• şənbə, 20 Aprel, 07:28
  • Baku Bakı 14°C

Azərbaycanın yeni uğur hekayəsinin yazıldığı tarix

09.10.18 18:49 988
Azərbaycanın yeni uğur hekayəsinin yazıldığı tarix
2013-cü il oktyabrın 9-u Azərbaycanda prezident seçkiləri günü kimi tarixə düşüb. Həmin gün xalqımız öz seçimini edib, ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevi yenidən prezident seçib. Xatırladaq ki, Azərbaycan xalqı 2003-cü ildə ümummilli lider Heydər Əliyev siyasi məktəbinin yetirməsi İlham Əliyevə böyük etimad göstərərək, ilk dəfə onu Azərbaycan Prezidenti seçib. Beləliklə də Azərbaycan ulu öndərə sonsuz sevgisini ifadə etməklə yanaşı, sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirib, ölkədə bu siyasətə alternativin olmadığını göstərib. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başlayıb. Xalqın bu ümummilli hədəflərə çatmaq arzusu İlham Əliyevin növbəti prezident seçkisindən də qalib çıxmasını şərtləndirib. 2008-ci ilin oktyabrında xalq yenə də "Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”, - deyən Prezident İlham Əliyevə səs verib. İkinci müddətə Prezident seçilən İlham Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrilib. Dövlətimizin başçısı qarşıdakı illərdə Azərbaycanı idarə etməyin strategiyasını bəyan etməklə bərabər, xalqımızda siyasi və sosial-iqtisadi uğurlar seriyasının davamlı xarakter alacağına əminlik yaradıb. Ona görə də 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq növbəti dəfə İlham Əliyevi Prezident seçib.

Ölkəmizin güclü müdafiə sənayesi
Həmin müddətdən 5 il keçir. Bu ötən illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə böyük inkişaf yolu keçib. Ölkəmizin bölgədə və dünyada mövqeləri güclənib, beynəlxalq aləmdə nüfuzu artıb. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan bir milyon insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanılıb. Arxada qalan 5 il ərzində Azərbaycanda ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirilib, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsi daha da artırılıb, ölkəmizin güclü müdafiə sənayesi qurulub. Bu dövrdə iqtisadi uğurlarımız da artıb, iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi çoxalıb, güclü sahibkarlar sinfi yaranıb. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən üç dövlət proqramı sayəsində bölgələrdə inkişaf prosesləri sürətlənib, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olunub. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşüb, Azərbaycanda 1 milyon 600 mindən çox yeni iş yeri yaradılıb. Neft sənayesi ilə bərabər, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, nəhəng infrastruktur layihələrinin reallaşdırılması, olimpiya İdman komplekslərinin inşası, gənc nəslin sağlamlığının qorunması istiqamətində atılan addımlar, əldə edilən nailiyyətlər də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarını nümayiş etdirib.
Cənubi Qafqazın lider dövləti
Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı bildirib ki, ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox uğurlara imza atıb. O, görülən işlərin, qazanılan nailiyyətlərin bir açıqlama, yaxud bir qəzet səhifəsi materialı ilə əhatə olunmayacağını diqqətə çatdırıb. Deyib ki, ümummilli lider Heydər Əliyev siyasi kursunun davam etdirilməsi sayəsində Azərbaycan inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Millət vəkili ölkəmizin dünyada böyük nüfuza, hörmətə sahib olduğunu da vurğulayıb: "Azərbaycanın keçdiyi inkişaf yolu dünyanın diqqətini özünə cəlb edib. Bu inkişaf beynəlxalq aləmdə əks-səda verib. Prezident İlham Əliyevin sərəncamları ilə həyata vəsiqə alan regional inkişaf proqramları, həmin dövlət proqramlarının icrası bütün regionlarımızın simasını əsaslı şəkildə dəyişib. Azərbaycanda yürüdülən uğurlu daxili siyasət xalqımız tərəfindən də müsbət qiymətləndirilib. Məhz bunun nəticəsidir ki, növbəti prezident seçkilərində də xalqımız Heydər Əliyev siyasətinin davamçısına, cənab İlham Əliyevə səs verib, ardıcıl olaraq onu Prezident seçib. Azərbaycanın müstəqil dövlət olaraq yürütdüyü balanslı xarici siyasət dünyada dostlarımızın sayını artırıb. Ölkəmizin 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ və işğal altındakı rayonların Azərbaycan ərazisi kimi tanınması, ərazi bütövlüyümüzə dəstək verilməsi, Ermənistanı işğalçı dövlət kimi tanınması bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən münasibətlər quran, milli-dövlətçilik mənafeyini qoruyan, işğalçı Ermənistanı regionda reallaşan beynəlxalq layihələrdən təcrid edən güclü, qüdrətli dövlətdir”.
Müstəqil Azərbaycan uğrunda
YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının icra katibi, Naxçıvan MR Ali Məclisinin deputatı Anar İbrahimov da bizimlə söhbətində vurğulayıb ki, 9 oktyabr 2013-cü il Prezident seçkiləri Azərbaycanın modernləşməsi, dövlət və cəmiyyət institutlarındakı dəyişikliklərin dönməzliyinin simvoluna çevrilib. Onun sözlərinə görə, İlham Əliyevin həmin seçkilərə qatılaraq xalqın mütləq əksəriyyətinin səsini qazanması, yenidən prezident seçilməsi tək siyasi proses kimi deyil, daha geniş mənada Azərbaycanın gələcək inkişafının davamlılığı, ulu öndər Heydər Əliyev siyasi irsinin dönməzliyi baxımından tarixi hadisədir: "2013-cü ilin prezident seçkiləri, həmin seçkilərdə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin möhtəşəm uğuru aydın bir siyasi mesaj idi. Həmin zaman yaxın coğrafiyamızda baş verən xaos, siyasi və iqtisadi, sosial böhranlar, hətta vətəndaş qarşıdurması, müharibə və dağıntılar fonunda Azərbaycanda siyasi, iqtisadi sabitlik həm bir siyasətçi kimi cənab prezidentin, həm də bütövlükdə Azərbaycan dövlətinin nüfuzunu artırdı, müstəqilliyimizin daha da möhkəmləndirilməsində əvəzsiz rol oynadı. Xalqımız üçün 2013-cü ilin oktyabr ayındakı seçkilər eyni zamanda bir etimad xarakteri daşıdı, öncəki on il ərzində yeni, müstəqil Azərbaycan uğrunda həyata keçirilən siyasətə hə dedi. Bütün bunlara əsaslanan cənab İlham Əliyev prezident kimi sonrakı fəaliyyətində məhz bu etimada, inama əsaslanaraq, yeni-yeni uğurlara imza atdı. Ölkəmiz regionda, qitə səviyyəsində mühüm iqtisadi və siyasi aktora çevrildi. BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzv seçildi, geniş siyasi və iqtisadi güc kimi çıxış edən Qoşulmayanlar Hərəkatına üzv oldu, bir sözlə, dünya gücləri ölkəmizi və onun liderini bərabərhüquqlu və güvənilən partnyor kimi qəbul etdi. Paralel olaraq, ölkə daxilində dövlət institutlarının inkişaf etdirilməsi, iqtisadi və bunun nəticəsi olaraq sosial sahədə qazanılan uğurlar, regionların inkişafı, infrastrukturun yenilənməsi və sadalaya bilmədiyim bir çox sahələrdə uğurlar daxildən Azərbaycan dövlətini möhkəmləndirdi, yeni bir uğur hekayəsinin əsasını qoydu”.
Uğurlu siyasətin məntiqi nəticəsi
YAP Siyasi Şurasının üzvü, Əməkdar jurnalist, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 15 il ərzində Azərbaycanda genişmiqyaslı işlər görülüb, bütün sahələrdə quruculuq, inkişaf, tərəqqi özünü göstərib. Onun fikrincə, ölkəmizin inkişaf dinamikasına nəzər salanda müasir Azərbaycanın son 15 ildə daha böyük inkişaf yolu keçdiyi aydın görünür: "Azərbaycanda siyasi, iqtisadi, aqrar, sosial, humanitar və sair sahələrdə çoxsaylı dövlət proqramları həyata keçirilib. Bu proqramlar çərçivəsində görülən işlər Azərbaycanın simasını ötən illərlə müqayisədə tanınmaz dərəcədə dəyişib, şəhər və kəndlər arasında fərq aradan qalxıb. Azərbaycanda azad cəmiyyət qurulub və inkişaf edib. Ölkəmizdə söz, mətbuat, vicdan azadlığı, həmçinin bütün demokratik prinsiplər təmin olunub. Ötən 15 ildə milyonlarla yeni iş yerləri açılıb, gənc nəslin milli-mənəvi, vətənpərvər ruhda böyüməsi, keyfiyyətli təhsil alması üçün vacib işlər görülüb. Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Əsrin Müqaviləsi, Ələt Beynəlxalq Dəniz Limanı, beynəlxalq əhəmiyyətli digər layihələrin reallaşması, ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi də Azərbaycan prezidentinin uğurlu siyasətinin göstəricisidir. Ermənistanın işğalçı siyasətinə məruz qalan Azərbaycanda ötən illər ərzində ordu quruculuğu sahəsində də əhəmiyyətli tədbirlər həyata keçirilib. Bunun sayəsində Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Bu gün Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin istənilən tapşırığını yerinə yetirməyə, işğal altındakı torpaqlarımızı müharibə yolu ilə ən qısa zamanda azad etməyə qadirdir. Bütövlükdə Azərbaycanda son illər ərzində yaradılan, qurulan nə varsa, ümumiyyətlə görülən bütün işlər aparılan uğurlu siyasətin məntiqi nəticəsidir”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər