• cümə, 19 Aprel, 22:50
  • Baku Bakı 24°C

“Azərbaycanla diktə ilə danışmaq yolverilməzdir”

19.09.14 13:09 1090
“Azərbaycanla diktə ilə danışmaq yolverilməzdir”
Dünən Avropa Parlamentində Azərbaycanla bağlı məsələ müzakirə olunub. Avropa Parlamentinin bir qrup deputatı tərəfindən hazırlanan qətnamə layihəsində QHT-lərin hüquqlarının məhdudlaşdırılması, bəzi məmurlara sanksiyaların tətbiqi və s. məsələlər haqda təkliflər öz əksini tapıb. Qeyd olunub ki, Azərbaycanda son bir neçə ildə insan hüquqları sahəsində vəziyyət əvvəlki illərlə müqayisədə daha pisdir.
Qətnamədə mütləq şəkildə qeyd olunacağı əvvəlcədən bəlli olan maddə - Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunusun dövlətə xəyanət, vergidən yayınma və digər ittihamlarla məsuliyyətə cəlb olunaraq, barələrində həbs-qətimkan tədbiri seçilməsi xüsusi vurğulanıb. Vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə maddələrilə ittiham olunanlar da siyasi məhbus kimi qələmə verilib, onlar barədə verilən qərarın yanlış olduğu bildirilib.
"Azadlıq" qəzetinin maliyyə problemləri üzündən fəaliyyətini dayandıra biləcəyi ehtimalı isə dövlətin söz və fikir azadlığına məhdudiyyət qoyması kimi yozulub.
Qətnamə layihəsi haqda fikirlərini bizimlə bölüşən millət vəkili Çingiz Qənizadə dedi ki, bu cür maddələrin müzakirəyə çıxarılması ölkəmizə qarşı qərəzli davranışdan başqa bir şey deyil: “Dəfələrlə avropalıların Azərbaycana qarşı belə münasibətdə olduqlarını açıq şəkildə göstərdiklərinin şahidi olmuşuq. Onlar hər zaman ölkəmizin daxili işlərinə qarışmağa cəhd ediblər. Ən çox təəssüf doğuranı isə odur ki, öz ölkələrindəki qüsurları görməyib və ya görməzdən gəlib, Azərbaycanda olan hansısa xırda bir nüansı tutur, şişirdir, qlobal problem kimi təqdim edirlər. Məncə, hamıya məlumdur ki, ölkəmiz haqda mənfi rəy yaratmaq hər zaman Avropanın bir sıra qurumlarının, beynəlxalq təşkilatların maraq dairəsində olub. Onlar müəyyən təşkilatları maliyyələşdirməklə ölkədəki müəyyən stabilliyi, sabitliyi pozmağa, gedən inkişafı kölgə altına salmağa çalışıblar. Çalışdıqları ən önəmli məqam isə ölkənin daxili işlərinə birbaşa müdaxilə edəcək qərarlar verməkdir”.
Ç.Qənizadə nəzərə çatdırdı ki, ölkədə QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması haqda olan iddialar əsassızdır: “QHT-lər, qrantlar haqqında qanuna edilən dəyişikliklər dövlətçilik maraqlarına xidmət edir. Hər bir dövlət kimi Azərbaycan da öz təhlükəsizliyinin təmin olunmasına çalışır. Bəli, ölkədə yalnız dövlət qeydiyyatına alınmış QHT-lər maliyyə vəsaiti ala bilər. Alınan qrantlar da Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir”.
Millət vəkilinin fikrincə, heç bir müstəqil ölkə ilə belə danışılmamalıdır: “Onlar sanki diktə ilə danışaraq bizə təzyiq edə biləcəklərini düşünürlər. Cənab prezidentin bu məsələlərlə bağlı konkret mövqeyi var və bunu bütün dünya bilir. Heç kim Azərbaycanla diktə ilə danışa bilməz. Sevindirici haldır ki, o cür çıxışların heç bir nəticəsi yoxdur. Bəlkə də elə ona görə son zamanlar mövqelərini bir az dəyişiblər və başqa manevrlərə əl atıblar. Bütün müzakirələr, verilən bəyanatlar, qərarlar Azərbaycan haqda neqativ fikir yarada bilmir. Bunların müstəqilliyimizə də heç bir təsiri olmayacaq. Cənab prezident hər zaman deyib ki, ölkə daxilində hər hansı problem varsa, onun həlli ilə məşğul olacağıq. Amma heç kim, heç bir beynəlxalq təşkilat bunu diktə ilə deməməlidir. Hər bir ölkədə problemlər olduğu kimi, Azərbaycanda da müəyyən neqativ hallar baş verə bilər. Onları ölkə daxilində müzakirə edib, həll etmək iqtidarındayıq”.
Müsahibimiz qeyd etdi ki, Ukraynada baş verənlər bir daha Azərbaycanın gücünü, nüfuzunu ortaya qoydu: “Onların Ukrayna haqda mövqeləri növbəti dəfə təsdiqlədi ki, bizə qarşı ikili standartdan çıxış edirlər. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər, hətta bu mövzunu Azərbaycanda müzakirəyə qoyurlar, amma bizim ərazi bütövlüyümüz haqda həmişəki kimi qeyri-müəyyən bəyanatlar verirlər. Bizim nümayəndə heyətimiz tədbir zamanı haqlı olaraq bildirdi ki, buradan-bura Qarabağı görmürsünüz, amma Ukraynanın işğalından danışırsınız. Onlar ənənəvi olaraq, belə suallara cavab verməkdən yayındılar. Bu, bir daha göstərir ki, onlar Azərbaycanın işğala məruz qalmasını görməzdən gəlirlər. Hətta əksinə, ölkəmizin müstəqil və qüdrətli olmasını arzulamırlar. Ona görə də imkan düşdükcə, Azərbaycanla bağlı hər hansı bəyanatların, qərarların verilməsinə çalışırlar. Təbii ki, belə halların hamısı nəticəsiz qalacaq. Onlar qanunvericiliyimizə də müdaxilə etmək istəyirlər. Biz Avropa Şurasına daxil olarkən üzərimizə müəyyən öhdəliklər götürmüşük. Ona görə də qanunlarımız Avropa standartlarına uyğundur. Sevindirici haldır ki, biz öz qanunlarımızı onların diktəsi ilə deyil, zamanın bizə göstərdiklərinə əsasən yazmağa çalışırıq. Azərbaycan qanunlarına diktə etmək yolverilməzdir. Biz öz qanunlarımızı ölkəmizin maraqlarına uyğun olaraq yazırıq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər