AZE | RUS | ENG |


Azərbaycanlıların birliyi dövlətimizin qüdrətindən xəbər verir

Azərbaycanlıların birliyi dövlətimizin qüdrətindən xəbər verir
Müəyyən səbəblər üzündən dünyanın bir çox yerlərinə səpələnmiş Azərbaycan xalqının həmrəyliyi məsələsi tarixi proseslərin doğurduğu məntiqi nəticədiR. Dünyada 50 milyondan çox azərbaycanlı yaşamaqdadır. Bu böyük qüvvəni bir amal ətrafında birləşdirmək yalnız müdrik bir liderə nəsib olan hadisə idi. Bu mənada tarixi proseslərə düzgün qiymət verən və əsrin dili ilə danışmağı bacaran bu qüdrətli şəxsiyyət ümummilli lider Heydər Əliyev idi. "XXI əsrin astanasında dünya azərbaycanlılarının həmrəyliyinə daha böyük ehtiyac vardır”, – deyən ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmaq təşəbbüsü ilə çıxış edərək özünü bir daha qüdrətli bir strateq kimi təsdiq etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilən ulu öndər Heydər Əliyev 1989-cu il dekabrın 31-də Naxçıvan əhalisinin Arazboyu ayırıcı sərhədləri yıxıb birlik, həmrəylik nümayiş etdirmələri hadisəsini böyük bir ideyanın başlanğıc günü olaraq qiymətləndirdi və 1991-ci il dekabrın 16-da sərəncam imzalayaraq 31 dekabrı "Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü” kimi təsis etdi.
 
Ümumiyyətlə, belə bir tarixi əhəmiyyətli günün qeyd edilməsi nə vəd edirdi? Ulu öndərimizin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir. Bu yüksək ideyaların birləşdirici dəyərlər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin yaşadılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin müqəddəs amalı idi”. Demək ki, bu ideya hər şeydən əvvəl harada yaşamasından aslı olmayaraq azərbaycanlıların fəallaşması, bir vətən və ideya, məfkurə ətrafında birləşməsinə xidmət edirdi. Bu ideya hər bir azərbaycanlını, 50 milyonluq nəhəng xalqı milli məfkurə ətrafında birləşdirmək üçün möhtəşəm addım idi. Bu ideya XX əsrdə müasir Azərbaycanın memarı və qurucusu  ulu öndər Heydər Əliyevin ən böyük zəfərlərindən biri idi.
 
Dünya azərbaycanlılarının birlik və həmrəyliyinin ideya mərkəzində milli məfkurə, azərbaycançılıq ideologiyası dayanır. Ümummilli lider Heydər Əliyev demişdir: "Vətəndən, ana torpaqdan şirin şey yoxdur. Siz düşünməyin, Azərbaycan sizə nə etməlidir? Düşünün ki, siz Azərbaycan üçün nə etməlisiniz. Şərt odur ki, insan milləti, vətəni, torpağı üçün nə edib?”.
 
Bu sahədə təşkilatçılıq işini gücləndirən ümummilli lider 2001-ci il  mayın  23-də dünya azərbaycanlılarının I qurultayının keçirilməsi barədə sərəncam imzalamış, müxtəlif ölkələrdən qatılan 600-dən çox nümayəndənin və çoxsaylı qonaqların iştirakı ilə 9-10 noyabrda Bakıda ilk möhtəşəm qurultay keçirilmişdi. Ümummilli liderimizin növbəti 2002-ci il 5 iyul tarixli  sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, dövlət-diaspor əlaqələrinin sıxlaşması üçün münbit ideya-nəzəri və təşkilati zəmin hazırlanmışdı. Həmin il dekabr ayının 27-də "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirmişdir. Beləliklə, dövlət-diaspor əlaqələrinin sıxlaşması üçün münbit ideya-nəzəri və təşkilati zəminin hazırlanması işi başa çatdı.
 
