• çərşənbə, 24 Aprel, 23:37
  • Baku Bakı 23°C

Azərbaycanla bağlı rəsmləri “Artek”in tarix muzeyinə hədiyyə olunan “pioner” - MÜSAHİBƏ

11.09.21 12:30 1330
Azərbaycanla bağlı rəsmləri “Artek”in tarix muzeyinə hədiyyə olunan “pioner” - MÜSAHİBƏ
Azad Yaşar: "O maket mənim üçün ideya cücərtisi olaraq qaldı, arxiv eksponatına çevrildi”
"Əşyaların taleyi” rubrikamızın budəfəki qonağı tanınmış şair, tərcüməçi Azad Yaşardır. A.Yaşar "Hamı və heç kim”, "Konsept” kimi şeir kitablarının müəllifidir və onlarla xarici ədibin əsərlərini dilimizə çevirib. Azad bəy onun üçün doğma olan, xüsusi tarixçəyə malik əşyalar haqda məlumat verdi.

– Azad müəllim, əşyaların sizin üçün önəmi, əzizliyi onların xüsusiyyəti, necə bir dəyər daşıyıcısı olması ilə ölçülür?
– Məncə, əşyaların dörd cür dəyəri var. Birinci dəyər onların hazırlandığı material – maddə ilə bağlıdır: həmin material hər hansı əşyanı dəyərli qıldığı kimi, onu nisbətən dəyərsiz də edə bilir. Məsələn, eyni əşya qızıldan və misdən hazırlananda biz bunun aşkar şahidi oluruq.İkinci dəyər o əşyanın faydalı, yararlı, vazkeçilməz olması ilə bağlı olur. Əgər fikir veribsinizsə, tanınmış ustalar peşə və sənətləri ilə bağlı əşyalarını – alətlərini başqasına və ümumiyyətlə, heç kimə verməyə qıymırlar, çünki bunlar ustaların nəzərində, bir növ çörək ağacıdır, Yaradanın onlara bəxş elədiyi böyük lütfün, seçilmişliyin bir nişanəsidir. Həm də başqası həmin alətə ustanın yüklədiyi gizli mənalar nəzəri ilə baxmır axı, deyir ki, əşi, nə böyük şey imiş, cansız əşyadır da. Halbuki, usta o cansız əşyaya, alətə öz əlinin, gözlərinin, beş duyğu üzvünün və son nəticədə bədəninin, ruhunun davamı, ifadəçisi kimi baxır. Diqqət yetiribsinizsə, xalq dilində alətə "dilək” də deyilir: bu sinonim söz də göstərir ki, insanlar alətə, əşyaya öz diləklərinə yetişmək vasitəsi kimi yanaşırlar, onun yardımı ilə çörəkpulu qazanmağa, özlərini, ailələrini və sevdiklərini ayaqda tutmağa, saxlamağa çalışırlar. Deməli, bunlar sayəsində həyatda qalmağa, ən ümdə arzularına çatmağa can atırlar...Cansız əşyaya üçüncü dəyəri isə ondan yararlanan şəxs qazandırır. Məsələn, İstanbulun Topqapı muzeyində saxlanan "Müqəddəs əmanətlər” adlı kolleksiyada Allahın peyğəmbərinə, İslam xəlifələrinə aid geyim, şəxsi əşya, silah və sair qorunur. Bunları dəyərli edən isə onlardan vaxtilə istifadə edən o tarixi şəxsiyyətlərdir...Dördüncü, həm də əvvəlkilərdən xeyli fərqli dəyər isə bir əşyanın, ümumiyyətlə və hələlik heç istifadə olunmaması ilə əlaqəlidir. Məsəl ən, bir əşyanı müştəri kimi sizə təklif eləyəndə, bəyəndirmək və ya sırımaq istəyəndə xüsusi şəkildə vurğulayırlar ki, ondan hələ heç kim faydalanmayıb, qət təzədir, ruslar demişkən, "üstünə nə toz qonub, nə də milçək”. Yəni bunun əsl qiyməti – ilk sahibinin məhz sizin olmağınızdır, onun başqalarından öncə məhz sizə qismət olmasıdır, sırf sizin bəxtinizə yazılmasıdır.
– Uşaqlığınızın keçdiyi Sovet dövrünün reallığına ən azı böyüklərimizin xatirələrindən və tarixdən mən də az-çox bələdəm. "Pioner” jurnalında çap olunan ilk əl işinizdən danışmağınızı istərdim...
– Bu ilin fevralında itirdiyim əziz anam deyirdi ki, bacılarımla müqayisədə mən, nisbətən gec dil açmışam. 3 yaşıma qədər ayrı-ayrı sözlər deyirmişəm, sonradan isə həm qəfil, həm də qəliz cümlələrlə danışmağa başlamışam. Rəsmə marağım da elə həmin yaşa təsadüf edib. Əvvəlcə getdiyim uşaq bağçasının, sonra oxuduğum sinfin və məktəbin, sonra ali təhsil aldığım memarlıq fakültəsinin, daha sonra xidmət keçdiyim hərbi polkun rəssamı olmuşam. Əsgərlikdən sonra doğma Əli-Bayramlı (indiki Şirvan) şəhərində memar, baş rəssam və baş memar vəzifələrində çalışmışam. Bütün bu uğurların ilk müjdəsi sayılacaq rəsmim isə 1973-cü ilin noyabrında "Pioner” jurnalında çap olunub. "Mənzərə” adlanan o rəsmdə meşə zolağı ilə örtülü yarı yaşıl, yarı qarlı dağları təsvir etmişdim. Şəklin aşağısında adım-soyadım, hansı şəhər məktəbinin neçənci sinfində oxuduğum göstərilmişdi.Aradan heç bir həftə ötməmiş məktəb kitabxanasında işləyən qadın tənəffüsdə bizim sinfə girdi və mənə 20-30 məktub uzadaraq "bunlar sənə gəlib” dedi. Heyrətdən karıxdım, çünki o vaxta qədər uzaqbaşı kənddəki dayım uşaqlarına arada məktub yazırdım. Həm də o məktublar məktəbə yox, ev ünvanıma gəlirdi. Sinif yoldaşlarım maraqla tez başıma toplaşdılar. Başladıq zərfləri bir-bir açıb oxumağa. Respublikanın uzaq-yaxın bölgələrindən yaşıdlarım yazırdılar ki, filan sinifdə, filan qiymətlərlə oxuyurlar, çəkdiyim rəsmi çox bəyəniblər, mənimlə dost olmaq, yazışmaq istəyirlər, yay tətilində məni öz kəndlərinə qonaq dəvət edirlər və sair. Bu məktubların sayı günbəgün və durmadan artırdı, kitabxanaçı qadın isə şikayətlənirdi ki, buna bax da, əl boyda uşağın – onda 12 yaşım var idi, şəxsi poçtalyonuna dönmüşəm.Bir gün stadionda futbol oynayanda pioner dəstə rəhbəri hövlnak gəlib dedi ki, direktor səni çağırır. Qan-tər içində idim, əyin-başımı, saçımı abıra salıb dəstə rəhbərinin ardınca yola düzəldim. Girdik o zəhmli direktorun otağına, gördüm "Komsomol projektoru” adlanan divar qəzetini qoyub qarşısına, diqqətlə baxır. Soruşdu ki, bu karikaturaları sən çəkibsən belə? Mən də günahkar görkəmlə "hə” deyə mızıldandım. Dedi: "Sən əməlli-başlı istedadsan ki! Afərin, vallah! Belə də davam elə!” Onu da qeyd edim ki, rəsmim jurnalda çıxandan sonra məktəbin komsomol katibi mənə tənbəl, nadinc və zəif oxuyan şagirdlərlə bağlı karikaturalar çəkməyi tapşırmışdı, halbuki mən hələ komsomolçu yox, pioner idim. Divar qəzetinin ətəyində rəssam kimi mənim ad-soyadım yazılırdısa, mövzusuna görə karikaturaların altında da yuxarı sinif şagirdlərinin, yəni "komsomolçular”ın adları sadalanırdı. Bunlar da hamının gülüş hədəfinə çevrildikləri üçün gəlib yapışırdılar yaxamdan ki, bəs sən niyə bizi bütün məktəbdə biabır edibsən? Məcburən deyirdim ki, onları çəkəndə mən konkret kimisə nəzərdə tutmamışam ki, xarakterik məqamları təsvir etməyə çalışmışam, sadəcə bu təsvirlər gülüş doğurur. Komsomol katibi və direktor isə vaxtaşırı o uşaqlara təpinirdi ki, gedin dərsinizi yaxşı oxuyun, onda belə problemlər də yaşanmaz...1974-cü ilin mayında fəal və əlaçı şagird kimi məni Azərbaycan pionerlərinin Bakı toplanışına nümayəndə göndərdilər. Bizim şəhərdən 10-a yaxın uşaq toplanışa getmişdi. Tədbirdə hər şəhər və rayondan 1 nəfər olmaqla, VI Ümumittifaq pioner toplanışına nümayəndələr seçiləndə də bəxtim gətirdi və həmin ilin iyul-avqust aylarında beynəlxalq pioner düşərgəsi sayılan "Artek”də düz bir ay dincəlmək fürsəti qazandım. Toplanışda 52 ölkədən 3270 yeniyetmə iştirak edirdi.
– Bəs "Artek”dən gətirdiyiniz xatirə əşyaları barədə nə deyərdiniz?
– O əşyalar arasında yeni və xarici dostlarla qarşılıqlı şəkildə dəyişdiyimiz əşyalar – markalar, bukletlər, metal və kağız pullar, suvenirlər, musiqi valları, afişalar və sair – üstünlük təşkil edirdi. O vaxt Çilidə general Aqusto Pinoçetin faşist rejimi təzəcə qurulmuşdu, solçu prezident Salvador Alyende, müğənni Viktor Xara, siyasi xadim Luis Korvalan və yüzlərlə vətənpərvər xunta tərəfindən ya qətlə yetirilmiş, ya da qaranlıq zindanlara atılmışdı. Bu səbəbdən də, Çilidən gələn nümayəndələrə hamı xüsusi qayğı ilə yanaşırdı, hər kəsə onların mübarizə himni sayılan "Venseremos” mahnısını əzbərlətmişdilər. Toplanışın açılış mərasiminə bütün ölkədə tanınan insanlar – kosmonavt A.Leonov, bəstəkar A.Paxmutova, olimpiya çempionu, fiqurlu konki sürən İ.Rodnina və başqaları dəvət olunmuşdu. ABŞ, Venesuela, Belçika, Almaniya, Fransa, Çili və sair ölkələrdən, əsasən, sosialist düşərgəsi ölkələrindən gələn yaşıdlarımla bir ay boyu yanaşı olmam, dostluq qurmam o vaxtlar təzəcə formalaşan dünyagörüşümə dərin təsir göstərmişdi. Anlamışdım ki, millətindən, irqindən, dini inancından və yaşadığı ictimai sistemdən asılı olmayaraq, əsl insanın məğzi dünyanın istənilən guşəsində və qitəsində həmişə dəyişməz olaraq qalır.Çəkdiyim və əsasən Azərbaycanla bağlı rəsmlərdən ibarət bütöv bir albom isə evə dönmək ərəfəsində nümayəndə heyətimiz adından "Artek”in tarix muzeyinə hədiyyə olundu.


– Vaxtı ilə keçmiş Əli-Bayramlı (indiki Şirvan) şəhərində memar işləyərkən "Bütöv Azərbaycan” adlı bir memarlıq layihəniz olub. Həmin layihənin maketi bu gün də sizdədir. Maraqlıdır, o layihənin özəllikləri, məqsədi nə idi və hansı səbəbdən o vaxt reallaşmadı?
– O, bir hovuz və qazon kompleksinin maketidir, abadlaşdırma elementi kimi hazırlanmışdı. Əsası 1957-ci ildə qoyulan və sosialist şəhəri sayılan Əli-Bayramlıda yetişən yerli gənclər arasında ali memarlıq təhsili alan ilk adam mən olmuşam. Təyinatım da bu səbəbdən doğma şəhərimə verilmişdi. 1987-ci ildə Əli-Bayramlıda memar işləyərkən öz istəyimlə sözügedən hovuzun dizaynını və maketini işlədim, adını da "Bütöv Azərbaycan” qoydum. Səkkizguşəli ulduzun ətrafında birləşən o bir cüt ürək Şimali və Cənubi Azərbaycana işarət edir. Həmin "ürəklərin” (yaşıl çəmənlərin) içində rəngarəng güllər əkiləsi idi ki, bu da böyük və nəcib millətimizin son 160 ildə bütövləşməyə bəslədiyi arzularının çiçəklənməsinin simvoluna çevriləcəkdi.1989-cu ildə respublikamızda milli-azadlıq hərəkatı güclənəndə şəhər İcraiyyə Komitəsinin binası qarşısındakı parkda bu layihənin gerçəkləşməsinə start verildi. Ancaq aradan heç bir həftə ötməmiş işi dayandırdılar ki, guya, dizaynda xaç işarəsi var. Nə qədər izah eləsəm də, dediklərim başlarına batmadı. Şəhər rəhbərliyi isə öz kreslosunu qorumaqdan ötrü hər xırda şeydən səksənib çəkinirdi. Görünür, insanlar nadan və xəbis olanda birləşən ürəkləri də "xaç” şəklində görməyi bacarırlar...Həmin vaxtdan bəri o maket mənim üçün bir ideya cücərtisi olaraq qaldı, yəni arxiv eksponatına çevrildi. Gənc və müstəqil dövlətimiz cənnət Qarabağı itirəndən sonra ümumilikdə Şimali Azərbaycanın aqibəti təhlükə altına düşdüyü üçün o bütövləşmə söhbəti tamamilə unudulub getdi.

– Dediyinizə görə, şəxsi arxivinizdə uzun illərdən bəri saxladığınız möhürlü bir sənəd də var. İstərdim ki, siz onun nə məqsədlə verildiyini, hansı ağrılı-acılı günlərlə bağlı olduğundan da söz açasınız...
– Rusca yazılan və İcraiyyə Komitəsi sədri tərəfindən imzalanan o sənədin məzmunu aşağıdakı kimidir: "Bakı şəhəri hərbi komendantının müavini yoldaş D.F.Turanskiyə.Əli-Bayramlı şəhər İcraiyyə Komitəsi, şəhərin ərazi sərhədləri ilə bağlı məsələlərin həlli məqsədi ilə vətəndaş Fərəcov Azad İlyas oğluna Azərbaycan SSR Dövlət Aqrar Sənaye İnstitutuna getməsi üçün icazə sənədi vermənizi sizdən xahiş edir”.Qeyd olunan məsələ ilə bağlı o vaxt mən bir neçə dəfə Bakıya ezam olunmuşdum. Sonuncu gedişim isə 20 Yanvar qırğınından iki gün sonraya təsadüf eləmişdi. İcraiyyə Komitəsinin sədr müavini Vaqif Məmmədov və bir əməkdaşla birgə paytaxta getmişdik. Xatirimdədir ki, evdə ailə üzvlərim də narahat olmuşdular ki, mülki vətəndaşların "şanlı Sovet Ordumuz” tərəfindən gülləbaran edildiyi həmin günlərdə şəhərin ərazi məsələsi nə dərəcədə vacibdir, görəsən. Çünki hərbçilərin kəsdiyi başa, tökdüyü qana sorğu-sual yox idi deyə, biz də heç bir özbaşınalıqdan sığortalana bilməzdik. Bayıl girişində qurulan postda sənədlərimizi yoxlayıb şəhərə buraxdılar. Salyan kazarması və 20 Yanvar dairəsi – o vaxt "XI Qızıl Ordu meydanı” adlanırdı – tərəfdə insanların topa-topa, məyusluq və kədər içində dayandığına şahid olduq. Vaqif müəllim maşını saxlatdırdı, aşağı enib biz də şəhidlərimizin qanına bələnən o daşa, torpağa dərin sayğı ilə baxdıq, onların ruhuna fatihə oxuyub, salavat çevirdik. Hər qan gölməçəsinin ətrafına sevgi və sayğı əlaməti olaraq tər qərənfillər düzülmüşdü. Düşünəndə ki, o al qan ikicə gün əvvəl bizim "Azadlıq!” deyə hayqıran məsum bacı-qardaşlarımızın damarlarında axırmış, haqq-ədalət tələb edirmiş, adamın ürəyi qana dönürdü, vallah. Amma o faşist qəddarlığı ilə tökülən qanlar da vətən sevdalılarımızı əsla susdura bilmədi və bilməzdi də...

O ara beynimdə sonradan bu mövzuda yazacağım şeirin ilk misraları doğuldu:
Yox, burdan biganə keçə bilmirəm –
Bürüyür qəlbimi alov dilləri.
Gözlərim nəmlidir, seçə bilmirəm
Şəhidlər qanından qərənfilləri...
Əslinə qalanda, o icazə sənədini də xüsusi bir qayğı, diqqətlə saxlamamışam. Sadəcə olaraq, onu köhnə kitablardan birinin arasında tapdım və o vaxtdan bəri yaşadığımız hadisələr fonunda xalqımızın hansı keşməkeşlərdən keçdiyini, şəxsən özümün ötən altmış ildə haradan-haraya gəldiyimi təsəvvürümdə canlandırdım və bu sayədə söhbətimizin əvvəlində dediyim kimi, bu cansız sənədin dəyəri gözümdə birə-on artdı.


– Əgər bu dünyada əşya kimi mövcudluq mümkün olsaydı, hansı əşya olmağa üstünlük verərdiniz?
– Bər-bəzəksiz və içdən gələn sözlərin yazılmasına xidmət edəcək bir qələm olmaq istərdim: axı qələmlə yazı yazmaq da, rəsm çəkmək də mümkündür. Sadalanan məqsədlərə yarayan qələmin özü də, adətən, elə sadə olur, göz qamaşdırmır, insanın fikrini yayındırmır, onu qıcıqlandırmır. Mən öz yazılarımı da, əsasən, ucuz, amma rahat qələmlərlə yazıram. Nə sirdirsə, bahalı və brend sayılan qələmlərlə yaza bilmirəm, çünki onlar diqqətimi seçdiyim, işlədiyim mövzudan yayındırır. Bu seçimimə isə öz-özlüyümdə belə haqq qazandırıram: "Qoy sənin qələmin yox, yazdığın o mətndəki mənalar dərin və gözəl olsun”.
Söhbətləşdi: Fərid Hüseyn

banner

Oxşar Xəbərlər