauman deyilsən...”. Fətullabəy Rüstəmbəyov çox çətinliklə də olsa Surxayı Lökbatanda qazma mühəndisi vəzifəsinə düzəldə bilir”.

Belə çətin bir zamanda Süleyman Vəzirov bu "tilsim”i qıra bilir və "Azərneft”in ilk azərbaycanlı rəisi olur. Maraqlıdır, Süleyman Vəzirov kim idi ki, açılmaz qapıları açmağa qadir oldu? Doğrudan da "quyuya su tökməklə quyu sulu ola bilməz” deyimi haqq sözdür. Nəciblik, bəyzadəlik, xeyirxahlıq da belədir. İnsana genlə, qanla keçir. Vəzirovların nəcibliyi, bəyzadəliyi, xeyriyyəçiliyi Şuşada dillər əzbəri olub. Onlar bəyliyə, xanımlığa ədəb-ərkanı, ağlı-kamalı, elmi-təhsili ilə sahib olub. Mirzə Həmid bəy Vəzirov da bu nəsildən idi. Yaxşı təhsil görmüş Həmid bəy Şuşada Mirzə Həmid bəy kimi tanınırdı. Rus dilini mükəmməl bilən Mirzə Həmid bəy uzun illər Mehri polisində tərcüməçi, mülki hakim köməkçisi və mülki hakim vəzifələrində çalışıb. III dərəcəli "Müqəddəs Anna” və III dərəcəli "Müqəddəs Stanislav” ordenləri ilə təltif edilən Mirzə Həmid bəy dövlət adamı olsa da, hər zaman xalqını düşünüb. Vəzirovlara həsr edilən tədqiqat əsərlərindən belə bəlli olur ki, Mirzə Həmid bəy savadsız, köməksiz həmyerlilərinə çox vaxt təmənnasız tərcüməçilik edər və əksər işi onların xeyrinə həll etdirərmiş.

Dörd oğul, bir qız atası olan Mirzə Həmid bəy oğlanlarının dördünə də yüksək təhsil verməyə nail olur. Fərrux bəy Peterburq Dağ-Mədən İnstitutunda, Azad bəy isə Hərbi Akademiyada təhsil alır. Uzun illər hərb sahəsində çalışan Azad bəy polkovnik rütbəsinə kimi ucalır və ömrünün sonlarında Bakı qubernatorluğunda işləyir. Üç oğul, üç qız atası olan Azad bəy də atası Mirzə Həmid bəy kimi övladlarının tərbiyəsinə, təhsilinə xüsusi diqqət yetirir.              
1910-cu ildə Azad bəyin ailəsində üçüncü oğlan uşağı dünyaya gəlir. Adını Süleyman qoyurlar. Süleymanın anası Zəhra xanım da Şuşada böyük hörmətə, izzətə sahib olan, məşhur həkim Kərimbəy Mehmandarovun qızı idi. Təbii, belə bir nəslin törəməsi olan uşaq elmli, təhsilli, vətənpərvər olmalı idi. Süleyman da bacı-qardaşları kimi özünü dərk edəndən ailədə qarşılıqlı hörmət, ədəb-ərkan, təhsilə maraq gördü. Atası Azad bəy 8 yaşında onu Şuşa məktəbinə yazdırdı. Bir necə ildən sonra məktəbi qurtarıb Bakıya gəldi və Sənaye İqtisad Texnikumuna daxil oldu. Texnikumda oxuyarkən mədəndə işə başlayan Süleyman 1928-ci ildə Azərbaycan Politexnik İnstitutunun dağ-mədən fakültəsinə daxil olur və 1932-ci ildə oranı əla qiymətlərlə başa vurur. Süleymanın çətin günləri bundan sonra başlayır. Ali təhsilli mütəxəssisə "Azərneft”də iş tapılmır ki, tapılmır. Azərbaycanın qara qızılı hesabına ağ günlər yaşayan İvanovlar, Mirzoyanlar Süleymanı mədəndə heç fəhlə də görmək istəmirlər. Amma daş qayaya rast gəlmişdi. Süleyman da inadkarlığı, səbri və bacarığı ilə bu "sirli qapıları” açmağı, layiq olduğu yerdə oturmağı qarşısına məqsəd qoydu və illər sonra buna nail oldu. Uzun-uzadı get-gəldən sonra Süleyman Suraxanıda mədənlərdən birinə mühəndis təyin edilir. Bacarığı ilə onu sevməyənləri də özü ilə hesablaşmağa vadar edir. Bir necə ildən sonra Süleyman böyük mühəndis və trestin baş mühəndisi vəzifələrini icra etməyə başlayır. Neft kəşfiyyatı, təbəqələrin işlənməsi və istismarı barədə dəyərli təkliflər verən S.Vəzirovun qazdırdığı kəşfiyyat quyularının hər biri fontan vurur. İndi hər təbəqənin neftlilik hüdudunu təyin etmək və hər təbəqə üçün quyu şəbəkəsi tərtib etmək, neft və qaz ehtiyatlarını hesablamaq lazım idi. Gənc mütəxəssis S.Vəzirov bütün bunları zərgər dəqiqliyi ilə hesablayır və az məxariclə buna nail olurdu”. 1942-ci ildə Süleyman Vəzirov "Azneftkombinat”ın rəhbəri təyin edilir. Bu təyinat "Azərneft”i işğal etmiş ermənilərin, rusların ürəyincə olmadığı üçün hər hiyləyə əl atırlar. Yenə də sapı özümüzdən olan baltalar işə düşür. 1945-ci ildə Mir Cəfər Bağırov onu işdən qovaraq, 24 saat ərzində Bakını tərk etməsini əmr edir.   

Təbiətən çox inadkar olan Süleyman üz tutur Moskvaya. Keçmiş Sovet İttifaqında "bir nömrəli neftçi” kimi tanınan Süleyman Mərkəzə hələ lazım idi. Odur ki, SSRİ Nazirlər Sovetinin qərarı ilə onu ölkənin Cənub və Qərb rayonlarında neft hasilatı üzrə baş idarənin rəisi təyin edirlər.

1954-cü ildə Azərbaycan Sovet KP MK-in birinci katibi İmam Mustafayev Süleyman Vəzirovu Bakıya dəvət edərək, Azərbaycanın birinci neft sənaye naziri təyin edir. Bir zaman mədəndə adi mühəndis də işləmək imkanı olmayan Süleyman Vəzirov işgüzarlığı, inadkarlığı və bacarığı sayəsində hətta Moskva Neft Sənaye Nazirliyində də çox yüksək vəzifəni icra etməklə, bu xalqın sərvətlərinə sahib durmağa qadir oğulların olduğunu sübut edir. Dörd dəfə Lenin, altı dəfə Qırmızı Əmək Bayrağı ordenlərinə layiq görülən S.Vəzirov, Azərbaycanda neft sənayesinin inkişafına silinməz bir imza atır. 1960-70-ci illərdə ölkəmizdə çox məsul vəzifələrdə işləyən S.Vəzirov uzun sürən xəstəlikdən sonra 1973-cü ildə 63 yaşında vəfat edir.
 
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist  


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022