• şənbə, 20 Aprel, 14:58
  • Baku Bakı 23°C

Azərbaycanlının “qaraladığı” antirekordçu - Portret

28.04.18 09:15 1707
Azərbaycanlının “qaraladığı” antirekordçu - Portret
Bütün futbol azarkeşləri bu il Rusiyada keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyirlər. Lakin heç bir futbol fanatı bu mundialı rus azarkeşlər qədər arzulaya bilməz. Rusiya futbol həvəskarları keçmiş günlərinin həsrətindədir. SSRİ dağıldıqdan sonra bu nəhəng imperiyanın əsas ölkəsi olan Rusiya adıçəkilən ölkənin futbol sahəsindəki uğurlarını da mənimsədi. SSRİ millisinin vaxtilə qazandığı uğurlarda rus futbolçularla yanaşı, ukraynalı, gürcü və digər millətlərin nümayəndələrinin də böyük rolu var idi. Lakin ittifaqın ən böyük ölkəsi kimi Rusiya bu uğurların özlərinə şamil edilməsi qərarına gəldi. Hazırda SSRİ millisinin beynəlxalq arenada qazandığı uğurlar rəsmi olmasa da, qeyri-rəsmi şəkildə Rusiya yığmasına hesablanır. Lakin şimal qonşumuz hələ ki, özünü sovetlərin xələfi kimi sübut edə bilməyib. SSRİ yığması qatıldığı böyük turnirlərdə adətən qrup mərhələsini adlayır, hətta bəzən iddialı seçmələrə badalaq vuraraq yoluna sədd də çəkirdi. Rusiya yığması isə bu günə kimi qatıldığı 3 mundialın heç birində (1994, 2002, 2014) uğur qazana bilməyib. Şimal qonşumuz hər 3 halda mübarizəni qrup mərhələsində başa vurub.
Bu cəhətdən bu il Rusiyada keçiriləcək mundial bu ölkə üçün əsl sınaq xarakteri daşıyacaq. Ruslar doğma meydanda keçirilən dünya çempionatında Misir, Səudiyyə Ərəbistanı və Uruqvayla mübarizədə ən azı qrup mərhələsini keçməklə, təkcə xokkey yox, həm də futbol ölkəsi olduğunu sübut etməli, həmçinin SSRİ-nin xələfi adına layiq olduğunu isbatlamalıdır.

Ancaq hazırkı Rusiya millisində bu ağır yükün altına girəcək futbolçu çox azdı. Xüsusən rusların hücum xətti ulduz sarıdan korluq çəkir. İrəli xətdə yüksək səviyyəli futbolçu qıtlığından əziyyət çəkən millilərdə isə diqqət daha çox arxa xəttə yönəlir. Rusiya millisində də həmçinin. Bu gün şimal qonşumuzun heyətində ən diqqətçəkən sima qapıçı İqor Akinfeyevdir. Bu yazıda sizə DÇ-2018-in ev sahiblərinin kapitanı, "hərbçi” Akinfeyevin karyerasından bəhs edəcəyik.


4 yaşından "hərbçi”

İqor Akinfeyev 1986-cı il aprelin 8-də Moskva vilayətinin Vidnoe şəhərində dünyaya gəlib. Onun futbolla tanışlığı çox erkən - cəmi 4 yaşında olub. Atası Vladimir oğlunu ÇSKA-nın futbol məktəbinə yazdırır. Beləcə, 4 yaşlı İqorun futbol həyatı başlayır. Onun ilk məşqçisi Dezideriy Kovaç olur. Futbol məktəbində 4 yaşlı uşaqlar üçün qrup olmadığından, İqor özündən bir neçə yaş böyüklərlə məşq etməyə başlayır. O ki qaldı mövqe, bu, onun öz seçimi olub. "Spartak”ın qapıçısı Stanislav Çerçesovun pərəstişkarı olan azyaşlı, onun kimi qolkiper olmaq həvəsinə düşür və artıq ikinci məşqində "çərçivə”yə keçir. Maraqlıdır ki, Akifeyev bir çox uşaqdan fərqli olaraq, kiçik yaşlarında tez-tez komanda dəyişmir. Məşqlərə eyni tempdə davam edən İqor, pillə-pillə bütün yaş qruplarını keçir. Sabit çıxış gec-tez, əsas komandanın qapılarını gənc qolkiperin üzünə açmalı idi, açır da.

Azərbaycanlını əvəzləyərək gerçəkləşən debüt

O, 2003-cü ildə İsrailə təlim-məşq toplanışına yollanan ÇSKA-nın əsas komandasına daxil edilir. İlk vaxtlardan artıq onu Veniakin Mandrıkinin əsas əvəzləyicisi kimi görməyə başlayırlar. "Hərbçilər”in heyətində debütü isə 2003-cü il martın 29-na təsadüf edir. Akinfeyev Rusiya kubokunun 1/8 final mərhələsində "Zenit”lə qarşılaşmanın ikinci hissəsində meydana çıxır. O, həmin vaxt "hərbçilər”in şərəfini qoruyan millimizin sabiq qolkiperi Dmitri Kramarenkonu əvəz edir. Akinfeyev ÇSKA-nın əsas komandasında debüt edərkən heç 17 yaşı tamam olmamışdı. Bundan cəmi 2 ay sonra isə İqorun Premyer Liqada debütü alınır. O, "Krılya Sovetov”la matçda bir penalti dəf edir və matçın ən yaxşı oyunçusu seçilir. Elə həmin ildə gənc qolkiper avrokuboklarda da debüt edir. UEFA kubokunda Makedoniya "Vardar”ı ilə matçdakı debüt Akinfeyev üçün uğursuz alınır. Moskva təmsilçisi 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırır. Ancaq Rusiya futbolunun əfsanəvi qapıçılarından Rinat Dasayev buraxılan qollarda İqoru günahkar saymır.


Cavadovun "qaraladığı” qapıçı

2004-cü ildə isə Akifeyev artıq ÇSKA-nın əsas üzvünə çevrilir. Onun Çempionlar Liqasında debütü isə Bakıya təsadüf edir. 2004-cü il iyulun 27-də, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi” ilə matç gənc İqorun qitənin ən nüfuzlu klub turnirində ilk qarşılaşması olur. Akinfeyev paytaxtımızdakı debütündə qol buraxmır - 0:0.

Ancaq bu, İqorun Bakıya son səfəri olmur. Belə ki, o, bundan sonra daha iki dəfə - 2009 və 2013-cü illərdə paytaxtımıza gəlir. Bu dəfə Rusiya millisinin heyətində. Lakin Bakıya ilk səfərindən fərqli olaraq, İqor sonrakı səfərlərində qapısında qol görür. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən hər iki oyun 1:1 hesablı bərabərliklə başa çatır. Maraqlıdır ki, Akinfeyevin qapısından hər iki qolu onun özü kimi ÇSKA-nın yetirməsi olmuş Vaqif Cavadov keçirir.

Addım-addım rekorda doğru

Millidən söz düşmüşkən, İqor Rusiya millisində də çox erkən - 18 yaşında debüt edib. Akinfeyev yığmanın "çərçivə”sində ilk oyununu Norveçə qarşı keçirib (2:3). 32 yaşlı qolkiper geridə qalan 14 il ərzində 104 oyunda yığmanın formasını geyinib.

Bu illər ərzində onun yığma ilə bağlı heç də xoş olmayan xatirələri də var. Belə ki, 2015-ci ildə AÇ-2016-nın seçmə mərhələsinin Çernoqoriya ilə səfər matçında azarkeşlərin atdığı petarda qolkiperin başına dəymiş, İqor xəstəxanaya yerləşdirilmişdi. Xoşbəxtlikdən istedadlı qapıçı ciddi xəsarət almamışdı.
O, millinin kapitanıdır. İqor hər keçən gün millidə oyun sayına görə rekordçu olmağa bir az da yaxınlaşır. Hazırda Rusiya millisinin bu cəhətdən rekordçusu Sergey İqnaşeviçdir (120 oyun). Yeri gəlmişkən, hazırda Akinfeyev üçün yığmada çıxış etmək ikiqat şərəfli olmalıdır. Axı hazırda Rusiya millisini İqorun uşaqlıq kumiri Stanislav Çerçesov çalışdırır...

Antirekordçu

Akinfeyev artıq 28 ildir ki, ÇSKA-nın üzvüdür. Onun "hərbçi” həyatı cəmi 4 yaşından başlayıb. Bu illər ərzində heç vaxt dəyişiklik etmək, başqa kluba üz tutmaq barədə düşünmür. Akinfeyev bu illər ərzində ÇSKA ilə bir çox uğurlar qazanıb. Onun kolleksiyasında 6 Premyer Liqa, 6 ölkə kuboku və 6 ölkə superkubokunun qızıl medalları var. Şəxsi kolleksiyasındakı ən dəyərli mükafat isə şübhəsiz, 2004-cü ildəki UEFA kubokunun qızıl medalıdır.

Lakin hər bir idmançıda olduğu kimi, İqorun da uğursuz dövrləri olub. Akinfeyevin ən böyük uğursuzluğu isə Çempionlar Liqası ilə bağlıdır. Daha doğrusu, buna uğursuzluqdan daha çox, bəxtsizlik də demək olar. Belə ki, Akinfeyev ÇL-də ən uzun müddət qol buraxan qapıçıdır. O, nə az, nə çox, düz 43 matçda ardıcıl qol buraxmaqla, bu sahədə yeni antirekord müəyyənləşdirib.
Xaç atası

Akinfeyevin sevimli qrupu "Ruki Verx”dir. İqor bu qrupun mahnılarını dinləyərək böyüyüb. Taleyin işinə bax ki, o, sonradan bu qrupun solisti Sergey Jukovla yaxın dost olur. Onlar birlikdə "Letniy veçer” mahnısını da yazırlar. Akinfeyev "Ruki Verx”in "Otkroy mne dver” klipində də yer alıb. İqor 2009-cu ildə Jukovun oğlunun xaç atası olub. Akinfeyev kitab da yazıb. O, "Oxuculardan 100 penalti” kitabının müəllifidir. İqor Yekateria Qerunla evlidir. Cütlüyün Danil adında bir oğlu və Yevgeniya adında bir qızı var. Qolkiper ali təhsillidir. O, 2008-ci ildə Moskva Dövlət Akademiyasının bədən tərbiyəsi fakültəsini bitirib.
İqorun uşaqlıq kumiri Rusiyada Çerçesov, xaricdə isə "Valensiya” və İspaniya millisinin sabiq qapıçısı Santyaqo Kanisares olub.

Portret

Çoxları Akinfeyevi ÇL-in antirekordçusu kimi xatırlayır. Ancaq fərqli düşünən, onun oyununu yüksək dəyərləndirənlər də var. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası 21-ci əsrin ən yaxşı qolkiperləri siyahısında ona ilk "20-lik”də (15-ci yer) yer verib. "Qapıçı komandanın yarısıdır” - bu ifadə futbolda ən çox yayılmış terminlərdəndir. Ruslar bunu daha yaxşı anlayar. Axı bu ölkə, Lev Yaşın, Renat Dasayev kimi əfsanəvi qolkiperlər yetişdirib. Düzü, bu cür əfsanələrin çıxış etdiyi ölkədə yaddaşlarda qalmaq çox çətindir. Lakin Akinfeyevin bunun üçün yaxşı şansı var - DÇ-2018. İqor mundialda təkcə yığanın qapısını yox, həm də, ölkə futbolunun nüfuzunu qoruyacaq. O, Rusiyada keçiriləcək dördilliyin ən möhtəşəm futbol turnirində uğura ac millini irəli aparmaqla, ölkə futbol tarixində özünəməxsus yer tutmalıdır. Bax, onda bəlkə, gələcəkdə Yaşin, Dasayevlə yanaşı, Akinfeyev soyadını da eşidəcəyik...
Elnur

banner

Oxşar Xəbərlər