“Azərbaycanla turizm sahəsində ikitərəfli əlaqələrimizdə ən yaxşı təcrübələrin təbliği üçün çalışırıq”
Xarici ölkələrə, xüsusən viza
rejimi tətbiq olunan coğrafiyalara səfər etmək istəyənlərin ən çox üzləşdiyi
problem viza ilə bağlı olur. Bəzən viza əldə etmək üçün sənədlərin qaydada
olmaması, bəzən müraciət edən haqda səhih olmayan məlumatlar və s. səfər etmək
arzusunda olanlara imtina cavabının verilməsinə səbəb olur. Konsulluqlar isə
dəmir qaydalarını təbii ki, pozmaq fikrindən uzaqdırlar.
Bolqarıstanın Azərbaycandakı konsulluğu
da eləcə. Ölkələrinin qızıl qumlu sahillərini, Qara dəniz boyunca uzanan
əsrarəngiz şəhərlərini, özünəxas mədəniyyətlərini, tarixlərini görmək arzusunda
olan insanları, öncə viza müraciəti ilə bağlı qaydalara riayət etməyə dəvət
edir. Nəzərə alsaq ki, ölkələrimiz arasında aşağı büdcəli (low cost)"Buta
Airways”in uçuşları həyata keçirilir, onda məsələnin nə qədər aktual olduğu
təəccüb doğurmaz.
- Cənab konsul, "Buta Airways” 2018-ci ilin yanvar ayından Sofiya və Bakı arasında səfərlər təşkil edir. Bunun nəticəsi olaraq proqnoz etdiyiniz kimi, Azərbaycandan Bolqarıstana turist axını artıbmı? Bu müddət ərzində ölkəmizdən Bolqarıstana nə qədər turistin səfər etməsi barədə məlumat varmı?
- "Buta Airways” in Bakı - Sofiya – Bakı marşrutunun fəaliyyətə
başlamasından sonra turist axını əhəmiyyətli dərəcədə artıb. Bizim məlumatlar
göstərir ki, keçən ilin eyni vaxtı ilə müqayisədə, 2018-ci il yanvarın 1-dən
mayın 31-dək Bolqarıstana səfər edən
Azərbaycan vətəndaşlarının sayı iki dəfə
artıb.
- Azərbaycanlılar sovet
dövründən bəri Varnanın günəşli çimərliklərində istirahət etməyə üstünlük
verirlər. İndi vəziyyət necədir?
Turistlərimiz Bolqarıstanın hansı bölgələrinə daha çox səfər edirlər?
- Bolqarıstanın Qara dəniz sahili ənənəvi olaraq dünyanın hər
yerindən gələn turistlər üçün populyardır. Gözəl hava, qumlu çimərliklər, təmiz
su, bir çox rahat restoranlar və mehmanxanaların bir arada olması Azərbaycan
turistləri daxil olmaqla, dünyanın bir çox ölkələrindən olan turistləri cəlb
edir. Nəinki Bolqarıstana turist kimi gələnlərin sayı artır, hətta onlar il
boyu ölkədən zövq almaq üçün orada əmlak da alırlar. Azərbaycanlı turistlər
üçün "ən populyar” deyə xüsusi bir yer yoxdur, onlar bizim sahil boyunca -
Şimaldan Cənuba hər yeri gəzirlər. Əlbəttə, bizim Qara dəniz sahilindəki ən
böyük şəhərlərimiz – həmişə Varna və Burqas olub. Bu gün də bu bölgələr ən çox
səfər edilən yerlərdir. Ancaq bu bölgələr turistlərə füsunkarlıq təklif edən
çoxlu balaca şəhər və kəndlərlə əhatə olunublar ki, onlar da qonaqlar üçün çox
populyardır.
- Bolqarıstanın Turizm Nazirliyi
ölkənin turizm potensialı ilə tanış olmaq istəyən turistlər üçün hansı əlavə
imkanları nəzərdə tutur?
- Bolqarıstan Respublikasının Turizm Nazirliyinin, dövlət və ictimai
marağın Avropa Birliyi prinsipləri əsasında qorunması üçün aydın və şəffaf bir
turizm siyasətini həyata keçirmək kimi missiyası var. Nazirlik daim
Bolqarıstanı Mərkəzi və Şərqi Avropada turistik məkanlar arasında qabaqcıl yer
tutan, orijinal mədəniyyət və təbiətə malik bir ölkə kimi tanıtmağa çalışır. Turizm Nazirliyinin
səyləri xüsusi turizm növlərinin inkişafına, milli turizm məhsulunun
keyfiyyətinin və onun rəqabət qabiliyyətinin artırılmasına, ölkəyə daha çox
turist cəlb olunmasına yönəlib. Nazirlik öz işində üç əsas prinsipi - effektivlik,
şəffaflıq və biznes və cəmiyyət üçün faydalılığı əsas tutur.
- Bolqarıstana turlar
təşkil etmək istəyən Azərbaycanın turizm agentlikləri ilə hansı işlər həyata
keçirilir?
- 2017-ci ilin noyabr ayında Bolqarıstan səfirliyinin əməkdaşları Azərbaycan
Turizm Assosiasiyasının (AZTA) nümayəndələri ilə görüş keçirdilər. Bu görüşdə
biz Bolqarıstan səfirliyində akkreditə olunmaq istəyən Azərbaycanın hər bir turist agentliyinə ərizə
və lazımi sənədləri təqdim etməyin vacib olduğunu bildirdik. O sənədlər
Bolqarıstan Xarici İşlər Nazirliyinə göndəriləcək və təsdiq olunarsa, həmin
turist agentlikləri Bakıdakı Bolqarıstan səfirliyi tərəfindən akkreditasiya
olunacaq.
- Azərbaycan vətəndaşları
səfərdən nə qədər əvvəl viza üçün müraciət etməlidirlər? Hansı şərtlərdə viza
müraciətindən imtina edilə bilər?
- Bolqarıstana səfər edənlərin, viza müraciətlərinə baxılması üçün
müəyyən qədər vaxt tələb olunduğunu bilmələri çox vacibdir. Adətən, "turist
vizası”nın verilməsi təxminən 3-5, bəzi hallarda isə 8 iş günü çəkir. Başqa
səbəblər üçün olan vizalar - işgüzar səfər, mədəniyyət və idman məqsədli
tədbirlər üçün müraciətlərə baxılması 8 və ya 15 iş günü arasında həll oluna
bilər. "D” (uzun müddətli) viza növləri üçün müraciətlərə 30 iş günü ərzində baxılır. Müraciət edənlər
bilməlidirlər ki, Bolqarıstana dünyanın hər yerindən viza müraciətləri olunur.
Müvafiq qurumlar dünyanın müxtəlif yerlərindən yüz minlərlə viza müraciəti
qəbul edirlər. Ona görə də bu orqanlara viza müraciətlərinə baxmaları üçün
kifayət qədər vaxt lazımdır. Azərbaycan vətəndaşlarına məsləhət görərdim ki,
onlar səfərdən ən azı 10-15 gün əvvəl Azərbaycandakı Bolqarıstan səfirliyinin
Konsulluq bölməsinə gələrək viza üçün
müraciət etsinlər. Viza müxtəlif səbəblərdən imtina edilə bilər. Adətən
sənədlərdəki çatışmazlığa görə vizadan imtina olur. Müraciət edənlər əvvəlcədən
müxtəlif viza növlərinə dair hansı sənədlərin lazım olması barədə
məlumatlandırılırlar ki, Bolqarıstana viza almaq üçün sənədləri təqdim edəndə çətinlik çəkməsinlər.
Viza imtinası ilə üzləşməmək üçün
lazımi sənədlər siyahısına əməl etmək lazımdır. Həmçinin, vizanın
verilməməsinin digər bir səbəbi Konsulluq bölməsinə yanlış və ya saxta
məlumatın təqdim edilməsi ilə bağlı ola bilər. Hər bir vətəndaş viza prosesi
zamanı təqdim etdiyi məlumata görə, şəxsən məsuliyyət daşıyır.
- Turistlər Bolqarıstan
vizası ilə digər Şengen ərazisi ölkələrinə səfər edə bilərlərmi? Turistlərə
ölkədə hansı müddətdə qalmağa icazə verilir?
- Bolqarıstan vizası ancaq Bolqarıstan Respublikasına səfər etmək imkanı
verir. Bu, milli vizadır və Şengen ölkələrinə səfər etməyə icazə vermir. Lakin,
Bolqarıstan Respublikası Nazirlər Şurasının qərarına əsasən, Bolqarıstan Şengen
ərazisinə daxil olandan sonra Şengen vizasına sahib olanlara viza rejimi tətbiq
edilməyəcək. Amma Bolqarıstan
Nazirlər Şurasının qərarına əsasən, ölkə Şengen vizası sahibləri üçün
birtərəfli qaydada vizasız rejim tətbiq edəcək. Onlar qısamüddətli Bolqarıstan
vizasını əldə etmədən 3 aydan artıq olmayaraq ölkəyə daxil ola və yaşaya
bilərlər. Onlar qısamüddətli Bolqarıstan vizası tələb olunmadan ölkəyə
daxil olmaq və ölkəyə daxil olan ilk tarixdən 6 ay ərzində 3 aydan çox
olmamaqla qala biləcəklər.Bolqarıstan
həmçinin Rumıniya, Kipr və Xorvatiya tərəfindən verilən viza və yaşayış icazəsi
sahiblərinə də vizasız rejim tətbiq edir. Bu cür sənəd sahibləri qısamüddətli
Bolqarıstan vizasını əldə etmədən 90 gündən çox olmayaraq Bolqarıstanda qala
bilərlər. Bu şəxslər qısamüddətli Bolqarıstan vizasına ehtiyac olmadan
180 gün müddətində 90 gündən artıq olmayaraq Bolqarıstan Respublikasında qalma
hüququna malik olacaqlar.
- Bolqarıstana hansı
kateqoriyadan olan şəxslər vizasız səfər edə bilər?
- Azərbaycan
vətəndaşları üçün vizanın rəsmiləşdirilməsi üçün ödəniş 35 avro təşkil edir. Avropa
İttifaqı ilə Azərbaycan Respublikası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsinə
dair Sazişin 6-cı maddəsinə əsasən, aşağıdakı şəxslər vizaların alınması üçün
ödənişdən azad edilir: şagirdlər,
tələbələr, aspirantlar və təhsil məqsədilə səfər edənləri müşayiət edən
müəllimlər; 12 yaşa qədər uşaqlar; əlilliyi olan şəxslər; təqaüdçülər;
beynəlxalq mədəni və idman tədbirlərində iştirak edən şəxslər və onları peşəkar
şəkildə müşayiət edən şəxslər, habelə
jurnalistlər və onları peşəkar şəkildə müşayiət edən texniki heyət daxil
olmaqla, digər kateqoriyalı ərizəçilər.
- Ölkənizin turizm
potensialını təbliğ etmək üçün hansı tədbirləri görməyi planlaşdırırsınız?
- Bolqarıstan turizm potensialını dünyada, o cümlədən, Azərbaycan
Respublikasındakı beynəlxalq tədbirlərdə öz rəsmi qurumları vasitəsilə
tanıtmağa çalışır. Məsələn, ölkəmiz
Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində (AITF) daimi iştirakçıdır və
bu il Bolqarıstan sərgiyə tərəfdaşı olub.Azərbaycandakı səfirliyimiz turizm sahəsində ikitərəfli
əlaqələrimizdə ən yaxşı təcrübələrin təbliği üçün daim çalışır. Biz
Bolqarıstanda və Azərbaycanda keçirilən turist sərgilərində hər iki ölkənin
nümayəndələrinin iştirakını təşviq edirik ki, onlar bizim sahib olduğumuz
zəngin mədəniyyəti və tarixi təbliğ edə bilsinlər.
Söhbətləşdi
Təranə Məhərrəmova