AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanlı aktyorların “Müharibə“də birgə mübarizəsi

Azərbaycanlı aktyorların “Müharibə“də birgə mübarizəsi

Mədəniyyət
14 Aprel 2013, 13:30 1134
Qaranlıqdır... Səhnəyə işıq gəlir, yalnız müharibədən sonra qalmış əşyalar və nimdaş yorğan-döşək görünür. Müharibə təzə qurtarıb, amma bununla belə insanlar müharibə ab-havasındadırlar. Onlar böyük, ağrı və acılı problem olan müharibənin onlara yaşatdığı çirkinliklərdən çıxış yolu tapmağı düşünürlər...

Söhbət dünən Gənc Tamaşaçılar Teatrında premyerası olan “Müharibə” tamaşasından gedir. Tamaşanı Lars Norenin eyniadlı əsəri əsasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov səhnələşdirib. Rolları teatrın aktyorları - əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Nigar Bahadurqızı, Roza İbadova və Rasim Cəfər oynayırlar.

Tamaşada müharibədən sonra insanların məişəti, yaşayış uğrunda apardıqları mübarizə təsvir olunur. Kimisi bu mübarizəni təmiz adını çirkləndirərək fahişəlik etməkdə, kimisi isə itirdiyi sevgini başqa birisində axtarmaqda görür.

Evin kişisi müharibədən evə kor qayıdır, gözləmədiyi rəftarla qarşılaşır. Qadın ərinin müharibədən evinə sağ qayıtdığına görə sevinmək əvəzinə, ona qarşı münasibəti daha da pis olur. Hətta bəzi hallarda onu təhqir də edir. Çünki o, ərinin müharibədən evə sağ qayıdacağını düşünməmişdi. Bütün bu illərdə o öz sevgisini ərinin qardaşında tapır, onunla yaşayır. Bütün bunlarla yanaşı, qadın xoşbəxtdir, bəzi hallarda isə özünə haqq qazandırmaqdan belə çəkinmir. Kim bilir, bəlkə, elə günah qadının ərindədir ki, o həyat yoldaşına istədiyi sevgini yaşada bilməyib? Kim bilir, bəlkə, elə günah müharibədədir? Onlar özlərinə haqq qazandıraraq bütün günahları müharibədə axtarırlar. Kişinin qızları isə ataları müharibədə olan zaman pozğun hərəkətləri ilə artıq "ad çıxarırlar".

Tamaşada oynayan qadınların hər biri oxşar tale yaşayır. Hər kəs onlarla bir əşya kimi rəftar edir. Ümumiyyətlə, ana rolunu Kəmalə xanımın yaradıcılığında yeni səhifə hesab etmək olar. Aktrisa bir neçə gün əvvəl bu rol ilə bağlı müsahibəsində ana rolunu oynamağın onun üçün çox çətin olduğunu bildirmişdi. Məncə, o, içində rejissorun görmək istədiyi qəddar, acımasız qadın rolunu yetişdirə bilmişdi.

Uğurlu aktyor ifası ilə seçilən Qurban İsmayılovun səhnədə həqiqi kor insan kimi hərəkət etməsi tamaşaçıları tam inandıra bildi.

Tamaşa həmçinin Nigar Bahadurqızı, Rasim Cəfər, Roza İbadovanın maraqlı oyun ifası ilə seçilir. Bu rolların hər birində ayrı-ayrılıqda özünəməxsusluq, pozitiv ab-hava var. Tamaşada diqqəti çəkən nüanslardan biri də tamaşa başlayandan sonadək səhnədə yalnız bir dekorasiyanın olması idi.

Səhnə işi 16+ tamaşaçılar üçün nəzərdə tutulsa da, gözümüzə uşaqlar da göründü. Mən də bütün tamaşaçılar kimi tamaşanın sonunu düşündüm... Bundan sonra onların həyatları necə olacaq? Onlar birlikdə necə yaşayacaqlar? Ər və arvadın münasibətləri bərpa olacaqmı? Bu kimi suallara bütün tamaşaçılar kimi mən də cavab istədim... Amma... təəssüf ki, bu suala cavab tapmaq elə də asan deyil.

Tamaşada əməyi keçən insanlar gurultulu alqışlara layiqdirlər. Bu alqışları əsirgəmədiklərinə görə tamaşaçılar var olsunlar! Mən "Müharibə"yə inandım...

Milli.Az