Azərbaycanlı qadınların xasiyyətindən şikayətlənən çinli tələbə - Əcnəbi
Artıq
4-cü ildir ki, ölkəmizdədir. Burda kompüter mühəndisliyi ixtisası üzrə təhsil
alır. Deyir ki, Azərbaycana təhsil almağa gəldiyi üçün əsasən, vaxtını və
fikrini bu istiqamətə yönəldib. Mümkün olan qədər daha çox oxumağa, öyrənməyə
çalışır. Amma bu müddətdə həm də ölkəmizi gəzib, bölgələrimizlə də tanış olmaq
şansını əldən verməyib. Müsahibimiz Azərbaycan Texniki Universitetində təhsil
alan çinli tələbə Go Yuyangdır.
- Təhsil
almaq üçün Azərbaycanı seçməyinizə səbəb nə oldu?
- Azərbaycanla
Çinin təhsil sahəsində əməkdaşlığı var və mən burada ödənişsiz oxuyuram. Vətənimdə
isə bu təhsil ödənişlidir. Ona görə də mən Azərbaycanı seçmişəm. Təbii ki bu
seçim kortəbii olmayıb. Mənim altı seçimim var idi. O ölkələrə Azərbaycan,
Ukrayna, Belarus, Ermənistan və s. daxil idi. Azərbaycanda təhsil almağın mənim
üçün daha uyğun və sərfəli olduğunu düşündüyüm üçün buranı seçdim.
- Azərbaycanla
Çinin təhsili arasındakı fərq nədir?
- Düzü,
mən bu sual ətrafında geniş danışmaq istəmirəm. Orda təhsilin daha yüksək
olduğunu düşünürəm.
- Bəs nə üçün
öz ölkənizdə oxumağa üstünlük vermədiniz?
- Çünki
xaricdə oxumağa hökumətimiz icazə verir, şərait yaradır. Ölkəmizə xarici dilləri
bilən və texnikadan yaxşı başı çıxan mütəxəssislər lazımdır. Burada mən təhsil
almaqla yanaşı, rus və Azərbaycan dilini öyrənirəm. Bu, ölkəmiz üçün vacibdir.
- Hava limanında endiyiniz zaman ölkəmizdə sizin
diqqətinizi çəkən nə oldu?
- Şəhəriniz
çox gözəldir. Ümumi təəssüratım isə budur ki, azərbaycanlılar çox tərbiyəlidirlər.
Mehriban, səmimi, səxavətli insanlarınız var. Metroda, avtobusda, ticarət mərkəzlərində
olmuşam. İnsanlarınız mehriban və sevimlidirlər, nə isə soruşanda can-başla,
gülər üzlə köməklik edirlər.
- Azərbaycan
dilini öyrənə bilibsiniz?
- Bəzi
sözləri öyrənmişəm. "Salam”, "sağ ol” kimi sözlərə daha bir-ikisini əlavə edib danışa da bilirəm. Amma hələ ki normal
danışmağı bacarmıram. Rusca yaxşı danışıram. Azərbaycan dili rus dilindən bir
az qəliz gəlir mənə. Sizin diliniz Türkiyə türkcəsinə və türkmən dillərinə
yaxındır. Amma hər iki dili yaxşı öyrənməyə çalışıram. Hələ burdayam, öyrənməyə
davam edirəm.
- Burda
dostlarınız varmı?
- Əlbəttə,
var. Burada həm azərbaycanlı, həm də rus dostlarım var.
- Artıq xeyli vaxtdır burdasınız. Sevdiyiniz varmı?
Azərbaycanlı xanımla evlənərsinizmi?
- Azərbaycanlı
qızlar çox gözəldirlər. Çində ərdə olan azərbaycanlı qadınlar tanıyıram. Amma
çinlilərlə müqayisə etsək, azərbaycanlı qadınların xasiyyətləri bir qədər qəlizdir.
Azərbaycanlı qızlar əlbəttə ki, gözəldirlər, amma düşünürəm ki, onlar məni
sevmirlər. Çünki onlar məni başa düşmürlər. Problemim dili bilməməyimdir. Bütün
dostlarım rus dilində danışırlar. Əgər xasiyyətimiz uyğun gələrsə, sevərəmsə,
niyə də evlənməyək? Bunların hamısına müəyyən zaman lazımdır. Azərbaycanda
olduğu kimi, bizdə də valideynlər bu işə xeyir-dua verməlidirlər. Bunsuz olmaz.
- Artıq 4-cü ildir ki, Azərbaycandasınız. Bu müddətdə
nələri öyrənibsiniz?
- Əsas təhsil
cəhətdən çox şey öyrənmişəm. Müəllimlərinizlə çox maraqlanıram, onlar mənə köməklik
edirlər. Texniki universitet də gözəldir.
- Bakıdan başqa hansı şəhərlərimizdə olubsunuzmu?
- Bəli,
olmuşam. Azərbaycana gəlib, tək Bakını görməklə kifayətlənmək olmaz. Təhsil
almaqla yanaşı, həm də ölkənizi tanımağa, bura haqqında məlumatlı olmağa
çalışıram. Dostlarımla Azərbaycanın çox yerlərinə səyahət etmişəm. Gəncə, Şəki,
Quba, Qəbələ, Sumqayıt və s. yerlərdə olmuşam. Gözəl ölkəniz, təbiətiniz var. Şəkinin
təbiətini lap çox sevdim. Balaca şəhər olsa da, çox təmizdir. Bir neçə gün
dostlarımla orda oteldə qaldıq, gəzdik. Meşələri, çayları xoşuma gəldi. Gəncə şəhəri
də tarixidir, gözəldir. Burdakı dostlarım da sağ olsunlar, tez-tez rayonlara
qonaq dəvət edirlər, amma dərslərdən vaxt olmadığı üçün hər dəfə gedə bilmirəm.
- Bölgələrimizdə olubsunuzsa, fərqli mətbəx nümunələrimizi
də yəqin ki görübsünüz. Mətbəximiz xoşunuza gəlirmi?
- Sizin
mətbəxiniz bizimki ilə eyni deyil. Aralarında böyük fərq var. Yeməklərdən
kabab, plov, dolma, şirniyyatlardan şəkərbura və paxlava xoşuma gəlir. Sizin
yeməklər bir az şirindir, bizdə isə şirniyyatı elə də sevmirlər. Çində acı,
duzlu yeməklərə daha çox üstünlük verilir, onlar sevilir.
- Çinlilər
qurbağa yeməyi də çox sevdirlər...
- Bəli,
burda da qurbağa var, amma bir qədər azdır. Bakıda Çin mətbəxi olan restoranlar
var. Çox gözəl hazırlayırlar.
- Ölkələrimiz
arasında əhəmiyyətli fərq nədir, sizcə?
- Sizdə
məhdudiyyət və qadağalar çoxdur. Bəlkə müsəlman ölkəsi olduğu üçün bu, belədir,
nədənsə, mənə belə gəlir.
- Məsələn,
burda hansı çətinliklərlə üzləşirsiniz?
- Mənə
yanaşma tərziniz bir balaca xoş gəlmir. Məsələn, Çində bütün tələbələr
can-başla bir-birinə kömək edir. Burda da edirlər, amma bunu çox da
xoşlamadıqları qənaətindəyəm.
- Bəlkə dili
bilmədiklərindəndir?
- Nəsə
xahiş edəndə, sadəcə, "sonra”, "sabah” deyib adamı başlarından edirlər. Çində
vaxta, zamana çox diqqət ayırırlar. Bizdə düşünürlər ki, sonra vaxt olmaya bilər.
Burda isə mən bunu hiss etmirəm. Bəlkə sabah heç olmayacaq? Əgər çinli sabah bu
işi görəcəyini desə, bilin ki, mütləq onu,
dediyi vaxtda yerinə yetirəcək. Burda isə hər dəfə ləngitmə var. Əgər sən
çox məşğulsansa və bu gün gələ bilməyəcəksənsə, bunu açıq deyə bilərsən. Çində əgər
bir saatdan sonra gələcəyinə söz veribsənsə, mütləq bunu etməlisən. Axı belə
olanda mənim də zamanımı xərcləyirsiniz. Siz Çinə gələndə
mənə deyirsinizsə ki, bu axşam görüşməliyik
və mən də saat 6-ya razılaşıramsa, görüş yerinə həmin vaxtdan bir az da tez gəlirəm.
Çalışıram heç vaxt gecikməyim. Burda isə demək olar ki, hamı gecikir.
- Burda Çin mallarının keyfiyyətsiz olması ilə
bağlı bir yanaşma var. Yəqin ki, siz də bu haqda eşitmiş olarsınız…
- Bu
problemi başa salmaq lazımdır. Bu sualı mənə çox veriblər. Bizdə keyfiyyətli
mallar da var. Sadəcə, sizin biznesmenlər ucuz mal aldıqları üçün keyfiyyətə
fikir vermirlər. Çinlilər ucuz və keyfiyyətsiz malları almırlar. Çünki keyfiyyətə
çox fikir verirlər. Əlbəttə ki, ucuz malın keyfiyyəti olmayacaq. Amerikada,
Avropada Çin mallarını çox sevirlər. Çünki onlara keyfiyyətli olanı gedir.
Çinin keyfiyyətli məhsullarını gətirsələr, burda da sevərlər.
- Boş
vaxtlarınızı burda necə keçirirsiniz?
- Dərslər
vaxtımı çox alır. Dərsdən sonra evdə də hazırlaşmaq üçün xeyli vaxt lazım olur. Əgər bunlardan sonra
boş vaxtım qalırsa, dostlarla parkda, şəhərdə gəzirik, çay, kofe içməyə
gedirik.
- Gələcəklə bağlı planlarınız nədir? Burda qalmağı
düşünürsünüzmü?
- Vətənimə
qayıdacağam. Amma hələ ki, Azərbaycanda magistraturada da oxumağı düşünürəm.
Universitetdən sonra Çinə qayıtmaq istəyirəm.
- Əgər şans yaransa, Azərbaycanda qalardınızmı?
- Hələ
ki, bilmirəm. Amma tərcüməçi kimi bəlkə də qala bilərəm.
Şəbnəm Mehdizadə