• cümə axşamı, 28 mart, 16:02
  • Baku Bakı 16°C

“Azərbaycanla əməkdaşlıq qarşılıqlı faydalı olmalıdır”

14.07.15 10:52 1937
“Azərbaycanla əməkdaşlıq qarşılıqlı faydalı olmalıdır”
Politoloqlar düşünürlər ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin qurulması Qərb dövlətləri ilə münasibətlərə mənfi təsir göstərməyəcək
Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Şanxay Əməkdaşlıq Təşkilatının Ufada keçirilən geniştərkibli iclasında Azərbaycanın bu qurumda dialoq üzrə tərəfdaş statusunda təmsil olunacağını bildiriblər. “Kaspi” qəzeti Azərbaycanın bu təşkilatla münasibətlərinin qurulması, həmçinin bu qurumla əməkdaşlığın ölkəmizin xarici siyasətinə və Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri barəsində politoloqların fikirlərini öyrənib.
Politoloq Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycan dövlətinin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq etməsini müsbət qiymətləndirir: “Azərbaycan hakimiyyəti həmişə balanslı xarici siyasət yürüdüb. Ölkəmiz onunla yaxın olan dövlətlərlə daha yaxın, isti münasibətlər qurmağa çalışır. Həmçinin xarici siyasətdə enerji daşıyıcılarının şaxələndirilməsi də əsas hədəflərdən biridir. Azərbaycan dövləti yalnız bir neçə ölkədən asılı olmaq istəmir. Buna görə də dövlətimiz yeni ölkələrlə tərəfdaşlıq etməyə, həmçinin yeni əlaqələr qurmağa çalışır. Son dövrə qədər Azərbaycan üzünü yalnız Qərb dövlətlərinə tərəf çevirmişdi. Avropaya inteqrasiya etmək ölkəmizin əsas hədəfi idi. Lakin Azərbaycan son zamanlar daha da güclənib. Ölkəmiz artıq yalnız Qərb dövlətləri ilə deyil, həmçinin Çin başda olmaqla Asiya ölkələri ilə güclü əlaqələrə meyl edir. Azərbaycan Asiya ölkələri ilə olan əlaqələri Avropa dövlətləri ilə olduğu qədər inkişaf etdirmək gücünə sahibdir. Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 60%-dən çoxu Avropa İttifaqına daxil olan ölkələrin payına düşür. Dövlətimizin Asiya ölkələri ilə olan bu göstəricisi 1-2%-dən yuxarı deyil. Amma Asiya ölkələri son zamanlar çox güclü inkişaf edirlər. Hazırda Çinin Azərbaycana qarşı çox güclü maraqları var. Həmçinin ölkəmiz Çin ilə əlaqələrin inkişaf etməsinə çalışır. Rusiya ilə biz qədim zamanlardan qonşu dövlətlərik. Hazırda bu dövlət bizimlə müttəfiqdir və bu əlaqələr uzun müddət davam edəcək. Hər iki dövlət Asiya qitəsində yerləşir və ölkəmizlə əlaqələri inkişaf etdirməyə maraq göstərir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Çinə səfər etməsini buna misal olaraq göstərmək olar. Həmçinin Asiya qitəsində yerləşən və Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan Qazaxıstan ilə çox sıx əlaqələrimiz mövcuddur. Bu dövlət həmişə ölkəmizi müdafiə edib və bizim ərazi bütövlüyümüzü dəstəklədiyini hər zaman bildirib. Lakin ölkəmizin hazırda bu təşkilatda dialoq üzrə tərəfdaş olmağı vacib geostarateji əhəmiyyətə malikdir. Çünki Qərb dövlətləri Azərbaycanın heç bir qurum ilə əməkdaşlıq etməyəcəyini düşünürdü. Bu addımla dövlətimiz Asiya istiqamətində də inkişaf edəcəyini sübuta yetirdi. I Avropa Oyunları zamanı Qərb dövlətləri bizə xəyanət etdilər. Buna görə də ölkəmiz başqa təşkilatlar ilə əməkdaşlıq etməyə bundan sonra üstünlük verəcək. Həm Rusiya, həm də Qazaxıstanın prezidentlərinin böyük fəxrlə ölkəmizin bu təşkilatla əməkdaşlıq edəcəyini bildirməsi Azərbaycan Prezidenti İlham Əliyevin böyük nüfuzunun göstəricisidir”.
Politoloq qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Qazaxıstan rəhbəri bizim mövqeyimizi açıq-aşkar müdafiə edir. Rusiya prezidentinin ölkəmizlə bağlı mövqeyi kifayət qədər dəyişib. Çin də ərazi bütövlüyümüzü dəstəkləyir. Ona görə də Azərbaycan bu təşkilatla əməkdaşlıq etməklə Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni stimul verəcək”.
Politoloq Elman Nəsirov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin xarici siyasəti çoxvektorlu, tarazlaşdırılmış və çevikdir: “Bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev də davam etdirir. Prezident xarici siyasətə hücum taktikası da əlavə edib. Ölkə rəhbəri üçün Azərbaycan dövlətinin maraqları hər şeyin üstündədir. Bu siyasətdən çıxış edərək ölkəmiz beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir. Azərbaycan hər hansı bir təşkilatda təmsil olunursa, ilk öncə Dağlıq Qarabağ münaqişəsinin həllinə cəhd edir. Ölkəmizin qoşulduğu təşkilatların bu münaqişənin həllindəki mövqeyi çox vacibdir. Lakin Ermənistanı Şanxay Əməkdaşlıq Təşkilatına dəvət edən dövlətlər bilməlidir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilmədən işğalçı dövlətlə heç bir təşkilatda və yaxud qurumda təmsil olunmayacaq. Rusiya və Qazaxıstan prezidentləri tərəfindən verilən təklif ölkə rəhbəri tərəfindən dəyərləndiriləcək və bu qurumda təmsil olunmağın müsbət və mənfi tərəfləri araşdırılacaq. Lakin unutmaq olmaz ki, ölkəmizə verilən təklif üzvlüklə bağlı deyil. Yəni Azərbaycan dialoq üzrə tərəfdaş statusunda bu təşkilatda təmsil oluna bilər”.
E.Nəsirov qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın əlaqələr qurması Qərb dövlətləri ilə olan münasibətlərə mənfi təsir göstərməyəcək: “Azərbaycanın ABŞ, Rusiya və Avropa İttifaqının aparıcı dövlətləri ilə sıx münasibətləri mövcuddur. Bizim ölkəmizin xarici siyasəti Ermənistandan başqa heç bir dövlətə qarşı yönəlməyib. Əgər yeni yaranan təşkilat Azərbaycanın üzləşdiyi problemlərin həllinə yardım edirsə, biz bu qurumla münasibətlərin formalaşmasında maraqlıyıq. Amma dövlətimiz formal olaraq yaranan, heç bir nəticəsi olmayan təşkilatlarda təmsil olunmaq niyyətində də deyil. Azərbaycan ilə hər hansı bir təşkilatın əməkdaşlığı qarşılıqlı faydalı olmalıdır”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər