• çərşənbə axşamı, 19 mart, 06:19
  • Baku Bakı 8°C

Azərbaycanlı tələbələrdən gözəl təqdimatlar

14.05.19 16:00 2530
Azərbaycanlı tələbələrdən gözəl təqdimatlar
Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) 11-ci Gələcəklə Əlaqə Seminarında Azərbaycandan yeddi iştirakçı təqdimatla çıxış edib. Türkiyədə radio və televiziya yayımlarını tənzimləyən və nəzarət edən dövlət qurumu olan Radio və Televiziya Ali Şurasının Gələcəklə Əlaqə Semiarı bu il Qaziantep və Şanlıurfa şəhərlərində reallaşdırılıb. Ənənəvi olaraq hər il keçirilən seminar Türkiyənin Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri, Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA), Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığı (YTB), Anadolu Agentliyi, Türkiyə Radio və Televiziya Qurumu (TRT), Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) dəstəyi ilə təşkil edilir. Türk Qurtuluş Savaşının başlanmasının 100-cü ildönümünə həsr edilən seminar "Qurtuluş mübarizələrində informasiya vasitələri" mövzusu ilə gerçəkləşib. Aprelin 24-dən 27-dək keçirilən seminarda Azərbaycan başda olmaqla türk respublikalarından və Balkan ölkələrindən gəlib Türkiyənin bir çox universitetlərində jurnalistika fakültəsində təhsil alan tələbələr iştirak edib.
İştirakçılar həm Türkiyənin, həm də öz ölkələrinin qurtuluş mübarizəsi ilə bağlı təqdimatlar edib, video çarx və qrafiklər hazırlayıblar. Qaziantepdə Hasan Kalyoncu Universitetində keçirilən seminarın açılışında Qaziantep valisi Davud Gül, RTÜK sədri Əbubəkr Şahin, Hasan Kalyoncu Universitetinin Rektor vəkili Professor Edibe Sözen və RTÜK üzvləri iştirak ediblər.
Seminarın açılışından öncə "Türk dünyası gənclərinin gözü ilə qurtuluş mübarizəsi" mövzusunda qrafika və rəsm sərgisi açılıb.
Çalıştay çərçivəsində 46 tələbə təqdimat edib. Panellər Səlcuq Universitetinin jurnalistika fakültəsinin müəllimi professor Vedat Çakır, Hasan Kalyoncu Universitetinin jurnalistika fakültəsinin müəllimi professor Can Bilgili, Aksaray Universitetinin jurnalistika Fakültəsinin müəllimi Veysel Çakmak və Niydə Ömer Halisdemir Universitetinin jurnalistika fakültəsinin müəllimi Lokman Zorun moderatorluğu ilə həyata keçirilib. Bu panellərlə yanaşı, Şanlıurfada tarixi Göbəklitəpədə "Türküstandan Göbəklitəpəyə baxış” paneli də gerçəklədirilib.
Seminarda Türkiyədə təhsil alan Azərbaycandan yeddi tələbə təqdimatlar çıxış edib.
Anadolu Üniversitetinin (Əskişəhər) doktorantı Türkan Abdullayeva "15 İyul dövlət çevrilişi cəhdində yerli və beynəlxalq mətbuatın qarşılaşdırılması”, Atatürk Üniversitetinin (Ərzurum) magistrı Nicat Pirizadə "Qardaş köməyi: Birinci Dünya Müharibəsinin sonunda Azərbaycandan Anadolu türklərinə yardım”, Gazi Üniversitetinin (Ankara) magistrı Nigar Səmədli "Kipr türklərinin azadlıq mübarizəsində TRT yayınları (1974)”, Kocaeli Üniversitetinin (İzmit) magistrı Xanım Muxtarova "Animasiya filmləri ilə Azərbaycanın müstəqillik prosesi (1990-1992)”, Mersin Üniversitetinin bakalavr tələbələri – Xatirə Qəmxarova "Qurtuluş mübarizələrində musiqi: vəfalı türkə haray”, Nicat Məmmədov "İsmayıl Qaspıralı:Tərcüman qəzeti və ortaq ünsiyyət dili”, Anar Həsənov "Hatayın ana Vətənə qatılmasında (1939) mətbuat, yayım vasitələri” mövzularında təqdimatlar ediblər.
Qeyd edək ki, seminar iştirakçıları Qaziantep və Şanlıurfada qurtuluş savaşının izlərini əks etdirən və digər tarixi məkanları da ziyarət ediblər.
Məhbubə QURBANOVA
banner

Oxşar Xəbərlər