• şənbə, 20 Aprel, 01:05
  • Baku Bakı 15°C

“Azərbaycanlılar toya əylənməyə yox, yeməyə gəlir”- Əcnəbi

14.04.18 09:00 1380
“Azərbaycanlılar toya əylənməyə yox, yeməyə gəlir”- Əcnəbi
Azərbaycanı, xüsusilə də insanlarını öz ölkəsinə oxşadır. Deyir ki, bizi bir-birimizdən ayıran sadəcə, sərhədlərdir. Azərbaycana ilk dəfə gələndə özünü yad ölkədə hiss etməyib. Çünki dinimiz, dilimiz, adət-ənənələrimiz demək olar ki, birdir. Fərqli cəhətimiz isə azadlıq, sərbəstlik, müasirlikdir.
Müsahibimiz İran vətəndaşı Əlirza Əsgəri 5 ildir ki, Azərbaycanda yaşayır. Məktəb illərindən ölkəmizdəki İran məktəbində oxuyan Əlirza, hazırda Bakı Slavyan Universitetində hazırlıq kurslarında təhsil alır. Atasının işinə görə, Azərbaycanda yaşayırlar.

"Özümü rahat və sərbəst hiss edirəm”

Müsahibimiz deyir ki, Azərbaycanda özünü sərbəst, rahat hiss edir. Buranı öz vətəni sayır: "Doğrusu, buraya ilk gəlişimizdə bu qədər yaxın olduğumuzu bilmirdim. Azərbaycana ilk dəfə 10-15 il qabaq gəlmişəm. Yenidən gəldikdə, çox təəccübləndim. Bakı o qədər inkişaf edib ki, Avropa şəhərlərindən fərqlənmir. Əvvəlki Bakı ilə indiki Bakı arasında çox fərqlər var. İnsanlar dəyişməsə də, ölkə inkişaf edib. Düzdür, adət-ənənə, din baxımından bir-birimizə bənzəyirik. Amma inkişaf, müasirlik baxımından sizin ölkə çox inkişaf edib. Azərbaycanda özümü psixoloji cəhətdən rahat və sərbəst hiss edirəm”.
Əlirzanın Bakıda ən çox sevdiyi yer Şəhidlər xiyabanıdır. Deyir ki, məhz orada qəribə hüzur və rahatlıq var: "Darıxanda, özümü tənha hiss edəndə Şəhidlər Xiyabanına gedirəm. Oradakı məşəli çox sevirəm. Bundan əlavə, Alov qüllələri, İçərişəhər, Dağüstü park, Bakı Bulvarına vurğunam. Bakının səs-küylü yerlərindən çox, sakit yerlərində vaxt keçirirəm. Tez-tez parklarda gəzirəm”.
Əlirza da digər əcnəbilər kimi qonaqpərvərliyimizə heyrandır. Deyir ki, azərbaycanlılar yolu tanımayan birinə kömək etmək üçün əllərindən gələni edirlər: "Azərbaycanlılar əcnəbi ilə tanışlığa maraqlıdırlar. Bizimlə çox yaxşı davranırlar. Digər əcnəbi dostlarımla da tez-tez müzakirə edirik ki, heç bir ölkədə əcnəbiyə belə isti münasibət bəsləmirlər. Qayğıkeş, mehriban və gülərüzdürlər. Əgər ünvan soruşuruqsa, nəinki izah edirlər, səni gedəcəyin yerə qədər aparırlar”.

"Qəribə imicdə olsaq da...”

Müsahibimiz özünəməxsus imici ilə həmyaşıdlarından fərqlənir. Xüsusilə saç düzümü, başına bağladığı yaylıqla (bandana) ətrafda hər kəsin diqqətini çəkir. Saç düzümünə görə bir neçə dəfə ətrafdakıların tənəsinə tuş gəlib: "Qulağa sırğa taxanda, saç uzadanda əksəriyyəti olmasa da, bəziləri çox qəribə qarşılayır. Bu fikirlərinizi sevmirəm. Mənə görə, hər bir insan öz seçimlərində azad olmalıdır. Düzdür, bu vəziyyət İranda daha pisdir. Amma sizin ölkə müasir olduğu üçün kiminsə tənəsinə tuş gəlməyi, üzərimdə olan qəribə baxışları sevmirəm. Amma qəribə imicdə olsaq da, kimdənsə kömək istəyəndə canla-başla edirlər”.

"Düyü çörək əvəzi yeyilir”

Hansısa xarici ölkəyə gedəndə, adətən yerli yeməklərə öyrəşməkdə çətinlik çəkirsən. Əlirza isə belə bir problem yaşamayıb: "Azərbaycanın milli mətbəxində demək olar, bütün yeməkləri bəyənirəm. Ancaq kababın başqa yeri var. Heç bir ölkənin yeməyi Azərbaycan milli mətbəxinin yerini vermir. Azərbaycan mətbəxi tam fərqlidir, gözəldir. Düzdür, İran mətbəxi ilə oxşarlıqlar var. Amma bizdə ədviyyatlardan daha çox istifadə olunur. Bundan əlavə, bizdə düyü demək olar ki, bütün yeməklərin yanında olur. Düyü bir çox hallarda çörəyin əvəzinə yeyilir. Azərbaycanlı tələbələr isə bizim yeməklərin istiotlu, acılı olmasından şikayətlənirlər”.

"Dilənçiləriniz belə mədənidir”

Ölkələr arasında fərqlərdən danışan Əlirza deyir ki, ən böyük xoşbəxtlik burada təhlükəsizlik qaydalarının yüksək səviyyədə olmasıdır: "İstədiyin vaxt, istədiyin saatda tək gəzə bilərsən. Şəhərdə mühafizə çox güclüdür. Heç kim sənə yaxınlaşıb narahatçılıq törətmir. Bəzən düşünürəm ki, dilənçiləriniz belə mədənidir. Hətta o qədər sakitdirlər ki, mədəni şəkildə yaxınlaşıb pul istəyirlər. Hərdən mənə elə gəlir ki, oğurluğu da mədəni edəcəklər”.

"Qızlar özündən razıdırlar”

İki ölkə arasındakı fərqlərə gəldikdə isə müsahibimiz deyir ki, Azərbaycan kifayət qədər inkişaf etmiş ölkədir: "Sizin gənclər İrandakı gənclərdən olduqca müasirdir, düşüncələri daha sərbəstdir. Oxumağa, elmə, öyrənməyə can atırlar. Azərbaycan qızları özlərinə çox hörmət edir, özlərindən razıdırlar və dünyagörüşləri zəngindir. Sizin gənclər təmkinli, səbirlidir. Hər şey sakit inkişaf tempində gedir. Narkomanlara, oğrulara demək olar ki, rast gəlməmişəm”.

"Heç kim heç kimin bölgəsinə getmir”

Əlirzanın bizdə sevmədiyi cəhət nəqliyyat sistemidir. Deyir ki, bizim ölkə ilə müqayisədə ictimai nəqliyyatdakı qaydalar tam fərqlidir: " Məsələn, sizdə nəqliyyat sistemini bəyənmirəm. Az qala adamı dəli edir! İranda "oğlan qıza yer verdi, yaxud qız oğlana kömək etdi” söhbətləri olmur. Çünki nəqliyyatda birmənalı olaraq oğlanlar arxada, qızlar qabaqda oturur. Heç kim, heç kimin bölgəsinə getmir. Ona görə, hamı rahat olur, onlar üçün ayrılan yerlərdə otururlar”.

"Siz çox yeyirsiniz”

İranlı müsahibimiz iki ölkə arasındakı toy adətlərinin fərqindən də danışdı. Deyir ki, sizdə insanlar toya əylənməyə yox, yeməyə gedirlər: "Sizin toylarda süfrədə yemək çox olur, israfçılıq edirlər. Toyda hamı dayanmadan yeyir. Hətta stollar pulla olur. Toya gəlirsənsə, stolunun pulunu verirsən. Bizdə toyda pul yazdırmaq söhbəti yoxdur. Hamının pulunu oğlan evi ödəyir. Toya gələn qonaq sadəcə, hədiyyə alıb gəlir. Yeməyi də çöldə yeyib gəlirik. Toylarda yemək çox yeyilmir. Toydan əvvəl isə qız evi şərt kəsir. Mehriyyə deyilən söz var ki, əgər qızla oğlan ayrılsa, oğlan evi min sikkə qızıl verir. Bundan əlavə, sizdə kimsə özünə mülk alırsa, ona hədiyyə gətirirlər. Bizdə elə deyil. Məsələn, atam maşın almışdı. Gördük hamı atama hədiyyə verir. Təəccübləndik. Bizdə isə əksinə, maşını alana hədiyyə verilmir, maşını alan hamıya qonaqlıq verir”.

"Müəllimləri əcnəbilərə qarşı səbirlidir”

Müsahibimiz deyir ki, azərbaycanlılar, xüsusilə də təhsil aldığı universitetin müəllimləri əcnəbilərə qarşı çox səbirlidirlər: "Ümumiyyətlə, azərbaycanlılar evinə gələn qonaq üçün dəridən-qabıqdan çıxırlar. Xaricdən gələn insanı da eynilə elə qarşılayırlar. Universitetin əcnəbi tələbələrlə iş üzrə dekanlığı bizi ölkənizlə tanış edir, muzeylərə, ekskursiyalara aparırlar. Bundan əlavə, tələblərlə birlikdə Gəncəyə, Şamaxıya səfər etdik. Universitetdə dərslərimiz asan deyil. Müəllimlər çox tələbkardır, amma bir o qədər də səbirlidirlər. Belə qonaqpərvər və isti münasibətə görə, Azərbaycan mənə vətənim kimi əzizdir”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər