• çərşənbə axşamı, 19 mart, 07:29
  • Baku Bakı 8°C

AZƏRBAYCANLI YAZIÇININ HEKAYƏSİ İRAN OXUCULARININ QONAĞIDIR

14.05.18 16:08 2522
AZƏRBAYCANLI YAZIÇININ HEKAYƏSİ İRAN OXUCULARININ QONAĞIDIR
İran İslam Respublikasının Təbriz şəhərində nəşr olunan "Məhdi-Təməddün” və Urmiyanın "Dəniz” qəzetləri tanınmış yazıçı-publisist, "hekayə ustası” titulu ilə oxucuların rəğbətini qazanan Əlabbas Bağırovun "Yol adamı” hekayəsini dərc edib. Ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində iranlı oxucuların görüşünə gələn əsər qədim əlifbamıza tanınmış tərcüməçi, şair və yazıçı Əkbər Əlyar Həmidi tərəfindən köçürülüb. Bundan başqa, qəzetin bundan əvvəlki nömrəsində İran ədəbi mühitinin görkəmli simalarından sayılan, tənqidçi Əkbər Əlyar Həmidi yazıçının yaradıcılıq üslubundakı nadir xüsusiyyətlərdən bəhs edən məqalə ilə çıxış edib. Mütərcim yazır ki, zəngin söz ehtiyatı və nadir yaradıcılıq üslubu, hadisələrin inkişaf etdirilməsində özünəməxsus bədii taktikası var və o, atalar sözlərinə və el məsəllərinə yeni nəfəs gətirməyi bacaran mahir bir qələm ustasıdır. Müəllif hekayə barədə düşüncələrini belə tamamlayır: "Bu hekayənin fəlsəfi quruluşu, obrazlar arasındakı ünsiyyət taktikası və ümumi məzmun tərbiyəvi əhəmiyyəti məni özünə çox bağladığı kimi əminəm ki, digər oxucular üçün də cəlbedici olacaqdır.”
Mənə görə, Əlabbas Bağırovun əsərlərinin adı ayrı-ayrılıqda və özü-özlüyündə bir kitabdır. Haqqında bəhs etdiyimiz "Yol adamı” hekayəsi olduqca düşündürücü və ibrətamizdir. Əgər yazıçı "Yol adamı” hekayəsini "Yaxşı adam”, "Qəlbin hökmü”, "Savablı yol” və s. "Əməl və əcr (səvab)” fəlsəfəsini özündə əks etdirən sərlövhələrlə təqdim etsəydi belə, əsər yenə də adı ilə tam şəkildə uzlaşar və oxucunu eyni şəkildə düşündürər, öz tərbiyəvi əhəmiyyətini qoruya bilərdi. Əlabbas Bağırov təbiət hadisələrini Keneş Cusupov, heyvanların xüsusiyyətlərini və hərəkətlərini Cek London, real hadisələri Ömər Seyfəddin qədər məharətlə yarada bilib. Oxucu Əlabbas Bağırovun "Qiyamçı” romanı ilə adlarını sadaladığı korifey yazıçıların "Ağ diş” (Cek London), "Kalbimin dağları” (Keneş Cusupov) və "Zeytunla çörək” (Ömər Seyfəddin) əsərlərindəki ayrı-ayrı epizodları müqayisə etməklə bu gerçəkliyə əmin ola bilər. Əgər azərbaycanlı yazıçının bir romanı ilə 3 dünya şöhrətli ədibin əsərində müqayisə etməyə məqamlar tapa biliriksə bu hal öz-özlüyündə Azərbaycan xalqının ədəbi istedadının zənginliyinin göstəricisidir.
Qeyd edək ki, Əlabbas Bağırov "Qiyamçı", "Qaraqovaq çölləri", "Köhnə kişi", "Gümüşü gecələr", "Gözəl", "Halal qan", "Mərənd ölüsü" kimi əsərlərlə ədəbiyyatımızın daha da zənginləşməsinə böyük töhfələr verib. Yazıçının öz yaxın dairəsində Köhnə Kişi adı ilə şöhrət tapması məhz "Köhnə kişi" nadir bir yaradıcılıq üslubu ilə həyata vəsiqə qazanmasıdır. "Köhnə kişi”nin əsas qəhrəmanı Murad əsərin sonunda nadanlığı, yaltaqlığı, hiyləgərliyi, ikiüzlülüyü daşlamaqla oxucunun ruhunu oxşayır. Eynilə müəllifin özü kimi…
Sabir Şahtaxtı
banner

Oxşar Xəbərlər