• çərşənbə, 24 Aprel, 07:42
  • Baku Bakı 13°C

Azərbaycanlı girovlar qaytarıla bilər?

07.11.18 19:11 848
Azərbaycanlı girovlar qaytarıla bilər?
Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlıların Azərbaycana qaytarılması məsələsi erməni tərəfinin yaratdığı süni maneələr nəticəsində problemə çevrilib. Beynəlxalq konvensiyaları kobud şəkildə pozan Ermənistan hətta əsir və girovlara işgəncə verməkdən belə çəkinməyib. Hazırda Ermənistan üç günahsız azərbaycanlı girovu əlində saxlamaqdadır – bunlar Şahbaz Quliyev, Dilqəm Əsgərov və Elnur Hüseynzadədir.
Azərbaycan əsir və girov götürülmüş, eləcə də itkin düşmüş vətəndaşlarının geri qaytarılması istiqamətində mütəmadi işlər həyata keçirir. Bu məsələdə Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəçilik missiyası həyata keçirir, eləcə də Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupu (BİQ) fəaliyyət göstərir. Lakin indiyədək azərbaycanlı girovların geri qaytarılmasına nail olunmayıb.
Hətta bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri bəyan etdi ki, Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ münaqişəsi tərəflərinin əlində olan və Beynəlxalq Qırmızı Xaç Komitəsində qeydiyyatdan keçmiş hərbi əsirlərin və girovların "hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi barədə təklifinə cavab vermir.
Onu da qeyd edək ki, oktyabr ayında Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə telefon əlaqəsi saxlayaraq, bu ilin noyabr ayının sonunda Gürcüstanın Tbilisi şəhərində hər iki ölkənin Dövlət komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər.
Əgər Azərbaycan və Ermənistan tərəfləri arasında belə bir görüş baş tutarsa, razılaşma əldə olunacaqmı?


Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov hansısa razılaşmanın olacağına inanmadığını bildirdi. Onun sözlərinə görə, bunun səbəbi Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlıdır: "Bu səbəbdən Ermənistanın yeni rəhbərliyinin vəziyyəti elə də yaxşı deyil. Yeni rəhbərlik öz yerini bərkitmək üçün populist bəyanatlarla ictimai rəyə hesablanmış çıxışlar edir. Yəni, özlərini daha sərt, vətənpərvər, Azərbaycana qarşı barışmaz mövqedə göstərirlər. Çünki qarşıdan seçkilər gəlir və ictimaiyyətə özlərini belə təqdim edirlər. Ona görə də Tbilisidə Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupunun təşəbbüsü ilə Azərbaycan və Ermənistanın müvafiq strukturlarının planlaşdırılan görüşündə əsir və girovların qaytarılması ilə bağlı razılığın əldə olunacağına inanmıram. Digər tərəfdən Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülən dövrdən indiyədək bu fikirdəyəm ki, onları azad etməyin bir yolu var. Biz erməni tərəfinin yüksək qiymətləndirdiyi bir neçə nəfəri gərək əsir, girov götürək və bundan sonra dəyişmə ola. Yoxsa inanmıram ki, ermənilər beynəlxalq hüquq normaları ilə hərəkət etsinlər. Biz bilirik ki, Dilqəm və Şahbazın həbs edilməsi, məhkəməsi qanunsuz bir prosesdir. Mənim fikrim belədir ki, erməniləri məcbur eləmək lazımdır və bu halda onlar azərbaycanlı girovları qaytara bilərlər. Məcburiyyət olmasa, görüşlərlə ermənilər yola gələn deyil”.
E.Məmmədov vurğuladı ki, Ermənistanda parlament seçkilərindən sonra nələrin olacağını bəri başdan demək çətindir: "Çünki Paşinyan nə o qədər ağıllı, nə də bir o qədər axmaq adamdır. Onun təbiətində avantüristlik var, hətta fırıldaqçılıq, dələduzluq olduğunu da deyə bilərik. Ona görə ki, Paşinyan hələ ki kütləni özünün avantürist çağırışları ilə aldadaraq etimad qazana bilib. Yerini möhkəmlətdikdən sonra hansı mövqeyi tutacaqdır, onu bəri başdan demək olmaz. Bir məqama toxunum ki, Paşinyan noyabrın birində Ermənistan parlamentində çıxışı zamanı "biz bu günə qədər 4 qonşunun ikisi tərəfindən blokadada idik, ancaq ola bilsin başqa bir tərəfdən də blokadaya alınaq” kimi fikirlər səsləndirib. Əslində bu gün Ermənistanın vəziyyəti o cürdür. Burada Amerika-İran məsələsi var, Ermənistanda ABŞ-ın xeyli sayda diplomatik missiya adı ilə adamları mövcuddur, eləcə də Gürcüstanla münasibətlər və sair var. Bunların hamısını nəzərə alsaq, ola bilər ki, seçkidən sonra ermənilər özlərinin yaşaması naminə hansısa məsələlərdə güzəştə getsinlər”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, azərbaycanlı əsir və girovların azad edilməsi Azərbaycan tərəfinin ən böyük istəyidir: "Onu da qeyd edim ki, Azərbaycanda əsirlikdə olan erməni hərbçiləri də var və onlar bizim ərazimizdə terror törətmək istəyiblər. Açığını demək lazımdır ki, azərbaycanlı girovları onlarla dəyişə bilərik. Erməni tərəfi yalandan iddia edir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Dağlıq Qarabağ ərazisində cinayət törədiblər, kimisə qətlə yetiriblər. Halbuki, bu iddia kökündən yanlışdır və sadəcə, azərbaycanlı girovları qaytarmaq istəmirlər. Düşünürəm, bu məsələdə biz öz sərt mövqeyimizi ortaya qoymalıyıq. Əgər Ermənistan Azərbaycanın sərhədlərini pozmağa cəhd edən vətəndaşlarını geri istəyirsə, onda azərbaycanlı girovları qaytarmalıdır. Amma çox maraqlı situasiya ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti, hakimiyyəti, siyasi elitası Dilqəm Əsgərov, Şahbaz Quliyev və digər girovların geri qaytarılması üçün böyük səylər göstərərkən, az qala kampaniyalar təşkil edərkən, Ermənistan tərəfi faktiki olaraq, öz vətəndaşlarının taleyini düşünmür, onlarla maraqlanmır. Sanki elə belə də olmalı imiş. Halbuki girovluqda olan vətəndaşlarımız bizim üçün önəmlidir və onların vətənə qaytarılmasını istəyirik. Bizim istək və tələblərimizi əsir və girovlarla iş üzrə dövlət komitələri, Beynəlxalq Qızıl Xaç Komitəsi də bilir”.
E.Şahinoğlu qeyd etdi ki, Ermənistan parlament seçkilərinə doğru gedir: "Hesab edirəm ki, belə bir vəziyyətdə Nikol Paşinyan girovları dəyişməyə risk etməz. Çünki düşünəcək ki, bu onun reytinqinə mənfi təsir edər. Amma hər halda parlament seçkilərindən sonra Paşinyanın əli güclənəcək və parlamentdə böyük səs çoxluğu qazanacaq. Hesab edirəm ki, gələn ilin yanvar-fevral ayları üçün girovların dəyişdirilməsi məsələsi öz həllini tapa bilər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər