• cümə, 29 Mart, 13:01
  • Baku Bakı 14°C

Azərbaycanlı tələbələr prezidentliyə namizədlə görüşü yarımçıq qoydular

22.05.13 11:04 1561
Azərbaycanlı tələbələr prezidentliyə namizədlə görüşü yarımçıq qoydular
APA-nın “Oyannews”a istinadən məlumatına görə, parlamentin keçmiş spikeri tədbirdə bu il iyunun 14-də ölkədə keçiriləcək prezident seçkilərindən, seçki platformasından danışıb, tələbələrin müxtəlif məzmunlu suallarını cavablandırıb.
Q.Adil ali təhsil müəssisəsində təhsil alan azərbaycanlı tələbələrdən birinin “Sizin İran Konstitusiyasının 15-ci maddəsinin icra edilməsi üçün nə kimi planınız var” sualına cavabında bunları deyib: “İran Konstitusiyasının 15-ci maddəsi sadəcə evdə ata-ananın uşaqlarla türk dilində danışmasını nəzərdə tutur. Çünki uşaqlar ana dilini evdə öyrənirlər. Məktəbdə fars dilində təhsil almaq vacibdir. Ancaq bununla belə, mən ali təhsil müəssisələrində, hətta Tehran Şərif Sənaye Universitetində iki kurs ana dilində dərslərin keçirilməsinin tərəfdarıyam”.
Sabiq spiker bildirib ki, Pəhləvi dönəmində (şah dövrü) türk dilində kitab çap etdiklərinə görə insanlar həbsə atılırdı: “Ancaq bugünkü İran İslam Respublikasında insanlar öz dillərində kitab və digər nəşrlər çap etdirə bilirlər”.
Daha sonra İran prezidentliyinə namizəd tələbələrdən “İngilis, yoxsa fars dilini öyrənmək çətindir?” - deyə soruşub. Tələbələr isə cavabında “fars dili” deyiblər. Bu cavabdan hiddətlənən Q.Adil isə belə söyləyib: “Bizim sizdən gözləntimiz odur ki, Qafqazın 17 şəhərini Azərbaycana qaytarasınız, nəinki xarici qüvvələrin istəyini təkrar edəsiniz”. Sabiq spikerin bu fikirləri azərbaycanlı tələbələrin ciddi narazılığına səbəb olub və onlar etiraz olaraq zalı tərk ediblər.
Qeyd edək ki, Q.Adil İranın ali dini lideri, ayətullah Əli Xamneyinin qudası, Fars dili və Ədəbiyyatı Akademiyasının rəhbəridir. Sabiq spiker həmçinin İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti və Tehran şəhərinin meri (paytaxt bələdiyyəsinin sədri) və İran İslam İnqilabı Keşikçilər Korpusunun keçmiş komandanlarından biri olan Məhəmmədbağır Qalibafla birlikdə yaradılan “2+1” seçki koalisiyasının üzvüdür. Hər üç şəxs də İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) tərəfindən prezidentliyə namizəd kimi qeydə alınıblar. Bundan əvvəl Ə.Vilayəti və Q.Adil İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin namizədliyi qeydə alınacağı təqdirdə, namizədliklərini onun xeyrinə geri götürmək niyyətində olduqlarını açıqlayıblar.
S.Cəlili də İran Konstitusiyasına Nəzarət Şurası tərəfindən prezidentliyə namizəd kimi qeydə alınıb. Ə.Vilayəti isə ötən gün verdiyi açıqlamada mühafizəkarların seçkiyə vahid namizədlə gedəcəyini bildirib.
banner

Oxşar Xəbərlər