• cümə, 19 Aprel, 22:18
  • Baku Bakı 24°C

Azərbaycanlıların Soyqırımı günlərində Quba məzarlığında abidə ucaldılacaq

12.02.18 14:40 935
Azərbaycanlıların Soyqırımı günlərində Quba məzarlığında abidə ucaldılacaq
"Prezidentİlham Əliyevin "1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən Quba Memorial Kompleksində yenidənqurma tədbirləri davam etdirilir. Həmin məqsədlə Quba Soyqrımı Memorial Kompleksində yaranmış vəziyyətin araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin 5 iyun 2016-cı il tarixli sərəncamı ilə təşkil olunmuş Komissiyasının hazırlayıb təqdim etdiyi təkliflər əsasında artıq bir sıra mühüm tədbirlər həyata keçirilib".
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli deyib.
"İlk növbədə onu qeyd etmək istərdim ki, vaxtilə erməni təcavüzkarları tərəfindən vəhşicəsinə qətlə yetirilərək qeyri-insani şəkildə toplu məzarlara doldurulmuş tarixi məzarlıqda müəyyən yenidənqurma işləri aparılıb, azərbaycanlılarla yanaşı, digər millətlərə də aid olan buradakı insan sümükləri milli və dini adətlərə uyğun olaraq torpağa basdırılıb, qorunmaq üçün məzarlığın üstü örtülüb.
Hazırda Quba məzarlığı ətrafında müəyyən abadlıq işləri aparılmaqdadır.
Bundan başqa, Quba məzarlığına 1918-ci ilin qanlı hadisələrini əks etdirən Memorial lövhə vurulması və burada rəmzi abidənin ucaldılması da nəzərdə tutulur. Müvafiq təşkilatlar memorial lövhənin və rəmzi abidənin hazırlanması üzərində iş aparırlar. Bu işlərin mart ayının əvvəllərinədək başa çatdırılması planlaşdırılır.
Azərbaycanlıların Soyqırımı günlərində Quba məzarlığında abidənin ucaldılması və Memorial lövhənin vurulması rəsmi mərasimlə həyata keçiriləcək. Mərasimdə dövlət nümayəndələrinin və geniş ictimaiyyətin, din xadimlərinin iştirakı nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası həmin günlərdə Quba Soyqırımı Memorial Kompleksində Azərbaycanlıların soyqırımına həsr olunmuş beynəlxalq elmi konfrans keçirmək üçün ciddi hazırlıq işləri aparır. Beynəlxalq elmi konfransda Azərbaycan alimləri ilə yanaşı, xarici ölkələrdən dəvət olunmuş nüfuzlu elm adamları da məruzələrlə çıxış edəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Quba hadisələri ilə bağlı olan Qusar hadisələrinə də həsr edilmiş geniş elmi konfrans keçirəcək", - deyə İ. Həbibbəyli qeyd edib.
banner

Oxşar Xəbərlər