Bu sahədə ulu öndərimizin atdığı addımları, zəngin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük məharətlə davam etdirir. Ölkə başçısı dünya azərbaycanlılarının həmrəyliyi sahəsində daha yüksək uğurlar əldə edilməsi üçün bütün imkanları səfərbər etdi. Bu əhəmiyyətli işin davamı olaraq dünya azərbaycanlılarının II, III və IV  qurultayları keçirildi. Dünya azərbaycanlılarının keçirilən qurultayları ciddi siyasi həmlə və mütəşəkkil təşkilatlanmalarla yadda qaldı. Bu sahədə işin düzgün təşkili isə Azərbaycanın dünya birliyində təbliği və tanınması işinə öz töhfələrini verdi. Ölkə başçısının 2008-ci il noyabrın 19-da imzaladığı Fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı, dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Bu dövrdən etibarən dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha da mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoymuş, onların doğma Vətənə olan bağlılıqlarını artırmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl xarakter almasının nəticəsidir ki, bu gün ölkəmizi xaricdə 400-dən çox diaspor təşkilatı təmsil edir.
 
2012-ci ilin mart ayında yaradılmış Dünya Azərbaycanlı Gənclər Birliyi də dünya azərbaycanlılarının həmrəyliyi işinə öz töhfələrini verməkdədir. Rusiyanın Moskva, Amerika Birləşmiş Ştatlarının Hyuston, Fransanın Paris və Türkiyənin Kocaeli şəhərlərində artıq fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət mərkəzləri zəngin mədəni irsimizin təbliği ilə yanaşı, diasporumuzun imkanlarını da xeyli genişləndirməkdədir. Bu sahədə qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və qazanılan etimadında özünü aydın nümayiş etdirdi. Azərbaycanın Avroviziya beynəlxalq musiqi müsabiqəsində qələbə qazanması, Birləşmiş Millətlər Təşkilatının qeyri-daimi üzvlüyünə qəbul olunması, Avropa Şurası Parlament Assambleyasının iclaslarına sədrlik etməsi və sair məhz böyük siyasətimizə uğurla başçılıq edən Heydər Əliyev məktəbinin layiqli davamçısı cənab İlham Əliyevin möhtəşəm müvəffəqiyyətlərindəndir. Bu böyük siyasət adamı təkcə dünya azərbaycanlılarının birliyi üçün təşkilatçılıq xidmətləri göstərməmiş, həm də Heydər Əliyev yoluna uyğun olaraq müasir inkişafın tələblərini nəzərə alaraq yeni vəzifələr, fəaliyyət prinsipləri müəyyənləşdirmişdir. Böyük siyasətçi Prezident cənab İlham Əliyev dünya azərbaycanlılarının III qurultayında həmrəylik məsələsinə, birlik ideyasının ortaya qoyduğu vəzifələrə, azərbaycançılıq məfkurəsinə diqqət çəkərək demişdir: "Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!”.
 
Bu gün dünyanın harasında, hansı ölkəsində olursa-olsun, milli məfkurə, Azərbaycançılıq ideologiyası ətrafında birləşən  çoxmilyonluq Azərbaycan xalqı, azərbaycanlı ordusu var. Bu isə, əlbəttə, böyük qələbədir, daha böyük zəfərlərə gedən yolun başlanğıcıdır. Bu qələbənin səbəbkarı və bu ordunun komandanı, sərkərdəsi isə ümummilli liderimiz Heydər Əliyevdir. Ümummilli liderimizin həyat yolu, fəaliyyət və fikirləri hər bir azərbaycanlı üçün proqram-mexanizmdir. O proqram ki, bizi Vətən yolunda birliyə, həmrəyliyə səsələyir: "Hal-hazırda qarşımızda duran ən vacib və taleyüklü vəzifələrdən biri əl-ələ verərək dünya azərbaycanlılarının hər hansı bir ölkədə və mühitdə yaşamaq, fəaliyyət göstərmək, özünün milli-mənəvi dəyərlərini qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni, istedadlı, qədim tarixə və demokratik dövlətə malik olan xalq kimi təmsil olunmaq hüququnu təmin etməkdir”.
 
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6942
GBP 1 İngilis funt sterlinqi 2.1858
TRY 1 Türk lirəsi 0.4759
KWD 1 Küveyt dinarı 5.5856
SEK 1 İsveç kronu 0.1942
EUR 1 Avro 1.8627
CHF 1 İsveçrə frankı 1.7155
USD 1 ABŞ dolları 1.7025