• cümə, 29 Mart, 19:36
  • Baku Bakı 14°C

“Azəri-Çıraq-Günəşli – 25” kitabı ictimaiyyətə təqdim olunub

16.12.19 15:36 670
“Azəri-Çıraq-Günəşli – 25” kitabı ictimaiyyətə təqdim olunub
BP və onun "Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsindəki tərəfdaşları dekabrın 16-da Azərbaycanın yeni neft dövrünün 25 illik tarixinin əsaslı tədqiqatını özündə əks etdirən kitabın təqdimatını keçirib. Kitab 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə dərc edilib və AÇG səhmdarlarının Azərbaycanın yeni tarixindəki bu əlamətdar hadisənin qeyd olunmasına töhfəsidir.
AZƏRTACxəbər verir ki, kitabın təqdimat mərasimində çıxış edən "BP Azerbaijan” şirktətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Azəri-Çıraq-Günəşli” layihəsinin əhəmiyyətindən və onun Azərbaycanın iqtisadi inkişafındakı rolundan söz açıb. Qeyd edib ki, 25 il əvvəl "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanan müqavilə sonradan "Əsrin müqaviləsi” adını alıb. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub.
B.Aslanbəyli diqqətə çatdırıb ki, bu vaxtadək AÇG yataqlar blokundan 3,6 milyard barrel neft hasil olunub. "Azəri-Çıraq-Günəşli” blokunda ilk neftin çıxarıldığı gündən ötən müddətdə həyata keçirilən kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan verib. Belə ki, son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artaraq iqtisadiyyatın bütün sahələrində böyük canlanmaya səbəb olub, yeni iş yerləri yaradılıb, respublikaya investisiya axını güclənib.
BP-nin rəsmisi kitabla bağlı fikirlərini də bölüşüb. Qeyd edib ki, jurnalist İlham Şabanın müəllifi olduğu "Azəri-Çıraq-Günəşli – 25” kitabı AÇG yataqları haqqında etibarlı informasiya mənbəyi olacaq: "Ötən 25 il ərzində AÇG haqqında məlumatlar Azərbaycanda və xaricdə dərc edilib, neft sənayesi ilə bağlı, demək olar ki, bütün nəşrlərdə öz əksini tapıb, amma ilk dəfədir ki, bu möhtəşəm uğur hekayəsinin bütün aspektləri bir kitabda toplanıb. 1994-cü ildən bu vaxtadək əldə olunmuş nailiyyətlər ölkəmiz, Azərbaycan xalqı və regiondakı digər dövlətlər, BP və AÇG müqaviləsindəki digər tərəfdaş şirkətlər üçün, layihədə işləmiş və işləməyə davam edən minlərlə yerli əməkdaş, eləcə də layihəyə cəlb edilmiş yüzlərlə Azərbaycan şirkəti üçün müstəsna əhəmiyyət kəsb edib. Bu nəşri dəstəkləməklə biz - BP və AÇG-dəki tərəfdaşlarımız həmin müqavilənin bizim həyatımızda və bütün ölkənin inkişafına gətirib çıxarmış hər bir sahədə oynadığı mühüm rolu bir daha vurğulamaq istəmişik”.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov "Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycana verdiyi töhfələrdən danışıb. Vurğulayıb ki, Azərbaycanın sosial-iqtisadi inkişafı "Əsrin müqaviləsi”nin imzalanmasından başlayıb. Həmin dövrdən etibarən Bakıda, o cümlədən respublikanın bütün regionlarında böyük dəyişikliklər baş verib, şəhər və kəndlərimiz gözəlləşib, işsizlik minimuma endirilib.
O, kitabın Azərbaycan icitimaiyyəti üçün əhəmiyyətini xüsusi qeyd edib.
Məlumat verilib ki, kitab 500 nüsxədə dərc edilib və bu nüsxələrin hamısı universitetlərə, tədqiqatçılara, kitabxanalara və biznes icmasının üzvlərinə təqdim olunacaq.
banner

Oxşar Xəbərlər