• cümə, 19 Aprel, 13:43
  • Baku Bakı 25°C

Azərbaycanla sazişə doğru danışıqlarda irəliləyişə ümid edirik

02.12.13 10:14 1368
Azərbaycanla sazişə doğru danışıqlarda irəliləyişə ümid edirik
“Avropa Birliyinin Azərbaycanla daha sıx əməkdaşlıq etməsini səbirsizliklə gözləyirik. Ümid edirəm ki, assosiasiya sazişinə doğru danışıqlarda irəliləyiş olacaq”. APA-nın Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu açıqlamanı Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton verib. O bildirib ki, şərq qonşuları Avropanın ayrılmaz hissəsidir: “Onlar Avropa tarixi və mədəniyyətini bölüşür, suveren dövlətlər kimi kənar təzyiq və təsirlərdən uzaq, azad və müstəqil, çiçəklənən gələcək qurmaq üçün çalışırlar. Avropa Birliyi üçün onların əhəmiyyəti inkaredilməzdir”.
Vilnüs sammitində AB liderlərinin şərq tərəfdaşları ilə görüşündən söz açan nazir qeyd edib ki, sammitdə Gürcüstan və Moldovanın assosiasiya sazişini paraflaması AB ilə əlaqələrdə yeni mərhələdir. Ermənistanın assosiasiya sazişi barədə qərarı isə məyusluq yaradıb: “Böyük Britaniya əvvəlki kimi Ermənistanda islahatların davam etməsi və xarici təzyiqlərdən azad şəkildə AB və Ermənistanın birgə işi davam etdirməsində maraqlıdır”.
D. Lidinqton Ukraynanın assosiasiya sazişi üzrə qərarının da dərin məyusluq yaratdığını vurğulayıb: “Mən səmimi olaraq Ukrayna hökumətinin tezliklə assosiasiya sazişini imzalamağa hazır olduğunu bəyan edəcəyinə inanıram”.
Nazirin sözlərinə görə, “Şərq Tərəfdaşlığı” ölkələrinin daha stabil və çiçəklənən olması hər kəsin marağındadır.
banner

Oxşar Xəbərlər