• cümə, 29 Mart, 00:18
  • Baku Bakı 7°C

Azərbaycanlı deputat Avropada təhsilin gələcək inkişafına yardımçı olacaq qətnamə layihəsi təqdim edib

23.09.17 11:15 964
Azərbaycanlı deputat Avropada təhsilin gələcək inkişafına yardımçı olacaq qətnamə layihəsi təqdim edib
Parisdə Avropa Şurası Parlament Assambleyasının payız sessiyasından əvvəl qurumun mədəniyyət, elm, təhsil və media məsələləri üzrə komitəsinin iclası keçirilib.
Komitə iclasında bir sıra aktual problemlər üzrə dəvət edilmiş ekspertlərin iştirakı ilə fikir mübadiləsi aparılıb. "Avropada jurnalistlərin statusu”, "Jurnalist etikası və onun qorunması problemi” kimi məruzələr böyük maraq doğurub.
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov komitə iclasının müzakirələrinə qatılaraq, məruzələrin ölkəmizin mətbuatı üçün əhəmiyyət daşıyan tərəfləri haqqında mülahizələrini bildirib.
Komitə iclasının gündəliyində yer alan məsələlərdən biri Rafael Hüseynovun hazırladığı qətnamə üçün tövsiyyədən ibarət idi. Azərbaycanlı deputat bundan əvvəl də müxtəlif mövzular üzrə ideyalar irəli sürüb və bir sıra mühüm mövzular üzrə məruzəçi təyin olunub.
Rafael Hüseynovun AŞPA-nın yay sessiyası çərçivəsində irəli sürdüyü və qurumun Büro iclasında təqdir olunaraq, məruzə hazırlanması üçün tövsiyə edilmiş qətnamə layihəsi təhsil problemlərinə həsr edilib. Rafael Hüseynov "Şagirdlərin tələbatına yönələn təhsil” probleminin əks olunduğu 14362 saylı qətnamə üçün tövsiyənin mahiyyəti və bu mövzu üzrə məruzə hazırlanmasının hansı zərurətdən irəli gəlməsi ilə bağlı fikirlərini açıqlayıb: "Bu gün Avropa təhsilində, xüsusən orta məktəb təhsili şəbəkəsində mütəmadi mübahisələr doğuran, yeni yollar axtarışını uman məsələlərdən biri şagird şəxsiyyətinin təlim prosesində nə dərəcədə nəzərə alınması amilidir. Müasir Avropa məktəbi şagirdləri istedadlı, orta, ya zəif deyə ayırmadan onlara ümumi əsaslarla dərs verir. Təbii ki, hansısa müəllim nisbətən zəif öyrənciləri daha qabiliyyətli, daha yaddaşlı, daha fəal şagirdlərin səviyyəsinə çatdırmaqdan ötrü bəzən onlara daha çox vaxt ayırmaq məcburiyyətində qalır. Mahiyyət etibarı ilə təqdirəlayiq haldır, lakin bütün bunlar dərsdən kənarda deyil, elə bütün şagirdlər üçün nəzərdə tutulan eyni təlim saatları əsnasında baş verir. Deməli, faktik olaraq bir şagirdin irəliləməsi üçün sərf edilən zaman digər daha çox irəliləmək imkanı olan şagirdin vaxtından kəsilərək edilir. Bu və buna bənzər halların çoxlu nümunələri təhsil gedişatında şagirdlərin ehtiyac və tələblərinin bərabər şəkildə nəzərə alınması ilə bağlı kompleks tədbirlərin görülməsini, bütövlükdə orta məktəb təhsilində yeni yanaşmaların tətbiqini aktuallaşdırır. Hazırlancaq hesabat aparılan təhlillər əsasında mümkün modelləri müəyyənləşdirmək, məktəblinin şəxsi keyfiyyətləri və potensialının təhsil prosesində daha çox nəzərə alınmasını təmin edəcək qaydaların yaradılmasını nəzərdə tutur”.
Mədəniyyət, elm, təhsil və media komitəsinə Avropanın müxtəlif guşələrindən dəvət ediləcək mütəxəssis və ekspertlərin iştirakı ilə kollokviumların təşkilinin mövzu üzrə faktiki məlumatların toplanmasında faydalı ola biləcəyi də qeyd edilib.
Azərbaycan nümayəndə heyətinin üzvünün Avropa üçün əhəmiyyətli bir mövzu ilə bağlı hazırladığı qətnamə tövsiyəsini Avropa Şurasının diqqət mərkəzində saxlaması bu nüfuzlu təşkilatla Azərbaycan arasında əməkdaşlığın yüksələn xətlə inkişafının daha bir təzhürüdür.
banner

Oxşar Xəbərlər