AZE | RUS | ENG |

Azərbaycanlı «Culian Assanj»ın 52 saatlıq fırıldağı

Azərbaycanlı «Culian Assanj»ın 52 saatlıq fırıldağı
Elşad Abdullayevin indi Fransada oturub Azərbaycanda yetəni «52 saatlıq məxfi videoçəkiliş»lə hədələməsini hüquq mühafizə orqanlarına bağışlamaq olmaz

2010-cu ildə dünyanın «sakit və firavan, mürgülü və dinc» zamanında az qala Qərbdən tutmuş gündoğana, ABŞ-dan başlamış Cənubi Afrikaya kimi, dünyanın siyasi mənzərəsini dəyişdirəcək bir qalmaqal sahibi peyda oldu. Dünya dövlətləri İranın nüvə silahı düzəltmək planını dinc və danışıqlar yolu ilə aradan qaldırmaq, «ərəb baharı»nın təsir altına düşən ölkələrdə, xüsusən Misirdə, Liviyada, Yəməndə… siyasi hakimiyyətin ABŞ-ın ürəyindən keçən formada dəyişdirilməsinə nail olmaq üstündə baş sındırıldığı bir vaxtda dünyanın bütün ölkələrinin diqqəti "Wikileaks" saytının yaradıcısı Culian Assanja yönəldi.

Hamının bildiyi həqiqətdir ki, Culian Assanj ABŞ diplomatlarının çalışdıqları ölkələrin siyasi həyatı ilə bağlı məxfi yazışmalarının stenoqramlarını ələ keçirib(!) "Wikileaks" saytı vasitəsi ilə yaymaqla ad çıxardı. 2010 və 2011-ci ildə hətta vəziyyət o həddə çatdı ki, Liviyadakı tökülən qanlar belə yaddan çıxdı, ABŞ koalisya qüvvələrinin hərəkətinə nəzarəti belə itirməklə üz-üzə qaldı, hamı internetdə "Wikileaks" saytındakı yazışmalarını-komramatlarını oxumaqla və izləməklə məşğul oldu. Culian Assanj ABŞ-ı İrana, Rusiyanı Azərbaycana, Türkiyəni Fransaya… qatıb hətta bir-birinə dost ölkə başçılarının üzdə bir söz, arxada isə başqa mövqe nümayiş etdirdiyini açıqlayan məxfi yazışmaları ortaya qoydu.

Bir sözlə, hər gün Culian Assanjın bir açıqlaması üzə çıxırdı və hər dəfə də o, «Sabah daha bir açıqlamam olacaq» deyərək dünyanın kürkünə birə salırdı. «Əlimdə filan məxfi yazışmalar var» deyərək siyasətçiləri ürək xəstəliyinə salan Culian Assanj yetənə hədə-qorxu gəlir, şantaj edirdi…

Yəqin xatırlayırsınız ki, o, 2010-cu ilin dekabrın 7-də Böyük Britaniyada həbs olundu. Halbuki Stokholm məhkəməsi hələ noyabrda İsveçdə zorlama və cinsi zorakılıqda ittiham olunan 39 yaşlı avstraliyalının həbs olunması haqqında prokurorluğun sorğusunu təsdiq etmişdi. Noyabrın 20-də isə İnterpol (İsveç prokurorluğunun sorğusu əsasında) təşkilata üzv olan bütün 188 ölkədə Assanjın adına "qırmızı xəbərdarlıq" yayılmışdı. Qısası, Culian Assanj həbs edildi, sonralar məhkəmə qərar çıxardı və onun hazırkı durumu barədə hamı məlumatlı olduğundan onunla bağlı mövzunu burada bitirmək istəyirəm.

Qəribədir ki, yenə də Avropada Elşad Abdullayevin timsalında yeni bir «Culian Assanj» əmələ gəlib. Hər gün bir ittiham və hədə. Yenə də internet kara gəlir. Azərbaycanda çoxsaylı qanun pozuntuları ilə ən azından valideynlər tərəfindən axtarılan, fəaliyyətinə dair bir sıra cinayət işləri istintaq olunan Elşad Abdullayev indi də «WikiLeks» saytının oxşarı olan yootube.com-la Azərbaycana videolar göndərir. Hətta son müsahibələrində deyir ki, onun 7-8 illik gizli çəkiliş videoları var və 52 saatlıq bu məxfi çəkilişlərdə kim onunla ünsiyyətdə olubsa və ondan pul alıbsa, sövdələşmə edibsə, hamısı bu videolarda var.

Amma küçədə süpürgəçi işləyən Fatma xala da bilir ki, E.Abdullayev hələ özünün etiraf etdiyi kimi, ona-buna üst-üstə 10 milyon dollardan çox pul paylayıb. 10 minlərlə saxta diplom və bu diplomların nə vaxtsa alınacağı ümidi ilə ABU-ya gedib-gələn «tələbələrin» valideynlərinin ona verdiyi pulları? Necə olur ki, bu alış-verişlər həmin məxfi videolarda əks olunmayıb? Elə hamı ondan pul alırmış?!

E.Abdullayev, daha doğrusu, Azərbaycanın «Culian Assanj»ı ötən il də Fransada oturub Azərbaycanda işləyənlərə mesajlar da göndərirdi ki, Arzu Kazımov bu qədər alıb, Zahid Dünyamalıyev bu qədər, Hacı Məmmədovun adamları belə elədi, elə elədi və s. Və iki ildi ki, onda olan bu videolarla hamını hədələyir. Hətta vaxtilə onun barəsində yazan KİV-ləri susdurmaq üçün təsir imkanından yararlandığı və onun müdafiəsinə qalxmış insanlar var ki, təbii ki, bunları təmənnasız etməmişdilər. İndi hakimiyyətin çörəyini marçamarç yeyən həmin adamlar da susurlar. Niyə? Çünki qorxurlar ki, E.Abdullayev sabah kabinetdə olmuş məlum alış-verişin videosunu yayar.

Onun Gülər Əhmədova ilə bağlı məlum videosu ətrafında məsələ aydındır. Amma aydın olmayan bir şey var ki, E.Abdullayev Baş Prokurorluğa ünvanlı müraciətində maraqlı sual verir: «Əgər mənim cinayətlərim var idisə, niyə o vaxt məni həbs etmirdiniz?».

Bəli, barəsində Azərbaycanda uşaqdan böyüyə hamının saxta diplom satan kimi tanıdığı E.Abdullayevin indi Fransada oturub Azərbaycanda yetəni «52 saatlıq məxfi videoçəkiliş»lə hədələməsini hüquq mühafizə orqanlarına bağışlamaq olmaz.

Bir sözlə, hələ ki Azərbaycanın «Culian Assanj»ı-Elşad Abdullayev Azərbaycan qanunları ilə qadağan edilmiş gizli çəkilişləri ilə hamını hədələmək, ittiham etməklə əslində özünün fırıldaqçı olduğunu bir daha təsdiqləmiş olur.

Asif Mərzili

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946