• şənbə, 20 Aprel, 12:27
  • Baku Bakı 23°C

Azəri Günel: Gərək ondan bir daha xahiş edim Müsahibə

22.01.14 10:37 3088
Azəri Günel: Gərək ondan bir daha xahiş edim Müsahibə
Xəbər verdiyimiz kimi, hər zaman Azəri qızı Günel kimi tanıdığımız, yaradıcılığını 17 ildir ki, Türkiyədə davam etdirən sevilən ifaçı bir neçə gündür Azərbaycandadır. Ötən gün müğənni “Kaspi”nin suallarını cavablandırdı. Bizimlə söhbətində ifaçı yerli mətbuatdan bir neçə istəyini dilə gətirdi. Müğənni ilk olaraq ləqəbinin bir hissəsindən imtina etdiyini xatırlatdı və sadəcə, Azəri Günel kimi çağırılmasını istədiyini bildirdi. Günel söhbət əsnasında şəxsi həyatının mətbuatda işıqlandırılmasının qəti əleyhinə olduğunu da bildirdi.
Onu da yada salaq ki, Günel mart ayında yaradıcı heyəti ilə birlikdə Azərbaycanın bölgələrinə 12 günlük konsert turuna çıxacaq. O, bölgələrdə yaşayan məcburi köçkünlər üçün konsertlər vermək niyyətindədir. İfaçı bu layihənin onun çoxdankı arzusu olduğunu, ancaq qismətin bu ilə təsadüf etdiyini dedi.
Bu işdə təmənnam yoxdur

– Niyə belə bir layihə ilə çıxış etməyi düşündünüz? Bilirik ki, bu kimi layihələrdən ifaçılar heç bir qazanc əldə etmir.

– Mənim ən böyük arzum işğal olunmuş torpaqlarımızda konsert proqramı ilə çıxış etməkdir. Qarabağlıyam və bununla hər zaman fəxr etmişəm. Hazırda torpağım işğal altındadır və bu mənə çox təsir edir. Mən Qarabağdan çıxanda beş yaşım vardı. İndi orada baş verən hər şeyi xatırlayıram. Bu layihəni gerçəkləşdirməklə düşünürəm ki, vətənindən ayrı düşmüş insanların da sevinməyə və əylənməyə haqqı var. Onların simasında kiçikcik bir təbəssüm yarada bilərəmsə, nə xoş mənə. İnşallah, bunu həyata keçirəcəm. Hər zaman bölgələrdə, məcburi köçkünlərimizə konsert verməyi arzulamışam və bunun da arzu olaraq qalmasını istəmirəm. Vətənindən ayrı düşmüş insanların qarşısında çıxış etməkdən gözəl nə ola bilər ki? Bu konsertdən heç bir maddi qazanc güdmürəm. Bunu təmənnasız olaraq edəcəm. İnanıram ki, hər şey gözəl olacaq.
- Konsert verəcəyiniz barədə bölgələrin müvafiq nümayəndələri xəbərdardırlarmı?

– Təbii ki, məlumatlıdırlar. Hamısı da bizə öz qapılarını açıb. Söyləyiblər ki, ürəyiniz necə istəyir, elə də konsert verin.
– Bəziləri hesab edir ki, sizin bundan öncə Azərbaycanda verdiyiniz konsert elə də uğurlu alınmamışdı. Budəfəki konsertdən nələr gözləyirsiniz?

– Mən düşünmürəm ki, Heydər Əliyev Sarayında verdiyim konsert uğursuz alınmışdı. Həmin konsert mənim istədiyim kimi olmuşdu. Lakin tamaşaçılar az olduğundan bəzi xoşagəlməz sözlər söylənilib. Mən belə şeyləri xoşlamıram. Budəfəki konsertim isə tamam başqa olacaq.
Onları oxumaq istəmirəm

– Mətbuatda Rza Zərrabın həbs olunması xəbərlərinə sizin sevindiyinizi eşitdik. Bu xəbər doğrudurmu?

– Sizdən xahiş edirəm ki, mənim özəl həyatımı mediada sərgiləməyəsiniz. Kimsənin adını hallandırıb onu reklam etmək istəmirəm. Sənətçilərin həyatı özünə məxsusdur. Əgər maraqlanırsınızsa, bilin ki, xoşbəxtəm və 17 ildir ki, Azərbaycanımı hər yerdə layiqincə təmsil etməyə çalışıram.
– Uzun müddətdir ki, ifanızda yeni mahnılar eşitmirik. Son illərdə heç bir mahnınız hitə çevrilməyib.

– Hazırda yeni mahnı axtarışındayam. Hələ tamaşaçılara təqdim etmədiyim mahnılarım var, ancaq istəyirəm ki, ifa edən kimi həmin mahnı “partlasın”. İnanın ki, studiyada 10 mahnı məni gözləyir. Mahnıların hamısı demək olar ki, hazırdır. Amma nədənsə o mahnıları oxumaq istəmirəm.
– Qardaşınız Tunar demək olar ki, əksər müğənnilərə mahnı yazıb və həmin mahnılar hitə çevrilib. Bəlkə hitə çevriləcək mahnını başqasından gözləməyəsiniz?..

– (Gülür) Bəli, ondan xahiş etmişəm ki, mənə insanların qəlbini fəth edə biləcək mahnı yazsın. O, çox müğənniyə mahnı yazıb və həmin mahnılar da sözün əsl mənasında “partlayıb”. Gərək ondan bir daha xahiş edim. İndi Tunar yeni mahnı yazdırıb. İnşallah, Allahın köməkliyi ilə, inanıram ki, o mahnı da hitə çevriləcək. Qardaşımla və bir neçə ifaçı bərabər duet oxuyacam. İndi onların ismini çəkmək istəmirəm. Yaxın zamanda yeni albomum işıq üzü görəcək. İstəyirəm ki, bir albomda iki hit mahnı yer alsın.
Qoy, ermənilər də eşitsin

– Sizin Türkiyədə şou-proqramlara necə qatılmağınız barədə mətbuatda xəbərlər yayılmışdı. Deyilirdi ki, bir proqrama 8 minə gedirsiniz...

– Açığını desəm, mən Türkiyə şou-proqramlarına qatılmıram. Sizin səsləndirdiyiniz qiymət isə mənim Yeni il gecəsi getdiyim tədbirlərin qiymətidir. Heç vaxt mətbuata getdiyim tədbirlərin qonorarı ilə bağlı heç nə danışmamışam. Bu işi menecerlər edir. Bəzi müğənnilər kimi heç zaman efirə çıxıb demərəm ki, verilişlərə və ya toylara bu qiymətə gedirəm. Elə bir şey heç zaman ola bilməz. Bu professionallıq deyil. Türkiyədə məni şou-proqramlara çox dəvət edirlər, ancaq o verilişlərə getmirəm. Dəvət gəldiyi an onlara söyləyirəm ki, mən efirə çıxıb nədən danışacağam? Hələ yeni albomum işıq üzü görməyib, yeni klipim yoxdur. Əgər albomum çıxsa, verilişə gəlib onun haqqında danışaram. İnşallah, bu layihə bitdikdən sonra gedib bu barədə Türkiyədə də danışacam ki, hər kəs bilsin. Bu konsertdə də “Sarı gəlin” mahnısını oxuyacam ki, qoy ermənilər də eşitsin.
– Sizcə, yaradıcılığınızı Azərbaycanda davam etdirsəydiniz, hazırda hansı müğənnilərlə bir cərgədə olardınız?

– Mənim sənətim var. Bir ifaçı üçün ən əsası səsdir ki, o da məndə artıqlaması ilə var. İndi sizə kimisə misal çəkib, deyə bilmərəm ki, yaradıcılığımı burada davam etdirsəydim, filan müğənninin səviyyəsində olardım. Heç kimin yerində də gözüm yoxdur. Hərənin öz dəst-xətti, öz yolu var. Mənim də hər kəsdən fərqli bir üslubum var. Yaradıcılığımı burada davam etdirsəydim, bəlkə də Günel Zeynalova kimi tanınardım. Düşünürəm ki, bu Allahın qisməti, alın yazım idi ki, qismətimə yazılan taleyi yaşayıram.
- Uzun müddətdir ki, nişanlısınız. Toy nə vaxtdır?

– Toy uzanır, etmək istədiyim çox şey var. Onları etmək mənim çox vaxtımı aparacaq. Növbədə albomum, yeniliklərim var. Başım buna qarışıb. Toy işlərinə başlasam, bütün yaradıcılıq işlərim qalacaq. Buna görə nişanlım da məndən inciyir. Amma söz vermişəm, hər şeyi tezliklə onun ürəyincə edəcəm. İnşallah, yaxın zamanlarda olacaq. Gözləyin!..
Böyümüşəm

– Türkiyədə yaşayırsınız, az-çox oranın şou-biznesindən xəbərdarsınız. Bizim Türkiyədə fəaliyyət göstərən müğənnilərimiz sevilirmi, yoxsa elə gəlib oxuyub gedirlər?

– Bu söhbətlərdən çox yorulmuşam. Sizə sadəcə bunu deyə bilərəm ki, Türkiyədə görüşdüyüm tək müğənni İradə İbrahimovadır. Onu çox istəyirəm və ifasını da bəyənirəm. Hazırda İradə gözəl bir albom hazırlayır. Allah qoysa, albom hazır olduqdan sonra qarşınızda fərqli bir İradə görəcəksiniz. Mən buna çox sevinirəm. İstəyirəm bir bir şeylər eləsin ki, türklər də belə ifaçı olduğunu görsünlər.
– Bəs başqaları ilə nə üçün danışmırsınız? Axı onlar da azərbaycanlıdırlar...

– Bilirsiniz nə üçün danışmıram? Mənim qəlbim təmizdir deyə ürəyim istəyir ki, hər kəsə kömək edim. Ancaq bunu başqa cür başa düşürlər, elə bilirlər ki, mən reklam qazanıram və ya ağlımda başqa bir şey var. Hər kəs belə düşünür deyə, ona görə deyirəm ki, belə şeylər artıq mənlik deyil.
– Bir vaxtlar Aygün Kazımova ilə Röyanı barışdırmaq istəyirdiniz. İndi nə oldu?

– İndi artıq o mövzulara da girmirəm (gülür). Mən Günel Azəri artıq bu kimi işlərə girişməyəcəm.
– 17 ildir ki, sənətdəsiniz. Bu 17 ildə ən çox dəyişən nə olub: Günelin xarici, yoxsa daxili?

– 17 ildə insanları daha yaxşı tanımağa başladım. Onların mənə qarşı olan fikirlərini yadırğamadan aydınlaşdırmağı bacardım ki, filanks məni nəyə görə düşünür. Böyümüşəm.
– Ötən il söyləmişdiniz ki, azərbaycanlı jurnalistlərdən incimisiniz. İndi sizi danışmağa nə məcbur etdi?

– Bəli, o vaxt sizdən küsmüşdüm. Ancaq ürəyim təmizdir, heç kimdən küsə bilmirəm. Sözü deyirəm, sonra da unuduram. Burada heç nə adama elə də qəribə gəlmir. Ancaq Türkiyədə yolda bir azərbaycanlı görəndə onu evimizə dəvət edirəm. O insan mənə o qədər əziz, doğma gəlir ki, sözlə ifadə edə bilmirəm. Siz bizim özümüzünküsünüz.
– Günel xanım, bəs, sosial şəbəkələrdə necə, aktivsinizmi?

– Bəli. Ən çox İnstagramda oluram. Bəzi özünü bilməyən, qara fikirli insanlar sosial şəbəkələrdə haqqımda lazımsız sözlər işlədirlər ki, onlara cavab verirəm. Mənə elə gəlir ki, elə insanların cavabını zamanında vermək lazımdır. O, yaxşı əlamətdir. Sonra peşman olmaqdansa, elə səhifəmdə onları yerində oturtmağım yaxşıdır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər