• cümə, 19 Aprel, 23:30
  • Baku Bakı 24°C

Azərbaycanla İranın münasibətlərində yeni mərhələ başlayacaq

12.04.14 09:28 1632
Azərbaycanla İranın münasibətlərində yeni mərhələ başlayacaq
Azərbaycan prezidentinin İrana səfəri ilə bağlı “Kaspi”nin suallarını politoloq Elman Nəsirov cavablandırır.
- Elman bəy, səfərlə bağlı hansı təəssüratlarınız var?

- Cənab İlham Əliyevin İran İslam Respublikasına səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verən yeni mərhələnin əsasını qoydu. Bu səfər çərçivəsində demək olar ki, bütün parametrlər üzrə Bakı-Tehran münasibətləri geniş müzakirə edildi. Elə bir məqam olmadı ki, mövqelərimiz fərqli olsun, üst-üstə düşməsin. Həm prezident, həm dini rəhbərlə danışıqlar zamanı, həm də digər görüşlərdə aydın oldu ki, iqtisadi, humanitar, mədəni, hərbi, enerji və s. sahələrdə əlaqələrin genişləndirilməsinə böyük potensial, unikal şanslar mövcuddur. Prezident İlham Əliyev səfər çərçivəsində apardığı danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsinə də toxundu ki, bu da ölkəmiz üçün ən vacib məsələdir. Qeyd edim ki, Ermənistan tərəfi ciddi-cəhdlə İran prezidentinin o ölkəyə səfərini təşkil etməyə çalışır. Bu günlərdə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi müsahibələrindən birində deyib ki, İran qonşu dövlətlərlə münasibətlərə prioritet mövqedən yanaşır. Ermənistanla münasibətlər isə xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, Azərbaycan prezidentinin İrana çox uğurlu rəsmi səfəri göstərdi ki, əslində, İranın xüsusi münasibətləri Azərbaycanladır. Əvvəllər əməkdaşlığın bu səviyyəyə çatması üçün müəyyən maneələr törədilirdi. Nə xoş ki, bu gün İranda praqmatik siyasətçilər hakimiyyətdədir və prezident xarici siyasətdə köklü dəyişikliklər etmək ideyasını ortaya qoyub. Bu isə İranın Azərbaycan üçün əhəmiyyətini daha da artırıb. Prezidentlərin danışıqlardan sonra imzaladığı dörd müqavilə də ölkələrin xeyli yaxınlaşdığını təsdiqləyir. Şahmat dili ilə desək, Azərbaycan ağ fiqurlarla oynayır. Bu isə ilkin üstünlükdür.
- Prezidentin İranın nüvə məsələsi ilə bağlı mövqeyini dəstəkləməsi barədə nə düşünürsünüz? Bunun İran-Azərbaycan, Azərbaycan-ABŞ münasibətlərinə təsiri ola bilərmi?

- İranın nüvə proqramı ilə bağlı məsələsində Tehranın mövqeyini müdafiə etməyimiz iki dövlətin münasibətlərinə pozitiv elementlər əlavə edir. Biz ona görə onları dəstəkləyirik ki, İranın bu proqramı sülhməramlı xarakter daşıyır. Nüvə dövləti olmaq heç də nüvə silahına malik olmaq demək deyil. Ona görə də ölkəmiz İranın nüvə dövləti olmasını normal qarşılayır. Məncə, Azərbaycanın bu mövqeyi ABŞ-la münasibətlərimizə xələl gətirə bilməz. Məsələ ondadır ki, ABŞ özü İranla münasibətlərinə yenidən nəzər yetirir. Xüsusilə, aviasiya daşımaları sahəsindəki embarqosunu aradan qaldırır. Bu ilin iyul ayında İranın nüvə proqramı ilə bağlı növbəti danışıqlara başlanılacaq. Onun bu proqramı dinc yolla tənzimlənməsi yolları getdikcə çoxalır. Ruhaninin sələfi Əhmədi Nejatdan fərqli siyasət yürütməsi, kompromisə meylli olması, qarşılıqlı anlaşma xəttinə sadiqlik Qərb tərəfdən də müsbət qarşılanır. Düşünürəm ki, Azərbaycanın İranla münasibətləri onun Qərblə əlaqələrinin yaxşılaşdırılmasında bir vasitəyə çevrilə bilər.
- Bundan sonra Azərbaycanla İran arasındakı problemlərin həllinin hansı müstəviyə keçəcəyini gözləmək olar?

- Səfər çərçivəsində İranda yaşayan azərbaycanlılarla bağlı məsələlərin də müzakirə olunduğu istisna edilmir. Qeyd edim ki, Həsən Ruhaninin prezident seçilməsində azərbaycanlılar xüsusi rol oynayıblar. O, seçki kampaniyası çərçivəsində çıxış edərkən mülayim xətt yürüdəcəyini elan edirdi. Ona görə də Azərbaycanla İranın münasibətlərinin günü-gündən yaxşılaşacağını ehtimal etmək olur. Amma belə vəziyyəti Ermənistanla münasibətlərin soyuması, kəskinləşməsi kimi qəbul etmək də düz deyil. Hesab edirəm ki, bütün hallarda, İran Ermənistanın işğalçı siyasəti haqqında daha geniş məlumatlar əldə etdi. Aydın oldu ki, İranın bugünkü milli və regional maraqları çərçivəsində Azərbaycanla yaxınlıq qaçılmazdır, nəinki Ermənistanla. Çünki onların heç bir müstəqil siyasətləri yoxdur və himayədarlarının təsir və təzyiqi ilə anında fikirlərini dəyişirlər. Ermənistana etimad və etibar göstərilməsi mümkün deyil. Xatırladım ki, rəhbərləri Avropa İttifaqı ilə çox ciddi sazişlər imzalamağı planlaşdırırdı. Assosiativ saziş, azad ticarət zonası haqda üç il idi ki, danışıqlar gedirdi. Moskvadan gələn bir siqnala Ermənistan mövqeyini 180 dərəcə dəyişdi. Onlar heç bir məsələdə Rusiya ilə məsləhətləşmədən qərar verə bilmirlər. Azərbaycan isə müstəqil xarici siyasət yürüdür. 2008-ci il fevral ayının 17-də Birləşmiş Ştatlar və NATO Kosovanın müstəqilliyini elan edərkən biz nəinki o müstəqilliyi tanımadıq, hətta sülhməramlı qoşunlarımızı oradan çıxardıq. Təbii ki, bu, ABŞ və NATO-nun xoşuna gəlməyən addım idi. Sonra isə Krım böhranı. Onun Rusiyaya birləşdirilməsi məsələsində də ölkəmiz müzakirələrdə qətiyyətli mövqe bildirdi. Bizim üçün kimin maraqlarının tapdanması maraqlı deyil. Azərbaycan kiminsə xoşuna gəlib-gəlməmək haqda düşünmür. Əsas odur ki, bizim maraqlar qorunsun. Bununla da, dünya ölkələri gördü ki, Azərbaycan diktə altında deyil, müstəqil siyasət yürüdür. İran da hər şeyi görür və Ermənistanla Azərbaycanın fərqini bir daha anlayır.
- Sizcə, Ruhaninin Azərbaycanın mövqeyinə yaxın fikirlər səsləndirməsi görüntü xarakteri daşıyır, yoxsa onlardan fərqli münasibət gözləmək olar?

- Görüntü xarakteri daşıyan məlumatlarla aşağı ranqlı məmurlar çıxış edə bilər. Ölkə prezidentinin bəyanatı bütün beynəlxalq ictimaiyyət üçün xüsusi önəm kəsb edir. Prezident Tehranda başqa, İrəvanda isə bir başqa söz söyləyə bilməz. Əgər bu hal baş versə, Ruhaninin imicinə çox mənfi təsir edəcək. O, sözündə bütöv olmayan prezident kimi tarixə düşə bilər. Hər halda, onu liberal düşüncəli prezident kimi tanıyırlar. Ona görə də erməni tərəfinin onun İrəvanda başqa cür çıxış edəcəyi ilə bağlı ümidləri xülyadan başqa bir şey deyil. İşğalçılar bu gün də hər zamankı amplualarındadırlar. Qeyd edirlər ki, guya, Azərbaycan KİV-i İran prezidentinin bəyanatını təhrif edərək təqdim edib. Guya Ruhani regionda coğrafi sərhədlərin dəyişməsini istəmədiyini dedikdə, 20 ildən çoxdur ki, müstəqil olan Qondarma Dağlıq Qarabağ Respublikasının statusunun dəyişməzliyini nəzərdə tutub. Bu duruma sadəcə gülmək olar.
- Nüvə məsələsində ABŞ və Avropa ilə anlaşma əldə etdikdən sonra Azərbaycanla İran arasında iqtisadi münasibətlərin genişləndirilməsi mümkün ola bilərmi?

- İranın nüvə proqramı ilə bağlı Qərb qarşıdurmasının həlini tapacağı təqdirdə İran-Azərbaycan münasibətlərinin iqtisadi müstəvidə daha da inkişaf edəcəyi gözləniləndir. İranın əvvəlki rəhbərliyi Azərbaycanı ittiham edirdi ki, guya biz onların düşmənləri ilə ortaq mövqedən çıxış edirik və İranın düşmənlərini Xəzər regionuna dəvət edirik. İndiki şəraitdə isə onlar özü düşmən adlandırdıqları ölkələrlə münasibətlərini normallaşdırmağa çalışırlar. Yəqin ki, ölkəmizi ittiham etməyə daha bir söz tapmayacaqlar. Nəticədə ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açılacaq. Xüsusilə də, enerji sektorunda əlaqələrin inkişafı üçün yeni mərhələnin başlanması proqnozlaşdırılır. Bu məsələyə Türkmənistanın da cəlb edilməsi istisna edilmir. Belə olan halda, yeni geosiyasi reallıqlar ortaya çıxacaq. Nəticədə, Azərbaycan-Türkmənistan münasibətləri də müsbət inkişaf tempinə malik olacaq. Hesab edirəm ki, belə vəziyyət Avropa başda olmaqla, hər kəsi qane edir.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər