• cümə, 19 Aprel, 16:36
  • Baku Bakı 25°C

Azərbaycanın özünü doğruldan sosial dövlət modeli - Fotolar

19.12.18 18:01 893
Azərbaycanın özünü doğruldan sosial dövlət modeli - Fotolar
Azərbaycanda dövlətin sosial siyasəti əhalinin sosial müdafiəsi, təhsili, vətəndaşların sağlamlığının qorunması, gənclər siyasəti və əhalinin digər ictimai-mədəni ehtiyaclarının ödənilməsi sahəsində fəaliyyətini əhatə edir. Əhalinin sosial ehtiyaclarının ödənilməsi,təhsilin, səhiyyənin inkişaf etdirilməsi, vətəndaşların sosial müdafiəsinin və sosial təminatının gücləndirilməsi, cəmiyyət üzvlərinin mədəni tələbatının daha dolğun ödənilməsi dövlətin mühüm funksiyası hesab olunur. Ümumilikdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində sosialyönümlülük dayanır. Məhz buna görə də iqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərində mərkəzdə məhz Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və ona görə də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir.
Sosial məsələlərin həlli
Dövlətimizin başçısı 18 aprel 2018-ci il tarixdə keçirilən andiçmə mərasimində hesabat xarakterli çıxış edərək, sosial sahədə həyata keçirilən tədbirləri konkret faktlarla dilə gətirib. Bildirib ki, son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərilib və nəticədə maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb: "Ötən illər ərzində 3100-dən çox məktəb tikilib və təmir edilib. 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni, sosial siyasət daim diqqət mərkəzindədir. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşübdür. İşsizliklə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir. Son 15 il ərzində əhalinin sayı 1,5 milyon nəfər artıb. Ancaq iş yerləri də təxminən o səviyyədə artıb. Mən bunu bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimizdə biz bu amili daim diqqətdə saxlayacağıq. Çünki bizdə mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin”.
Mənzil-məişət şəraitinin yaxşılaşdırılması
Azərbaycanda reallaşan sosial siyasətin üstün cəhətlərindən biri onun çoxşaxəliliyi, icra olunan sosial proqramlarla müəyyənləşməsidir. Burada əhalinin həssas kateqoriyalı təbəqələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların reabilitasiyası, cəmiyyətə inteqrasiyası prioritet məsələlərdəndir. Son illər sözügedən istiqamətdə mühüm tədbirlər həyata keçirilib, ciddi uğurlar qazanılıb. Misal üçün, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 2017-ci ildə 315 nəfər mənzil və fərdi evlə təmin edilib. Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, imkan yaradıb. Ümumilikdə cari ildə 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib. Gələn il isə ən azı 800 mənzil veriləcək. Qeyd olunanlara əyani misal olaraq xatırladaq ki, cari il dekabrın 13-də Abşeron rayonunun Məmmədli kəndindəki "Göy qurşağı” yaşayış kompleksində yeni yaşayış binalarından alınmış 145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.Dekabrın 19-da isə Abşeron rayonunun Mehdiabad qəsəbəsində 72 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Bu ay ərzində Bakıda yeni mənzillərin, İmişlidə 54 mənzilli, Şamaxıda 36 mənzilli yaşayış binalarının, ayrı-ayrı rayon və şəhərlərdə tikintisi başa çatan fərdi yaşayış evlərinin istifadəyə verilməsi də planlaşdırılıb.
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı
Bunlarla yanaşı, Qarabağ müharibəsi əlilləri dövlət tərəfindən minik avtomobilləri ilə davamlı olaraq təmin edilirlər. 01.11.2018-ci il tarixə kimi müharibə əlillərinə verilən avtomobillərin cəmi sayı 6144 olub ki, onlardan 265-i cari ildə verilib. 2017-ci ildə əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası təqdim olunub, 39,8 min nəfərə bərpa xidməti göstərilib. Bundan başqa, Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərinin böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, qalan az bir qismi isə əlilliyə görə müavinət almaqdadırlar. Müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinətin verilməsi, şəhid ailələrinə 242 AZN aylıq Prezident təqaüdünün ödənilməsi də dövlətin sosial siyasətinin tərkib hissəsidir. Eyni zamanda Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə isə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. İl ərzində dövlət vəsaiti hesabına 1,8 min-2 min nəfər müharibə əlilinə protez-ortopedik xidmət göstərilir. Onlara orta hesabla 6500-7000 reabilitasiya vasitəsi, o cümlədən əlil arabası, eşitmə aparatı, ortopedik ayaqqabı və sair verilir. İl ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə və şəhid ailəsi üzvünə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sanator-kurort putyovkası və istirahət göndərişləri verilir.
Hərbi qulluqçuların etibarlı sosial müdafiəsi
Bir məqamı xüsusi olaraq diqqətə çatdıraq ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq, hərbi sahəyə ayrılan xərclər son illər ərzində əhəmiyyətli dərəcədə artırılıb. Bu, ölkəmizin müdafiə potensialının güclənməsi ilə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, yuxarıda xatırlatdığımız kimi, onların mənzil-məişət problemlərinin həll olunmasına, hərbçilərə verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. Sözügedən siyasətin tərkib hissəsi olaraq, dövlət başçısı İlham Əliyev cari ilin 19 aprel tarixində "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Həmin sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə
Şübhəsiz ki, bu fərman da Azərbaycan Prezidentinin humanist siyasətinin, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri ƏƏSMN-in rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu həmin sənədlərin təhlilini aparır. Sənədləşmə proseduru tam başa çatdıqdan sonra vərəsələrə fərmanda göstərilən məbləğdə birdəfəlik ödəmənin verilməsinə başlanılır. Bu günə kimi 2897 şəhid hərbi qulluqçu üzrə 3856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Həmin qərarlar əsasında müvafiq vəsaitlərin ödənişi davam etdirilir. Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin edilməsi dövlət başçısının mühüm sosial əhəmiyyət kəsb edən humanist bir addımı olmaqla, ölkəmizdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına göstərilən qayğının növbəti təzahürüdür.Çünki hələ prezident seçkiləri ərəfəsində Prezident İlham Əliyev uzun illərdir gündəlikdə duran bu məsələnin həll olunacağını vəd etmişdi. O, bu vədinə sadiq qalaraq müvafiq fərmanı imzaladı və həmin sənəddən irəli gələrək tədbirlər görülür. Bu, Azərbaycan Prezidentinin hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir.
Özünüməşğulluq proqramının icrası
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edərkən, sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlətin hər zaman dəstək göstərəcəyini söyləyib. Bildirib ki, dövlət həmişə belə insanların arxasında olacaq. İndiyə kimi 1080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə evlərində sosial xidmət göstərilməsi, 7 min 700 nəfər əlilliyi olan şəxsin sanatoriya-kurort müalicəsinə və istirahət mərkəzlərinə göndərilməsi, 29 qeyri-hökumət təşkilatı ilə birlikdə icra edilən 61 layihə üzrə 4100 nəfər çətin həyat şəraitində olan uşağın sosial müdafiə tədbirlərinə cəlb olunması verilən vədlərə əməl olunmasının göstəricisidir. Aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, dövlət başçısının müvafiq sərəncamına əsasən özünüməşğulluq proqramının icrasına başlanılması da deyilənlərə daha bir sübutdur. Mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən özünüməşğulluq proqramının məqsədi aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdır. Ötən il özünüməşğulluq proqramına 1200 nəfər cəlb olunub. Bu il rəqəm dəfələrlə artaraq 7 minədək işsiz və işaxtaran vətəndaşın proqrama cəlb olunması nəzərdə tutulub. Artıq özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək proqram üzrə təlimlərə cəlb olunub. Onlardan təlim kursunu bitirən və qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin hər biri mal və materiallarla təmin olunur, kiçik ailə bizneslərinin yaradılması üçün köməklik edilir. Misal üçün, cari ilin oktyabr ayında bu istiqamətdə ilk işlərə Cəbrayıl və Füzuli rayonları üzrə başlanılıb. Hər iki rayon üzrə proqram iştirakçıları məcburi köçkünlər olmaqla yanaşı, onların sırasında 50 nəfər əlilliyi olan şəxs, 8 şəhid ailəsi üzvü, 76 nəfər sağlamlıq imkanları məhdud uşağı olan valideyn və başqaları var. Eyni zamanda, 231 nəfər iştirakçıdan 63 nəfəri qadın, 71 nəfəri gəncdir. Verilmiş mal və materialların hesabına reallaşdırılan biznes planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir.
290 minədək köçkün yeni mənzillərlə təmin olunub
Məcburi köçkünlərdən söz düşmüşkən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bu günə qədər 290 minədək köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Təkcə bu il 5800 ailə olmaqla ümumilikdə 20 min köçkün, ötən il isə 12 min köçkün yeni evlərlə təmin edilib. Mənzil-məişət şəraiti yaxşılaşdırılanlar arasında hərbçilər də yer alıb, əsgər və zabitlərin xidmət şəraiti böyük dərəcədə yaxşılaşdırılıb. İndiyə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Bu mənzillərin 629-u Bakıda, 632-si Gəncədə, 18-i Naxçıvanda hərbçilərə təqdim edilib.

Son olaraq qeyd edək ki, bütün bu sadalanan faktlar Azərbaycanın sosial dövlət modeli, hərtərəfli inkişaf strategiyasının reallıqlarını nümayiş etdirir. Bu uğurların təməlində xalq-iqtidar birliyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətə, o cümlədən sosial-iqtisadi layihələrə vətəndaşların verdiyi dəstək dayanır.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər