• çərşənbə axşamı, 23 aprel, 15:44
  • Baku Bakı 24°C

Azərbaycanla Türkiyə enerji layihələrilə bağlı əməkdaşlığı genişləndirir

08.04.14 12:36 1115
Azərbaycanla Türkiyə enerji layihələrilə bağlı əməkdaşlığı genişləndirir
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya etdiyi işgüzar səfər zamanı müzakirə olunan məsələlərdən biri hər iki ölkə üçün mühüm əhəmiyyəti olan nəhəng regional enerji layihələrinin gerçəkləşdirilməsi oldu. Onun Bakıya digərləri ilə yanaşı, enerji və təbii ehtiyatlar naziri ilə birgə gəlməsi də bu mövzunun prioritet olduğuna şübhə yeri qoymurdu. Prezident İlham Əliyev də baş nazirlə görüşündən sonra keçirilən mətbuat konfransı zamanı enerji məsələsinə xüsusi toxunaraq bildirdi ki, iki ölkəni birləşdirən enerji layihələri var: “Biz bu layihələri bərabər icra edirik. Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir. Artıq bu layihələr regional çərçivədən çıxıb və dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirib”.
Biz də bu səfərin Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə, enerji layihələrinin reallaşmasına hansı formada təsir edəcəyi barədə politoloqların fikirlərini öyrəndik.
Politoloq Elman Nəsirov qəzetimizə açıqlamasında bildirdi ki, ölkə liderlərinin enerji təhlükəsizliyi və hərbi təhlükəsizlik barədə məsələləri müzakirə edəcəkləri bəlli məsələ idi: “Çünki bu mövzular hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyinin ciddi müzakirə obyekti olduğunu konfrans zamanı da müşahidə etdik. Həm Azərbaycan prezidenti, həm də Türkiyə baş naziri bu mövzuda fikirlərini mətbuat nümayəndələri ilə bölüşdülər. Qeyd etdilər ki, Bakı-Tiblisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin ardınca, TAP və TANAP layihələrinin reallaşdırılması ilə bağlı razılaşmaların əldə edilməsi iki dövlətin enerji sahəsində yaxın tərəfdaş olduğunu bir daha təsdiqləyir. Hesab edirəm ki, Krım ətrafında yaranmış son vəziyyətlə bağlı Avropa İttifaqı ilə Rusiyanın münasibətlərindəki gərginlik fonunda enerji məsələlərinin əhəmiyyəti daha da artıb”.
E.Nəsirov xatırlatdı ki, Avropa İttifaqı ölkələri ildə 530 milyard kubmetr qaz istehlak edirlər. Bunun da təxminən 33 faizə qədəri Rusiyadan alınır: “Göründüyü kimi, Rusiyadan alınan mavi yanacağın həcmi kifayət qədərdir. Qərb Krım hadisələrindən sonra Rusiyaya təzyiq rıçaqlarından biri kimi enerji məsələsinin üzərində dayanır. Belə olan vəziyyətdə, təbii ki, alternativ enerji mənbələrinin əhəmiyyəti daha da artır. Ona görə də Türkmənistan və Azərbaycan qazının rolu yüksəlməkdədir. Qeyd edim ki, son vaxtlar Birləşmiş Ştatlarla Türkmənistan rəhbərliyi arasında müəyyən danışıqlar aparılıb. Həmçinin Türkmənistanla Azərbaycan prezidentləri mövzunu telefon söhbətində müzakirə ediblər. Azərbaycan prezidentinin Türkmənistana səfər üçün rəsmi dəvət alması, Ərdoğanın enerji naziri ilə Bakıya gəlişi onu göstərir ki, enerji təhlükəsizliyi məsələsinin aktuallığı durmadan artır. Bu kontekstdə, “Transxəzər” qaz kəməri, Türkmənistan qazının Azərbaycana daxil olması, buradan da Türkiyəyə istiqamətlənməsi çox böyük siyasi məna kəsb edir”.
Müsahibimiz layihələr baş tutacağı təqdirdə Azərbaycanın həm təchizatçı, həm də tranzit ölkə kimi əhəmiyyətinin xeyli artacağını vurğuladı: “Əslinə baxdıqda, bu mövzu hər zaman aktual olub. Amma hazırkı geopolitik reallıqlar, Rusiya-Ukrayna münasibətləri və Krım böhranı məsələnin vacibliyini artırır, Azərbaycanla Türkiyə arasında enerji layihəsinin reallaşmasını qaçılmaz edir. Konfransda da deyildi ki, biz iqtisadi sahədə böyük layihələrə imza atırıq. Qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri Türkiyəyə, Türkiyə sərmayələri Azərbaycana yatırılır. Bu proses çox uğurla davam etdirilir”.
Politoloq Qabil Hüseynli də mövzunun aktual olduğunu dedi. Onun qənaətinə görə, Rusiyanın qərbi qıcıqlandıran hərəkətlərindən sonra Avropanın Azərbaycana mavi qaz mənbəyi kimi baxması xüsusi məqama çevrilir: “Türkmənistanın da bu prosesə qoşulması ehtimalı var. Bilirsiniz ki, yaxın zamanlarda Türkmənistan prezidenti Azərbaycana gəlməlidir. ABŞ və Türkiyə də onun bu layihələrə qoşulması üçün ciddi səy göstərir. Rusiyanın blokadaya alınması ilə əlaqədar olaraq Türkiyənin üzərinə xüsusi bir missiya qoyulur. Bu missiya TANAP və TAP layihələrinin həyata keçirilməsi üçün bütün işlərin sürətlə görülməsidir. Amma Transxəzər qaz kəməri layihəsi üzərində Rusiyanın qərəzli və təhdidedici mövqeyi var. Türkmənistan da bundan ehtiyatlanaraq Amerika və Avropa dövlətlərinin bu məsələnin həllini üzərinə götürməsini istəyir”.
Q.Hüseynli hesab edir ki, Con Kerrinin Azərbaycana səfəri çərçivəsində də enerji layihələrinin reallaşdırılması müzakirə ediləcək: “Türkiyə ilə ölkəmiz arasında başqa iqtisadi layihələr də gerçəkləşə bilər. Məsələn, Ərdoğan istəyir ki, Azərbaycan “Petrol-Kimya” sənayesi adlanan kompleksi bütünlüklə alsın. Hazırda ölkəmiz kompleksin səhmlərinin 51 faizinə sahibdir. Türkiyəyə pul lazımdır. Azərbaycan da bu məsələdə maraqlı görünür. Digər tərəfdən, ölkəmiz Türkiyənin İzmir bölgəsində iri neftayırma zavodu tikmək niyyətindədir. Hətta buna beş milyard dollar pul ayrılıb. Bir sözlə, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı hər iki ölkəyə xeyir gətirəcək”.
Politoloq Rasim Musabəyov nəzərə çatdırdı ki, Ərdoğanın Azərbaycana etdiyi işgüzar səfəri ikitərəfli münasibətlərin yüksək inkişaf mərhələsində olduğunu növbəti dəfə təsdiqlədi. Bir daha bəyan olundu ki, Türkiyə və Azərbaycan rəsmilərinin seçki sonrası qarşılıqlı səfərlər həyata keçirməsi artıq ənənə kimi formalaşıb: “Bilirsiniz ki, böyük enerji layihələrinin həyata keçməsində mütləq şəkildə siyasi dəstəyə ehtiyac olur. Həm o layihələrin imzalanması, həm də həyata keçirilməsi çox ciddi siyasi addımdır. Proyektlərin gerçəkləşməsindən əlavə təbii ki, onların təhlükəsizliyi məsələsi də gündəmə gəlir. Ona görə də bu sahədə əməkdaşlığı genişləndirmək olduqca vacibdir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər