AZE | RUS | ENG |


Azərbaycanlı turistlərin Türkiyə sevgisi

Azərbaycanlı turistlərin Türkiyə sevgisi
Ekspertlər Aralıq dənizin sahillərini istirahət üçün uyğun məkan hesab edirlər

Bu il Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında böyük artım müşahidə edilir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, bu il azərbaycanlı turistlər ən çox dincəlmək üçün Türkiyəyə gedirlər: "Azərbaycanda indiyədək getmə turizm sahəsində hələ bu qədər axın qeydə alınmayıb, Türkiyəyə bu dərəcədə çox turist getməyib. Ötən il, ondan əvvəlki illərdə Türkiyəyə gedənlərin sayı bir qədər azalmışdı. Amma bu il iyul ayı ərzində Türkiyə istiqamətinə aviareyslərə bilet tapmaq çətin olub. Eyni zamanda, avqust ayı üçün də artıq bilet tapmaq mümkün olmur”.

N.Bağırov deyib ki, hazırda Bakıdan Bodruma, Antalyaya, İzmirə birbaşa uçuşlar yerinə yetirilir. Azərbaycandan Türkiyəyə gedən turistlər daha çox həmin şəhərlərə üz tuturlar. Onun sözlərinə görə, bəzi vaxtlar Bodruma, Antalyaya gün ərzində 2-3 dəfə uçuş baş tutur və yerlərin hamısı da dolu olur.

Azərbaycanlı turistlərin ümumilikdə, daha çox baş çəkdiyi İstanbula edilən builki səfərlərə gəldikdə isə N.Bağırov bildirib ki, İstanbul üzərindən Antalya, Bodruma uçanlar bu şəhərdə 2-3 gün qalaraq dincəlirlər. Amma son zamanlar İstanbulda hava şəraitinin dəyişməsi səbəbindən, azərbaycanlı turistlər bu şəhərə getməyə ehtiyat edirlər.

N.Bağırov qeyd edib ki, azərbaycanlı turistlər dincəlmək üçün Türkiyədən sonra Avropanın bir sıra ölkələrinə də səfər edirlər: "Azərbaycanlı turistlər daha sonra Avropa ölkələrinə getməyə üstünlük verirlər. Turistlərimiz daha çox birbaşa uçuşların olduğu ölkələrə gedirlər. Məsələn, İtaliya, Fransa, Yunanıstan, Çexiya azərbaycanlı turistlərin ən çox səfər etdiyi ölkələr sırasındadır”.

Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı 10,37% azalmışdı. 2016-cı ilin yanvar-may ayları ərzində Türkiyəyə 188 761 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata əsasən, bu il ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,96% artıb. Yalnız bu ilin yanvar-may ayları ərzində Azərbaycandan Türkiyəyə səfər edən azərbaycanlıların sayı 243 421 nəfərə çatıb.
 
"Luna Travel” turizm agentliyinin direktoru Rəhman Quliyev bildirir ki, vətəndaşlar xaricə istirahətə gedərkən  seçdikləri ölkədə ilk olaraq təhlükəsizliyə daha çox önəm verirlər: "Hansı ölkədə ictimai asayiş yaxşı qorunursa, daha çox sabitlik hökm sürürsə, həmin ölkəyə daha çox turist gedir. Hazırkı vəziyyətdə Türkiyənin istirahət mərkəzlərinə tələbat daha çoxdur. Ona görə ki, birinci növbədə Türkiyədə siyasi sabitlikdir. Bu məqama bizim ölkəmizə gələn turistlər də fikir verir. Azərbaycanda olan sabitlik, sakitlik turist axınına səbəb olur.  Bundan başqa, ölkə seçimində göstərilən xidmətin də rolu böyükdür. Məsələn, bizim şirkət olaraq tövsiyə edəcəyimiz yerlərdən birincisi Türkiyədir. Ondan sonra Gürcüstan, Rusiyanın, Ukraynanın müalicəvi istirahət zonalarını, xüsusilə də Qara dəniz sahillərində olan ölkələr  məsləhət görülür. Avropa ölkələrinə gəldikdə isə Barselona ən çox tələbat olan ölkədir. Ümumiyyətlə, İspaniya Avropa ölkələri arasında ən çox seçiləndir. Çünki orada istirahət üçün sərfəli adalar, otellər var.  Hansı ki, həmin otellər gündə üç dəfə yeməklə təmin edir. Yəni həmin ölkənin təklif etdiyi şərtlər digərlərindən daha yaxşıdır”.
 
Müsahibimizdən hansı ölkələrə az tələbat olduğunu da soruşduq: "Məsələn, Skandinaviya ölkələrinə demək olar ki, gedən yoxdur.  Çünki həmin ərazilərdə gəzib-görüləsi yer yoxdur. Tək-tük şəkildə Parisə gedən olur.  Buranı da  daha çox "Disneyland” və Eyfel qülləsinə görə seçirlər. Açığı artıq Eyfel qülləsinə də elə böyük maraq qalmayıb. Gedənlər də daha çox uşaqlarına görə "Disneyland”ı nəzərə alıb Fransanı seçir. Onu da qeyd edim ki, Fransada olan "Disneyland” kimi yerlər indi Türkiyədə də var.  Quş adası deyilən yerdə elə attraksionlar, əyləncəli məkanlar var ki, heç Fransada da yoxdur. İnsanların  Avropadan daha çox Türkiyəyə getməsinə avro və lirə arasındakı fərq də təsir edir.  Avronun bahalaşması, gediş haqqının yuxarı olması Avropaya gedənlərin sayını azaldır.  Türkiyədə isə lirə ucuzlaşıb, dollar bahalaşıb.  Məsələn, əvvəl 100 dollar orada 160 türk lirəsi idi. Amma indi təxmini 360 türk lirəsi edir. Bu da bizimkilər üçün daha sərfəlidir. Xidmət səviyyəsi baxımından da Türkiyə ilk sıradadır. Göndərdiyimiz müştərilərimiz də çox razı qayıdırlar”. 

Türkiyə və Gürcüstanda çimərlik turizminin inkişaf etməsi 
 
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov deyir ki, ən çox üstünlük verilən region ölkələridir: "Region ölkələri deyəndə, burada Gürcüstan, Türkiyə, MDB ölkələri və eyni zamanda, İran nəzərdə tutulur.  Təxminən 70-80 faiz  sadaladığım bu ölkələrə səfər edir. Yerdə qalan 20 faizi isə Qərbi Avropa və digər inkişaf etmiş ölkələri seçir.  Region ölkələrinin bu qədər çox seçilməsinə səbəb səfər müddətinin az olması, qonşu ölkələr olan Türkiyə və Gürcüstanda çimərlik turizminin inkişaf etməsidir. Məsələn, Azərbaycanda çimərlik vaxtı 3 ay davam edir. Amma  Türkiyədə, Aralıq dənizi sahillərində 7-8 ay davam edir. Bu baxımdan deyə bilərəm ki, çimərlik turizmini sevən vətəndaşlarımız həmin ölkələrə üz tutur. Gürcüstanın Batumi şəhəri də seçilənlər sırasındadır. İrana isə daha çox ziyarətlər, dini səfərlər üçün gedirlər.  Avropa ölkələrindən isə İtaliya, İspaniya, Yunanıstan, Portuqaliyanı misal göstərək olar.  Qərbi Avropaya gedənlərin də əksəriyyəti Aralıq dənizi ölkələrini seçir. Şimali və Orta Avropaya gedən azərbaycanlıların sayı isə çox azdır. Bunun səbəbi isə həmin ölkələrin həm uzaq olması, həm də turizm baxımından bir o qədər də inkişaf etməməyidir. Yəni turizmin inkişaf etdiyi region isti iqlim qurşağının, dənizin olduğu yerlərdir. Almanların, ingilislərin özləri də Aralıq dənizi ölkələrinə səyahət edirlər. Bu səbəbdən də, həmin ölkələrə tələbat daha çoxdur. Bu gün dünyada turizmin iki mərkəz nöqtəsi var.  Biri Aralıq dənizi, ikincisi isə Karib hövzəsidir. Karib hövzəsi çox uzaq olduğundan, təbii ki, ora azərbaycanlılar çox nadir hallarda gedir. Hazırda bizim vətəndaşlar üçün ən real məkan Aralıq dənizi hövzəsidir. Xüsusilə də, Türkiyə ilk sıradadır”. 
 
Günel Azadə 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008