• cümə, 29 Mart, 11:35
  • Baku Bakı 5°C

“Azərbaycanla turizm sahəsində ikitərəfli əlaqələrimizdə ən yaxşı təcrübələrin təbliği üçün çalışırıq”

28.06.18 09:00 2080
“Azərbaycanla turizm sahəsində ikitərəfli əlaqələrimizdə ən yaxşı təcrübələrin təbliği üçün çalışırıq”
Xarici ölkələrə, xüsusən viza rejimi tətbiq olunan coğrafiyalara səfər etmək istəyənlərin ən çox üzləşdiyi problem viza ilə bağlı olur. Bəzən viza əldə etmək üçün sənədlərin qaydada olmaması, bəzən müraciət edən haqda səhih olmayan məlumatlar və s. səfər etmək arzusunda olanlara imtina cavabının verilməsinə səbəb olur. Konsulluqlar isə dəmir qaydalarını təbii ki, pozmaq fikrindən uzaqdırlar.

Bolqarıstanın Azərbaycandakı konsulluğu da eləcə. Ölkələrinin qızıl qumlu sahillərini, Qara dəniz boyunca uzanan əsrarəngiz şəhərlərini, özünəxas mədəniyyətlərini, tarixlərini görmək arzusunda olan insanları, öncə viza müraciəti ilə bağlı qaydalara riayət etməyə dəvət edir. Nəzərə alsaq ki, ölkələrimiz arasında aşağı büdcəli (low cost)"Buta Airways”in uçuşları həyata keçirilir, onda məsələnin nə qədər aktual olduğu təəccüb doğurmaz.

- Cənab konsul, "Buta Airways” 2018-ci ilin yanvar ayından Sofiya və Bakı arasında səfərlər təşkil edir. Bunun nəticəsi olaraq proqnoz etdiyiniz kimi, Azərbaycandan Bolqarıstana turist axını artıbmı? Bu müddət ərzində ölkəmizdən Bolqarıstana nə qədər turistin səfər etməsi barədə məlumat varmı?

- "Buta Airways” in Bakı - Sofiya – Bakı marşrutunun fəaliyyətə başlamasından sonra turist axını əhəmiyyətli dərəcədə artıb. Bizim məlumatlar göstərir ki, keçən ilin eyni vaxtı ilə müqayisədə, 2018-ci il yanvarın 1-dən mayın 31-dək Bolqarıstana səfər edən Azərbaycan vətəndaşlarının sayı iki dəfə artıb.

- Azərbaycanlılar sovet dövründən bəri Varnanın günəşli çimərliklərində istirahət etməyə üstünlük verirlər. İndi vəziyyət necədir? Turistlərimiz Bolqarıstanın hansı bölgələrinə daha çox səfər edirlər?
- Bolqarıstanın Qara dəniz sahili ənənəvi olaraq dünyanın hər yerindən gələn turistlər üçün populyardır. Gözəl hava, qumlu çimərliklər, təmiz su, bir çox rahat restoranlar və mehmanxanaların bir arada olması Azərbaycan turistləri daxil olmaqla, dünyanın bir çox ölkələrindən olan turistləri cəlb edir. Nəinki Bolqarıstana turist kimi gələnlərin sayı artır, hətta onlar il boyu ölkədən zövq almaq üçün orada əmlak da alırlar. Azərbaycanlı turistlər üçün "ən populyar” deyə xüsusi bir yer yoxdur, onlar bizim sahil boyunca - Şimaldan Cənuba hər yeri gəzirlər. Əlbəttə, bizim Qara dəniz sahilindəki ən böyük şəhərlərimiz – həmişə Varna və Burqas olub. Bu gün də bu bölgələr ən çox səfər edilən yerlərdir. Ancaq bu bölgələr turistlərə füsunkarlıq təklif edən çoxlu balaca şəhər və kəndlərlə əhatə olunublar ki, onlar da qonaqlar üçün çox populyardır.

