• cümə, 29 Mart, 08:43
  • Baku Bakı 5°C

Azərbaycanlı mütəxəssislər Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib

10.10.19 13:30 3287
Azərbaycanlı mütəxəssislər Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib
Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin Teatr sektorunun müdiri teatrşünas Könül Cəfərova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq” kafedrasının müəllimi, teatrşünas Elçin Cəfərov və "dOM” Teatrının rəhbəri Tərlan Rəsulov Gürcüstanda keçirilən Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib.
Tbilisi Beynəlxalq Teatr Festivalı bu gün dünyada ən nüfuzlu festivallardan hesab olunur. Festival 2009-cu ildən etibarən hər il mütəmadi şəkildə keçirilir və nəinki MDB ölkələrində, eləcə də Avropa teatr məkanında böyük marağa səbəb olur. Burada dünyanın bir çox dövlətlərindən müxtəlif teatr kollektivləri və mütəxəssislər iştirak edir.
Festivalın əsas proqramlarından olan Gürcüstan Showcase proqramı dünya mədəniyyət şəbəkəsinə inteqrasiyanı hədəfləyir. Showcase teatr sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və mübadilə baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın 30-a qədər ölkəsindən 60-dan çox teatr mütəxəssisinin - festival təşkilatçıları, teatr menecerləri, tənqidçilər, jurnalistlər və sənətçilərin qatıldığı Showcase iştirakçılara qarşılıqlı əməkdaşlıq, yaradıcı mübadilə, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Bu ilki Showcase proqramında Azərbaycanla yanaşı, İngiltərə, ABŞ, Avstriya, Argentina, Çin, Finlandiya, Hindistan, İsrail, Yaponiya, Almaniya, Latviya, Litva, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Moldova, Rusiya, Serbiya, Sloveniya, Bolqarıstan, Ukrayna, Türkiyə, Belarus və Qazaxıstandan dəvət olunmuş teatr mütəxəssisləri işirak edib.
Şoukeysin proqramına K.Marcanişvili adına Dövlət Dram teatrı, N.Dumbadze adına Dövlət Gənclər teatrı, V.Abaşidze adına Dövlət Musiqili Komediya və Dram teatrı, Tumanişvili Kino aktyorları teatrı, Rezo Qabriadze Teatrı, Royal District Teatrı (Kral məhəlləsindəki teatr), İlia Dövlət Universitetinin "İluanu” teatrının, Movemenet (hərəkət) teatrı, Mesxişvili Kutaisi Peşəkar Dram teatrı, Rustavi Dövlət Dram teatrı, A.Tsereteli adına Tchiatura Peşəkar Dövlət Dram teatrı, G.Eristavi adına Qori Dövlət Dram teatrı, Suxumi Dövlət Dram teatrı, Ş.Dadiani adına Zuqdidi Peşəkar Milli Dram teatrı, "Eksperimental sənət üçün açıq səma” teatrı, Barmaq teatrı, Atoneli, Georgi Aleksidze Tbilisi Çağdaş Baleti, Marneulinin Başqa teatrı kimi kollektivlərin ən uğurlu tamaşaları daxil edilib.
Gürcü dilində nümayiş olunan tamaşalar, ingilis dilində subtitrlərlə müşayiət olunub. Tamaşalardan sonra teatrşünasların, jurnalistlərin, prodüserlərin iştirakı ilə geniş müzakirələr keçirilib. Festival çərçivəsində həmçinin bir sıra tədbirlər – seminarlar, treninqlər, ustad dərsləri və sərgilər də təşkil edilib. Festival çərçivəsində Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Performing Arts and the Challenges of Our Time” ("İfaçılıq sənətləri və dövrün tələbləri”) adlı simpozium baş tutub.
Teatrşünas Elçin Cəfərov Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetində "Müasir və çağdaş teatr: təyinlər və sərhədlər” adlı kursda iştirak edib.
Dünyanın müxtəlif ölkələrindən festivala qatılmış teatr mütəxəsisləri ilə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər