• cümə axşamı, 25 aprel, 03:09
  • Baku Bakı 19°C

Azərbaycanlı iş adamlarının investisiyalarına tam zəmanət verilir

19.02.18 12:20 560
Azərbaycanlı iş adamlarının investisiyalarına tam zəmanət verilir
Bu gün Azərbaycanın iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyəti Özbəkistana səfər edəcək.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) Trend-ə verilən məlumata görə, konfederasiyanın prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyətində inşaat-tikinti, qida, proqram təminatı, turizm, maliyyə, qablaşdırma, tekstil və başqa sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar.
Səfər zamanı M.Musayevin Özbəkistanın iqtisadiyyat naziri Botir Xodjayev və bir sıra rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub. Azərbaycanlı iş adamları Daşkənd və Səmərqənd şəhərlərində yerli sahibkarlarla görüşlər keçirəcək.
Daşkənddə ASK ilə Özbəkistanın Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumunun imzalanması gözlənilir.
Səfərlə əlaqədar Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev ASK-nın prezidenti M.Musayevlə görüşüb.
ASK-nın fəaliyyəti haqqında ətraflı məlumat verən qurum prezidenti bildirib ki, Konfederasiyanın əsas vəzifələrindən biri dövlət hakimiyyəti orqanları qarşısında sahibkarların mənafelərini müdafiə etməkdir.
Ölkədə sahibkarlığın inkişafına Azərbaycan hökumətinin dəstəyindən danışan M.Musayev bildirib ki, son illər ölkədə texnoloji parkların yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi və islahatların aparılması sahibkarlığın inkişifına böyük təkan verib.
Xarici investisiyaların qorunmasında sahibkarlar üçün dövlət təminatının mühüm əhəmiyyət kəsb etdiyini deyən M.Musayev bildirib ki, investisiyaların təşviqi məqsədilə Azərbaycanda xarici investorlar üçün bir sıra güzəştlər müəyyən olunub.
Səfir isə öz növbəsində bildirib ki, Özbəkistanın yeni rəhbərliyi altında ölkədə prioritet sahələrin inkişafı ilə bağlı beş illik strateji plan qəbul olunub və bu istiqamətdə ölkəsinin Azərbaycan təcrübəsindən öyrənə biləcəyi çox şey var. Səfir qeyd edib ki, Özbəkistanda həyata keçirilən islahatlar həmçinin dövlət-özəl tərəfdaşlığının gücləndirilməsini və investisiya mühitinin yaxşılaşdırılmasını əhatə edir.
Diplomat Özbəkistan hökuməti adından azərbaycanlı iş adamlarının investisiyalarına tam zəmanət verdiyini bildirib: "Diplomatik missiyanın rəhbəri olaraq şəxsən azərbaycanlı iş adamlarının Özbəkistandakı investisiyalarına tam zəmanət verirəm,” - deyə səfir bildirib.
Qeyd edək ki, səfər Azərbaycan məhsullarının Özbəkistan bazarına daxil olması, iş adamlarımızın bu ölkənin şirkətləri ilə işgüzar əlaqələri qurmaq və Özbəkistanda investisiya mühiti ilə tanış olmaq məqsədi daşıyır.
Səfər müddətində keçiriləcək görüşlərlə bağlı məlumatları ASK-nın Facebook səhifəsindən əldə edə bilərsiniz.https://www.facebook.com/sahibkarlar/
banner

Oxşar Xəbərlər