- Bolqarıstanın Turizm Nazirliyi ölkənin turizm potensialı ilə tanış olmaq istəyən turistlər üçün hansı əlavə imkanları nəzərdə tutur?
- Bolqarıstan Respublikasının Turizm Nazirliyinin, dövlət və ictimai marağın Avropa Birliyi prinsipləri əsasında qorunması üçün aydın və şəffaf bir turizm siyasətini həyata keçirmək kimi missiyası var. Nazirlik daim Bolqarıstanı Mərkəzi və Şərqi Avropada turistik məkanlar arasında qabaqcıl yer tutan, orijinal mədəniyyət və təbiətə malik bir ölkə kimi tanıtmağa çalışır. Turizm Nazirliyinin səyləri xüsusi turizm növlərinin inkişafına, milli turizm məhsulunun keyfiyyətinin və onun rəqabət qabiliyyətinin artırılmasına, ölkəyə daha çox turist cəlb olunmasına yönəlib. Nazirlik öz işində üç əsas prinsipi - effektivlik, şəffaflıq və biznes və cəmiyyət üçün faydalılığı əsas tutur.

- Bolqarıstana turlar təşkil etmək istəyən Azərbaycanın turizm agentlikləri ilə hansı işlər həyata keçirilir?
- 2017-ci ilin noyabr ayında Bolqarıstan səfirliyinin əməkdaşları Azərbaycan Turizm Assosiasiyasının (AZTA) nümayəndələri ilə görüş keçirdilər. Bu görüşdə biz Bolqarıstan səfirliyində akkreditə olunmaq istəyən Azərbaycanın hər bir turist agentliyinə ərizə və lazımi sənədləri təqdim etməyin vacib olduğunu bildirdik. O sənədlər Bolqarıstan Xarici İşlər Nazirliyinə göndəriləcək və təsdiq olunarsa, həmin turist agentlikləri Bakıdakı Bolqarıstan səfirliyi tərəfindən akkreditasiya olunacaq.

- Azərbaycan vətəndaşları səfərdən nə qədər əvvəl viza üçün müraciət etməlidirlər? Hansı şərtlərdə viza müraciətindən imtina edilə bilər?
- Bolqarıstana səfər edənlərin, viza müraciətlərinə baxılması üçün müəyyən qədər vaxt tələb olunduğunu bilmələri çox vacibdir. Adətən, "turist vizası”nın verilməsi təxminən 3-5, bəzi hallarda isə 8 iş günü çəkir. Başqa səbəblər üçün olan vizalar - işgüzar səfər, mədəniyyət və idman məqsədli tədbirlər üçün müraciətlərə baxılması 8 və ya 15 iş günü arasında həll oluna bilər. "D” (uzun müddətli) viza növləri üçün müraciətlərə 30 iş günü ərzində baxılır. Müraciət edənlər bilməlidirlər ki, Bolqarıstana dünyanın hər yerindən viza müraciətləri olunur. Müvafiq qurumlar dünyanın müxtəlif yerlərindən yüz minlərlə viza müraciəti qəbul edirlər. Ona görə də bu orqanlara viza müraciətlərinə baxmaları üçün kifayət qədər vaxt lazımdır. Azərbaycan vətəndaşlarına məsləhət görərdim ki, onlar səfərdən ən azı 10-15 gün əvvəl Azərbaycandakı Bolqarıstan səfirliyinin Konsulluq bölməsinə gələrək viza üçün müraciət etsinlər. Viza müxtəlif səbəblərdən imtina edilə bilər. Adətən sənədlərdəki çatışmazlığa görə vizadan imtina olur. Müraciət edənlər əvvəlcədən müxtəlif viza növlərinə dair hansı sənədlərin lazım olması barədə məlumatlandırılırlar ki, Bolqarıstana viza almaq üçün sənədləri təqdim edəndə çətinlik çəkməsinlər. Viza imtinası ilə üzləşməmək üçün lazımi sənədlər siyahısına əməl etmək lazımdır. Həmçinin, vizanın verilməməsinin digər bir səbəbi Konsulluq bölməsinə yanlış və ya saxta məlumatın təqdim edilməsi ilə bağlı ola bilər. Hər bir vətəndaş viza prosesi zamanı təqdim etdiyi məlumata görə, şəxsən məsuliyyət daşıyır.
- Turistlər Bolqarıstan vizası ilə digər Şengen ərazisi ölkələrinə səfər edə bilərlərmi? Turistlərə ölkədə hansı müddətdə qalmağa icazə verilir?
- Bolqarıstan vizası ancaq Bolqarıstan Respublikasına səfər etmək imkanı verir. Bu, milli vizadır və Şengen ölkələrinə səfər etməyə icazə vermir. Lakin, Bolqarıstan Respublikası Nazirlər Şurasının qərarına əsasən, Bolqarıstan Şengen ərazisinə daxil olandan sonra Şengen vizasına sahib olanlara viza rejimi tətbiq edilməyəcək. Amma Bolqarıstan Nazirlər Şurasının qərarına əsasən, ölkə Şengen vizası sahibləri üçün birtərəfli qaydada vizasız rejim tətbiq edəcək. Onlar qısamüddətli Bolqarıstan vizasını əldə etmədən 3 aydan artıq olmayaraq ölkəyə daxil ola və yaşaya bilərlər. Onlar qısamüddətli Bolqarıstan vizası tələb olunmadan ölkəyə daxil olmaq və ölkəyə daxil olan ilk tarixdən 6 ay ərzində 3 aydan çox olmamaqla qala biləcəklər.Bolqarıstan həmçinin Rumıniya, Kipr və Xorvatiya tərəfindən verilən viza və yaşayış icazəsi sahiblərinə də vizasız rejim tətbiq edir. Bu cür sənəd sahibləri qısamüddətli Bolqarıstan vizasını əldə etmədən 90 gündən çox olmayaraq Bolqarıstanda qala bilərlər. Bu şəxslər qısamüddətli Bolqarıstan vizasına ehtiyac olmadan 180 gün müddətində 90 gündən artıq olmayaraq Bolqarıstan Respublikasında qalma hüququna malik olacaqlar.

- Bolqarıstana hansı kateqoriyadan olan şəxslər vizasız səfər edə bilər?
- Azərbaycan vətəndaşları üçün vizanın rəsmiləşdirilməsi üçün ödəniş 35 avro təşkil edir. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair Sazişin 6-cı maddəsinə əsasən, aşağıdakı şəxslər vizaların alınması üçün ödənişdən azad edilir: şagirdlər, tələbələr, aspirantlar və təhsil məqsədilə səfər edənləri müşayiət edən müəllimlər; 12 yaşa qədər uşaqlar; əlilliyi olan şəxslər; təqaüdçülər; beynəlxalq mədəni və idman tədbirlərində iştirak edən şəxslər və onları peşəkar şəkildə müşayiət edən şəxslər, habelə jurnalistlər və onları peşəkar şəkildə müşayiət edən texniki heyət daxil olmaqla, digər kateqoriyalı ərizəçilər.

- Ölkənizin turizm potensialını təbliğ etmək üçün hansı tədbirləri görməyi planlaşdırırsınız?
- Bolqarıstan turizm potensialını dünyada, o cümlədən, Azərbaycan Respublikasındakı beynəlxalq tədbirlərdə öz rəsmi qurumları vasitəsilə tanıtmağa çalışır. Məsələn, ölkəmiz Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində (AITF) daimi iştirakçıdır və bu il Bolqarıstan sərgiyə tərəfdaşı olub.Azərbaycandakı səfirliyimiz turizm sahəsində ikitərəfli əlaqələrimizdə ən yaxşı təcrübələrin təbliği üçün daim çalışır. Biz Bolqarıstanda və Azərbaycanda keçirilən turist sərgilərində hər iki ölkənin nümayəndələrinin iştirakını təşviq edirik ki, onlar bizim sahib olduğumuz zəngin mədəniyyəti və tarixi təbliğ edə bilsinlər.
Söhbətləşdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər