Azərbaycanlıların kürdəmirli saydıqları sudanlı - Əcnəbi
Sudan vətəndaşıdır,
4 ildir ki, təhsil üçün ölkəmizdədir. Bu müddətdə təhsil almaqla kifayətlənməyib,
həm də milli mətbəximizə məxsus yeməkləri bişirməyi öyrənib. Hətta ailə qurmaq
üçün sevib-seçdiyi xanım da azərbaycanlıdır. Anası ölkələrinə çağırsa da, gələcəkdə
Azərbaycanda qalıb işləmək istəyən müsahibimiz Sudan vətəndaşı, 24 yaşlı Osman
Muhammeddir. O, hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat
fakültəsində inşaat mühəndisliyi ixtisasında təhsil alır.
Qardaşı
Azərbaycanda təhsil alıb, sonra Osman da xaricdə oxumaq fikrinə düşəndə, ona
bura gəlməyi məsləhət görüb: "7 il əvvəl qardaşım Azərbaycanda təhsil alıb,
hazırda o, Amerikada işləyir. Mən də inşaat sahəsində təhsil almaq istəyirdim,
qardaşım mənə buranı məsləhət gördü. Dedi təhsil də yaxşıdır, insanları da
qonaqpərvərdir. Məndən sonra bacılarım da təhsil üçün bura gəldilər, onlar da
Tibb Universitetində oxuyurlar. Biri ümumi cərrahiyyə, o biri də stomatologiya
üzrə təhsil alır. Təəssüf ki, qardaşım burda oxumağa gələnə qədər Azərbaycan
haqqında məlumatım yox idi. O, təhsil almağa gələndən sonra ölkənizlə
tanışlığım yarandı. İndi Azərbaycan mənim ikinci ölkəm kimidir, burda qalmaq,
yaşamaq, işləmək istəyirəm”.
"Elə bilirlər
ki, Azərbaycan dilində başa düşmürəm”
Dərs və
imtahanlarının qaydasında olduğunu deyən Osman, artıq Azərbaycan dilində də
danışmağı bacarır: "Təhsildə xarici tələbələrə kömək olur. Tək universitet rəhbərliyi
deyil, tələbələr də xaricdən təhsil almağa gələnlər üçün əllərindən gələni
edirlər. Universitetdən əvvəl bir il hazırlıq fakültəsində oxudum, Azərbaycan
dilini az-maz öyrəndim. Qalanını da ünsiyyətdə olduqca öyrənirəm. Amma qardaşım
heç hazırlıq da keçmədi, elə küçədə insanlarla danışa-danışa Azərbaycan dilini
öyrənmişdi”.
Öz ölkəsinin
insanları ilə azərbaycanlılar arasında yeganə fərqin dərinin rəngi olduğunu
deyir: "Azərbaycanlılar işləməyi sevirlər, səhər tezdən durub işə həvəslə
gedirlər, tənbəllik yoxdur, hamı nəsə etmək üçün çalışır. Bizdə də belədir,
insanlarımız arasında elə böyük fərq görmürəm, bircə dəri rəngidir, o da bizdə
havalar isti olduğuna görədir. Burda da mənə qarşı elə bir fərq qoymurlar, nə
isə bir istəyim olanda ətrafdakıların onu yerinə yetirmək üçün çalışdıqlarını
hiss edirəm. Dərimin rənginə görə zarafatla deyirlər ki, Kürdəmirdən gəlmisən?
"Qara oğlan” deyənlər də var. Mən bu şeylərə çox fikir vermirəm, ona görə elə də
pis təsir etmir. Hərdən dəniz qırağında oturanda gəlib "aaa, qara oğlan orda
oturub” deyirlər. Belə olanda bir az hirslənirəm, elə bilirlər ki, Azərbaycan
dilində başa düşmürəm, ona görə deyirlər. Amma belə, ümumilikdə bu tipli
reaksiyalar çox da pis təsir etmir”.
"Özüm
hazırlamasam, acından ölərəm”
Azərbaycanda
yaşadığı üçün nəinki buranın mətbəxinə məxsus yeməkləri yeyir, hətta hamısını
özü bişirir: "Demək olar ki, ancaq Azərbaycan mətbəxinə məxsus yeməkləri yeyirəm.
Mətbəximizdə də müəyyən oxşarlıqlar var. Qara dolmanı sevirəm, sizdə yarpaq
dolması deyirlər. Bu yemək bizim mətbəximizdə də var. Plov, kabab, xaş xoşuma gəlir.
Çox yeməyinizi yeyirəm və bişirirəm. Sadəcə olaraq, adları çətin olduğu üçün
yadımda qalmaya bilər. Yeməyimi də özüm hazırlayıram. Çünki onları mənim üçün
edən adam yoxdur. Özüm hazırlamasam, acından ölərəm (gülür). Müvəqqəti gəlməmişəm,
4 ili birtəhər idarə etmək olmur, ona görə özüm mətbəxə keçdim. Birinci dəfə "skype”la
anamla danışdım, o, mənə dolma bişirməyi öyrətdi. Sonra digərlərini də
yavaş-yavaş öyrəndim. Amma vaxt apardığı üçün yemək bişirməyi çox da sevmirəm”.
"Valideynləri
ilə də tanış olmuşuq, məni çox sevirlər”
Osmanın
sevgilisi Zeynəb də azərbaycanlıdır. Deyir ki, universiteti bitirəndən sonra
ailə quracaqlar: "3 ildir ki, sevgiliyik. O, ingilis dilində danışır, ona görə
ünsiyyət qurmaq problem olmur. Milliyət fərqi də yola getmək cəhətdən münasibət
qurmağımıza təsir etmir. Ailə qurandan sonra mən də burda qala bilərəm, onun da
mənimlə Sudana getməklə bağlı bir etirazı yoxdur. Valideynləri ilə də tanış olmuşuq,
məni çox sevirlər (gülür). Universiteti bitirəndən sonra evlənməyi düşünürük”.
Müsahibimiz
deyir ki, Azərbaycanda yolda qıza yaxınlaşıb nömrə almaq məsələsi bir az çətindir:
"Azərbaycanda yoldan keçən qıza yaxınlaşıb tanış olmaq, nömrə almaq istəyənlərə
qarşı reaksiya yaxşı olmur. Amma Sudanda bu kimi şeylər çox da sərt
qarşılanmır. Təbii ki, biz hansı ölkəyə gediriksə, onların qayda-qanunlarına,
adət-ənənələrinə hörmət etməliyik. Bu balansı da qorumağa çalışırıq”.
"Bircə
toylarınızda rəqs edə bilmirəm”
Osman Azərbaycanda
olduğu müddətdə müxtəlif bölgələrimizə də gedib: "Qəbələ, Quba, Şamaxı,
Sumqayıt, Şəki və s. yerlərdə olmuşam. Burda sudanlı iki oğlan tələbə dostum
var, onlarla gedib gəzirik. Ümumi götürəndə mənim şəhər yox, kənd daha çox xoşuma
gəlir. Şəhərdə səs-küy, maşın çox olur, amma sakit yer daha yaxşıdır, bu cəhətdən,
seçimim kənd yerləridir”.
Müsahibimizin
adət-ənənələrimizlə də müəyyən qədər tanışlığı var: "Novruz bayramı haqqında məlumatım
var. Tonqal qalamaq yadımdadır. Bayramda bizim məhəllədə də tonqal
qalamışdılar, mən də iki dəfə üstündən atlandım. Bununla pisliklərin getdiyini
deyirlər. Maraqlı adətdir, mən də azərbaycanlılara qoşulub edirəm. Bu bayramda
bişirilən şəkərbura və paxlavanın da dadına baxmışam, qəşəng olur. Toylara da dəvət
edirlər, toy adətlərinizdən də müəyyən qədər məlumatım var. Bircə toylarınızda
rəqs edə bilmirəm. Toyda dostlar çağırırlar ki, rəqs edim, öyrədirlər də, amma
nəsə bu alınmır. Musiqi fərqimiz var deyə, yəqin ki, buna tam öyrəşə bilmirəm.
Alışdığım rəqs növü əvvəldən başqa olub”.
"...çıxaran
adamı bəy döyməlidir”
Əcnəbi tələbə
deyir ki, toy adətləri fərqlidir: "Məsələn, bizdə toyda belə bir adət var ki, bəyin
pencəyini, ya köynəyini çıxarmağa çalışanlar olur, bunu çıxaran adamı bəy döyməlidir.
Bununla o, güclü olduğunu bir növ simvolizə edir. Belə çox detallar deyə bilməsəm
də, toy adətimiz fərqlidir. Mənim sevgilim azərbaycanlı olduğu üçün toyu hansı
adətlərə uyğun edəcəyimi indidən deyə bilmirəm. Təbii ki birinci xanımın
fikrini öyrənəcəyəm, hansını istəsə, o cür də edərik. Bunun mənim üçün əslində,
elə bir problemi yoxdur. Əgər Azərbaycan toyu etsək, ora öz musiqimizi də əlavə
edəcəyəm. Çünki mən əsasən, o musiqilərə rəqs edirəm”.
Osman
ölkəmizdə bəyənmədiyi, narazı qaldığı nə isə olmadığını da dedi: "Dərslərimi
oxuyuram, imtahanları verirəm. Boş vaxtım olanda dostlarla domino oynayıram, Fəvvarələr
meydanında gəzirəm, sosial şəbəkədə yazışıram. Burda qonaq da dəvət edirlər.
Bir dostum var, onun anası məni tez-tez dəvət edir, bizə dadlı yeməklər bişirir.
Düzdür, özüm də bişirirəm, amma onun yeməkləri çox dadlı olur”.
"Burda
qalacam yəqin ki”
Müsahibimiz
deyir ki, anası darıxdığı üçün oğlunun Omanda çalışmasını istəyir, amma o, Azərbaycanda qalmaq
fikrindədir: "Ana mənim üçün darıxır, deyir ki, universiteti bitirən kimi qayıt
gəl, burda işlə. 4 ildir ki, məni görmür, ona görə darıxır. Yol da uzaqdır, xərc
aparır. Ona görə təhsil müddətində burda qalmağın daha
yaxşı olduğunu düşündüm. Əgər bu dövrdə kişi olmaq istəyirsənsə, ailəni tərk
etməli, öz ayaqların üstündə durmağı bacarmalısan, işin olmalı, pul
qazanmalısan. Ona görə, burda qalacam yəqin ki. Amma bacılarım təhsillərini
alıb qayıdacaqlar”.
Aygün
Asimqızı