AZE | RUS | ENG |

Azərbaycanın xilaskarı olan dahi şəxsiyyət

Azərbaycanın xilaskarı olan dahi şəxsiyyət
Tanınmışlar ümummilli lider Heydər Əliyev haqqında

Dünya miqyasında tanınmış dövlət xadimi, ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı "Moskva-Baku” portalında silsilə yazıların dərci davam edir. Heydər Əliyevi tanımış məşhur siyasətçilər, həmkarları onunla bağlı fikirlərini bölüşürlər. Növbəti müsahib 1995-1996-cı illərdə Rusiya xarici işlər nazirinin müavini olmuş, daha sonra isə Rusiya Federasiyasının MDB işlər üzrə sabiq naziri kimi çalışmış Boris Pastuxov olub.
 
"Mənim üçün Heydər Əliyevlə bağlı ərsəyə gətirilən süjetdə çıxış etmək böyük şərəfdir. O, həqiqətən də öz gözəl xalqının böyük oğlu idi. Bu insan qarşısında dərin hörməti sözlərlə ifadə etmək mümkün deyil. Şəxsən məndə onun həddən artıq insanlığı və istənilən bir məsələ haqqında nəhəng biliyi valehedici təsir bağışlayırdı. Heydər Əliyev fenomenal yaddaşa malik bir şəxsiyyət idi. Mən heç zaman Heydər Əliyevlə birinci görüşümü yaddan çıxara bilmərəm. O zaman mən Ümumittifaq Komsomolçu Gənclər İttifaqının katibi vəzifəsində çalışırdım. O, Azərbaycana rəhbər gəldi və hamını dəyişdi - növbə komsomola çatdı, onların rəhbərini də dəyişdi. Yadıma gəlir, biz onunla birlikdə komsomolun yeni rəhbərini seçirdik. Səsvermə qutusunun yanında dayanmışdıq. Mən ona deyirəm ki, gəlin çəkilək kənara, deməsinlər ki, sonra biz nəsə nəzarət edirik. Heydər Əliyev cavabında dedi ki, "sən narahat olma, kim əleyhinə səs verəcəksə, onsuz da bunu edəcək, istəyirsən dayan, istəyirsən dayanma”. Sonra xarici səfərdən sonra Moskvaya döndüm və məni xarici işlər nazirinin müavini təyin etdilər. Bundan sonra bir neçə dəfə Bakıda oldum. Lakin ilk səfərim və Heydər Əliyevlə ilk dəfə ünsiyyətim yadımdan çıxmır. Heydər Əliyev iki dəfə vəzifə pilləsinə yüksəlib. Birinci dəfə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən, ikinci dəfə 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə gələn zaman. İkinci dəfə ola bilsin daha dərindən anladı ki, sadə insanlar ona necə ehtiyac duyur. Mən həm birinci, həm də ikinci dəfə bunu izləmək şərəfinə nail olmuşam. Heydər Əliyev ünsiyyətdə olduğu insanlarla söhbətinin bütün detallarını yadında saxlayırdı”, - deyə keçmiş diplomat xatırlayır.
 
 
 
Əlavə edir ki, o, böyük bir şəxsiyyət idi, xüsusən də dahi xüsusiyyətləri Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra üzə çıxdı: "Onun bütün həyatı yalnız bir məsələyə - Azərbaycanda sadə insanların həyatını xoşbəxt və yaxşı etməyə yönəlmişdi. Heydər Əliyev SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini olan zaman sadə bir nazir idim – SSRİ-nin Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti Komitəsinin sədri. Və bu postda şəxsi kitabçaya yazılmadan töhmət almışdım. 50 yaşım tamam olurdu və ənənəyə görə ordenlə təltif olunmalı idim. Lakin töhmət üzündən məni təltif etmədilər. O zaman Əliyev hökumət qarşısında tələb qoydu ki, məni təltif etsinlər. Nəticədə məni xatirə hədiyyəsi ilə təltif etdilər. Hazırda bu şəkil evimdə divardan asılıb. Bir dəfə Əliyev məndən soruşdu – "Boris, ordenlərin çoxdur, amma şəkil bir dənədir”. "Bəli, Heydər Əliyeviç”- deyə onunla razılaşdım. Şəkil hələ də mənim evimdədir – rus şam ağacları. Bir xatirə də yaddaşımda qalıb. Bir dəfə Yevgeni Primakovla Bakıya gəldik. Məqsəd Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində hər iki tərəfdən hərbi əsirlərin mübadiləsini həyata keçirmək idi. Əliyev Qarabağ probleminin həlli üçün bütün güc və qüvvəsi ilə çalışırdı. Rusiya da münaqişənin nizamlanması ilə bağlı öz töhfəsini verməyə çalışırdı və indi də bunu edir. Bundan sonra mən Bakıya 1993-cü ildə - Rusiya nümayəndə heyətinin rəhbəri kimi Heydər Əliyevin inauqurasiya mərasimində iştirak etmək üçün gəldim. O iki saat dayanmadan heç bir kağız olmadan çıxış etdi. Hamı təəccüb içində idi, mən isə Əliyevi çoxdan tanıyırdım, buna görə də təəccüblənmirdim və bilirdim ki, belə də olacaq”.

B.Pastuxov daha sonra Prezident İlham Əliyev barəsində fikirlərini bölüşüb: "O atasına oxşayır. Tək xarici yox, öz qətiyyəti, sadəliyi və ünsiyyətcilliyi ilə. O məndə böyük təəssürat oyatdı. Bizimlə görüşə gəldi və biz əyləşdik, söhbət apardıq. Hamı stol üstündə olan nemətləri yaddan çıxardı. Hamı iki intellektual şəxsin - Yevgeni Primakovla İlham Əliyevin söhbətinə qulaq asırdı. Heydər Əliyevi yada saldılar, iki ölkəni, xalqları birləşdirən məsələlərdən danışdılar. Heydər Əliyev hər zaman Rusiya, Moskva ilə bağlı yüksək mövqedə olub. Moskvada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, insanlar barəsində hörmətlə danışırdı. O. Rusiya ilə dostluğu mehriban qonşuluq və qarşılıqlı hörmətdə görürdü. Və hesab edirdi ki, bu münasibətlərin təməli Azərbaycanın gələcəyidir. Bu gün Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir və bu, çox gözəl və düzgündür. Rus dili və ruslara qarşı belə münasibət olan ikinci dövlət tapmaq çətindir. Bu, faktdır. Bizim münasibətlər yerində addımlamır, əməkdaşlıq, sülh və qarşılıqlı etimada söykənir. Özümdən misal çəkim. Evimdə azərbaycanlı yazıçı Çingiz Abdullayevin əsərlərinin külliyyatı var. O, necə də gözəl yazır. Azərbaycan səfirliyinin qarşısında qalıram. Əvvəlki səfiri, Müslüm Maqomayevi tanıyırdım. Hər gün evdən işə, işdən evə dönərkən əziz Müslümün abidəsi önündə baş əyirəm. Bilirəm ki, Heydər Əliyev onu və Tamara Sinyavskayanı çox sevirdi, onları öz övladı kimi görürdü”.
 
 

Yeri gəlmişkən, SSRİ Dövlət Televiziyasının rejissoru Kaleriya Kislova da ümummilli lider barəsində fikirlərini portala bölüşüb. Ona peşəkar televiziya işçisi kimi SSRİ və Rusiyanın birinci şəxsləri Leonid Brejnev, Yuri Andropov, Mixail Qorbaçov, Boris Yeltsin və Heydər Əliyevlə işləmək qismət olub. Lakin məhz Heydər Əliyev onun üçün xüsusi bir rəhbər, sonra isə yaxşı bir dosta çevrilib: "Mən Heydər Əliyev barəsində ümumiyyətlə çox danışa bilərəm. Həyatım boyu onun qədər səmimi qəlbli insana rast gəlmədim. Mən ilk dəfə 1978-ci ildə, Dövlət mükafatının laureatı və Leonid İliç Brejnevin şəxsi rejissoru və "Vremya” proqramının rejissoru kimi Bakıya gəlmişəm. O vaxt mən "Vremya” proqramının baş rejissoru və Leonid Brejnevin şəxsi rejissoru idim. Baş katib Azərbaycana təyyarə ilə gəlməli və Bakı şəhərini təltif etməli idi. V.İ.Lenin adına sarayda (indiki Heydər Əliyev Sarayı) Heydər Əliyev mənə yaxınlaşdı və aparatların hazır olması barədə məlumat verməyimi xahiş etdi. Kameralar artıq yerləşdirilmişdi və mən Heydər Əliyevi bütün kameraların yanına apararaq hər şeyi ona göstərdim. Mən bütün birinci katiblərlə tanış idim, demək olar ki, bütün müttəfiq respublikalarda olmuşdum və istər bu hadisədən əvvəl, istərsə də ondan sonra heç vaxt heç kəs kameraların düzülüşünə və çəkilişlərə bu cür diqqət yetirmirdi.

Bu səfər müddətində SSRİ Mərkəzi Televiziyasının çəkiliş qrupu düz bir ay Azərbaycanda qaldı. Bu, əfsanəvi ay idi. Biz çox işləyirdik, hətta Heydər Əliyevlə bərabər respublikanın səması üzərində uçmuşam. Leonid İliç Azərbaycanı çox sevir və orada özünü çox sərbəst hiss edirdi. Heydər Əliyevlə onun arasında qarşılıqlı anlaşma və yaxşı insani münasibətlər vardı”. K.Kislova 1981-ci ili ürəkağrısı ilə xatırlayır. Həmin il onun valideynləri Novosibirskdə bir-birinin ardınca dünyasını dəyişdi. Kaleriya Venediktovnanın həyatının bu ağır günlərində Heydər Əliyev ona zəng edib: "Kaleriya, zəng etmişəm ki, sizə dərin hüznlə başsağlığı verim. Deyin, sizə nə kömək edə bilərəm? Başa düşürəm ki, siz o şəhərdə təksiniz, üstünüzə çox qayğı düşüb. Mən oraya adamları göndərə bilərəm, sizə kömək edərlər”. Mən dedim: "Təşəkkür edirəm, Heydər Əliyeviç. Çox sağ olun. Bu telefon zəngi və bu başsağlığı mənim üçün çox əlamətdar oldu, ona görə ki, mənim dostluq etdiyim və Novosibirskdə olduğumu yaxşı bilən moskvalı rəhbərlərimdən heç biri zəng etməmiş və belə sözlər deməmişdi”. 

Növbəti dəfə K.Kislova Bakıya 1982-ci ildə L.Brejnev ilə bərabər gəlib. Baş katib Azərbaycana ağır xəstəlikdən sonra gəlmişdi – Daşkənddə səfərdə olarkən körpücük sümüyünü sındırmış və uzun müddət müalicə olunmuşdu. Bakı aeroportunda L.Brejnevin qarşılanmasından sonra ali qonağı müşayiət edən kortej şəhərə yola düşdü, orada Sovet İttifaqının birinci şəxsinin çıxış etməsi üçün tribuna düzəldilmişdi. Əfsanəvi rejissor xatırlayır: "Brejnev maşından çıxdı, yuxarıdakı tribunaya baxdı, "Ora? Yox. Mən yorulmuşam”, - dedi və qayıdıb maşında əyləşdi. Heydər Əliyevin də həmin maşına əyləşməkdən başqa çarəsi qalmadı. Maşın dönüb getdi. Biz isə artıq efirdə idik və mən göstəriş verdim ki, işi davam etdirsinlər. Mənim səyyar televiziya stansiyalarım yolboyu ta iqamətgaha qədər düzülmüşdü. Qərara aldıq ki, meydanda hər şey davam edəcək – rəqslər, mahnılar... Bütün meydan insanla dolu idi. Mən də belə bir mənzərə montaj etdim: maşın gəlir, insanlar meydanda rəqs edirlər. Elə təsəvvür yaranmışdı ki, sanki bütün şəhər böyük bir meydandır. Axşam "Vremya” proqramını göstərəndə hər şey təkrarlandı. Leonid İliç baxıb demişdi: "Əcəb qəşəng idi. Amma mən görməmişəm”.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçiləndən sonra K.Kislova tez-tez onunla ezamiyyətə getdiyini bildirərək deyir: "Bu ezamiyyətlərdə məni ən çox heyrətləndirən onun maşından çıxıb insanlarla söhbət etməsi idi. Sonralar Qorbaçov və başqaları da maşından çıxmağa başladılar, amma bu işi başlayan Heydər Əliyev olub. Bir hadisə yadıma düşür. Heydər Əliyev insanlarla söhbət edirdi, bu arada bir qadın ona yaxınlaşdı. Onunla Azərbaycan dilində danışmağa başladı, lakin Heydər Əliyev onun rus dilinə keçməsini xahiş etdi: qoy heç kəs fikirləşməsin ki, onlar nə isə məxfi bir məsələni müzakirə edirlər. Heydər Əliyev qadının əslən haradan olmasını, Voloqdaya necə gəlib çıxmasını, rus ərinin onu incidib-incitmədiyini soruşdu, ona salam göndərdi – tamamilə sərbəst şəkildə”.

K.Kislova xatırlayır ki, Heydər Əliyev keçmiş Sovet İttifaqının yeganə rəhbəri idi ki, ezamiyyətlərdə onu müşayiət edən jurnalistlərlə ünsiyyətdə olur, hətta onlarla bərabər nahar və şam yeməyi yeyirdi: "O, həmişə insanların arasında olmağa çalışırdı. Belə vaxtlarda biz hətta müəyyən məsələləri müzakirə etməyə başlayırdıq: ya axşamçağı iş günü barədə öz təəssüratlarımızı, ya da səhər qarşıda bizi nələr gözləməsi barədə planlarımızı”.

Məşhur rejissor "Moskva-Baku” portalına müsahibəsində Heydər Əliyevin Moskvada ona mənzil ayırması barədə də danışıb. Bir dəfə Kaleriya Venediktovnanın xəstələnməsindən xəbər tutan Heydər Əliyev öz şəxsi həkimini onun yanına göndərmişdi: "İşə çıxanda isə Nazirlər Sovetinin İşlər İdarəsindən mənə zəng vurub dedilər ki, mənim üçün mənzil ayrılıb. Fikirləşdim ki, mənimlə zarafat edirlər, axı mən mənzil almaq üçün heç bir ərizə yazmamışdım. Məlum oldu ki, həkim mənim yanımdan qayıdanda Heydər Əliyev soruşub: "O qadın hansı şəraitdə yaşayır?” Həkim isə demişdi ki, mənim ümumi sahəsi 38,76 kvadratmetrə bərabər olan üç balaca otağım var”.

"1985-ci il Heydər Əliyev üçün çox çətin il oldu. Həmin dövrdə Zərifə Əziz qızı özünü pis hiss edirdi. Mən onu səfərdən əvvəl görmüşdüm. Biz iki dəfə görüşmüşdük – Leninskiye Qorıda qadınları qəbul edərkən, sonra isə Böyük Teatrda, Heydər Əliyev 8 mart münasibətilə orada məruzə ilə çıxış edirdi. Zərifə xanım məni çağırıb dedi: "Bilirəm ki, siz Altaya uçacaqsınız, orada Heydər Əlirza oğlunun qaldığı yerdə yaşayacaqsınız. Fikir verin ki, ona soyuq dəyməsin. O, papaq qoymağı və şərf bağlamağı xoşlamır, o yerlər soyuqdur, o isə cənub adamıdır”. Zərifə xanım onun qayğısına elə qalırdı”.

1985-ci il aprelin 15-də Zərifə Əliyeva dünyasını dəyişdi. "Mən Heydər Əliyevin yanına getdim. Onun kabinetinə girəndə Heydər Əliyevin üzünə baxanda ürəyim ağrıdı –tamam başqa adam olmuşdu. Təxminən səhər saat 11-in yarısı idi. O, xəstəxanadan təzəcə gəlmişdi. Bütün gecə orada olmuş, yatmamışdı. Çox sarsılmışdı, rəngi qapqara idi. Mən yaxınlaşıb ona bəzi sözlər dedim, amma belə vəziyyətdə bu sözlərin nə xeyri vardı. O, göz yaşlarını saxlaya bilmədi. Mən də onunla bərabər hönkürdüm. O, mənə dedi: "Başa düşürsənmi mən təkcə xanımımı yox, dostumu itirmişəm. O, çox yaxşı dost idi...”

Sonra dəfn mərasimi oldu, Zərifə Əziz qızını Novodeviçye qəbiristanlığında dəfn etdilər. Qohumlar və Siyasi Büronun bütün üzvləri toplaşmışdı. Təkcə Mixail Qorbaçov gəlməmişdi...”

"Hələ Əliyevlərin bütün ailəsi Bakıda yaşayanda İlham Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi idi və Moskvada yaşayırdı. Yayın axırlarında məhsul yığımı dövrü idi. Biz müxbirlərdən materiallar alırdıq. Mən onları gözdən keçirib münasib olanları seçirdim. Bir də belə bir plyonka gördüm: "Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi rayonlara səfər edir”. Əvvəlcə buna fikir vermədim, şəkillərə və mətnə nəzər saldım, sonra diqqətlə baxanda gördüm ki, Heydər Əliyevi müşayiət edən qrupda onun oğlu İlham da var. Əvvəlcə gözlərimə inanmadım, sonra iri planda baxıb yəqin etdim. Bu, həqiqətən o idi. Axı avqust ayı yay tətilinin sonu idi, bütün "qızıl” gənclik haradasa çimərlikdə dincəlirdi... O isə kolxozlara və tarlalara səfər edən atasını müşayiət edirdi”.

K.Kislova müsahibəsinin sonunda deyir: "Onu əbəs yerə Azərbaycanın xilaskarı adlandırmırlar. Ona görə ki, həmin vaxt onun 70 yaşı olmasına və bir neçə dəfə infarkt keçirməsinə baxmayaraq, özündə qüvvə tapmışdı. O, çox müdrik insan idi, cəsarətli qərarlar qəbul etməyi bacarırdı. Məhz o, vətəndaş müharibəsinin qarşısını aldı və ölkəni ən ağır vəziyyətdən çıxardı”.
 
 

Yeri gəlmişkən, Rusiyanın birinci prezidenti Boris Yeltsinin mətbuat katibi olmuş Sergey Medvedev da Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək, onun insanlara olan səmimi marağından və jurnalistlərlə ünsiyyət qurmaq bacarığından danışıb. O, Heydər Əliyevin jurnalistlərlə böyük məharətlə ünsiyyət yaratdığını bildirib: "Mən ümumittifaq radiosunda çalışırdım, daha sonra "Vremya” proqramına keçdim. Heydər Əliyevlə iki dəfə yollarımız kəsişib. Bunlardan biri "Admiral Naximov” işinin araşdırılması ilə bağlı toplantıda, digəri isə Kremldə olub. Kremldə bizim həyatla bağlı söhbətimiz oldu. Həmin görüşdə Heydər Əliyev və Yevgeni Primakov iştirak edirdi. Mən onların bu cür marağının səbəbini anlaya bilmirdim, çünki adi müxbir idim. Onlar redaksiyanın necə yaşadığı, mənim hansı maraqlarımın olduğu, öz işimi necə gördüyümlə maraqlanırdılar. Mənim üçün kifayət qədər qəribə söhbət alındı. Yeri gəlmişkən, o, Yevgeni Primakovdan fərqli olaraq, heç vaxt jurnalistlərdən uzaq durmağa, hansısa baryer qoymağa çalışmayıb. O, hər zaman media nümayəndələri ilə qeyri-rəsmi, səmimiyyətlə işləyib.

Xalqa yanaşmalarla bağlı addımları ilk dəfə Qorbaçov yox, məhz Heydər Əliyev atıb. Maşın dayanır, o çıxır, vətəndaşlarla ünsiyyət qurmağa gedir və hər kəs sevinclə belə yüksək səviyyəli liderə sevinclə sual verir, toxuna bilir. Məncə, o, bunları səmimiyyətlə edirdi. Bu, göstəriş naminə edilən tarix deyildi. Heydər Əliyev insanlarla ünsiyyət qurmağı sevirdi. Bəzi böyük rəhbərlər, hətta ən yaxşılar belə bunu sevmir və bacarmırdılar. Amma o, sevir və bacarırdı. Onun üçün xalq həyatının nəbzini tutmaq çox vacib idi, bununla informasiya toplayırdı. Sənə ərizələrin, hesabatların verilməsi bir məsələ, amma özünün insanların nə düşündükləri, hansı əhval-ruhiyyədə olduqlarını görməyin ayrı məsələdir. Kağız onların əhval-ruhiyyəsini çatdıra bilməz. O, kamerton kimi insanların psixoloji vəziyyətini hiss edirdi. Görünürdü ki, bunu qeyri-rəsmi formada edir. Mürəkkəb siyasi toqquşmalardan və vəziyyətlərdən çıxdı. Toqquşmaların heç də hər zaman qalibi olmur. Yekunda o, qələbə qazanır və qələbəyə gedən yolu kompromislər, asan olmayan qərarlar vasitəsilə tapa bilirdi. O, siyasətçinin necə olması gərəkdiyini nümayiş etdirirdi. Onun müstəqil, çiçəklənən dövlət qurmaq vəzifəsi gerçəkləşdi. İndi biz görürük ki, Azərbaycanda hansı ciddi dəyişikliklər baş verir!”

Heydər Əliyevin milli elitanın tərbiyəsini almış unikal bir şəxs olduğunu deyən S.Medvedev SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun ona qarşı xəyanətindən də söz açıb. "Heydər Əliyevin tərcümeyi-halını yaxşı bilirəm. O, Azərbaycanda qalmaq istəsə də, buna icazə verilmədi və Moskvaya getdi. O, bütün siyasi tendensiyalara və Kreml həyatının incəliklərinə yaxşı bələd idi. 1985-ci ildə o, Qorbaçovun ölkənin lideri seçilməsini dəstəkləsə də, Qorbaçov onun bu yaxşılığını özünəməxsus şəkildə qiymətləndirdi. Bu, mənə yaxşı tanış idi. Çünki o, Yeltsini partiyanın Moskva Şəhər Komitəsinə rəhbərlik etdiyi zaman həkimlərin əli ilə təqaüdə göndərmək istəmişdi. Heydər Əliyevlə də bu cür rəftar etmək istəyirdilər - onu fiziki və siyasi cəhətdən əlil olduğuna, gördüyü böyük işlərlə məşğul ola bilməyəcəyinə inandırmağa çalışırdılar. Heydər Əliyev ümumilikdə həyatında bir çox siyasi xəyanətlə üzləşib”. 

"Rusiya-Azərbaycan münasibətləri yalnız Qafqazda deyil, daha geniş regionda sülh amilidir. Məsələn, Azərbaycan çox uğurlu şəkildə İran və Rusiya arasında vasitəçi, hətta üçtərəfli layihələrimizdə tərəfdaş kimi çıxış edir”. Bu barədə "Vestnik Kavkaza" saytının müxbiri ilə söhbətdə "Rossiya seqodnya”nın baş direktoru, məşhur teleaparıcı Dmitri Kiselyov Nikolay Zlobinlə həmmüəllif olduğu "Kiselyov və Zlobin. Dərin şəxsi fikirlər uğrunda döyüş” kitabının təqdimat mərasimində danışıb.
 
 

D.Kiselyov Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı və konstruktiv strateji münasibətlərin formalaşmasına ümummilli lider Heydər Əliyevin mühüm töhfə verdiyini vurğulayıb. "O, sağlam təməl qoyub. Heydər Əliyevin fikri Rusiya-İran-Azərbaycan üçbucağı yaratmaq idi. Bu üçbucaq kifayət qədər balanslaşdırılmış alındı. Bunun nəticəsində Rusiya-Azərbaycan münasibətləri Xəzər dənizində tənzimləmə amilinə çevrildi”, - müəllif bildirib. O, ölkə başçısı İlham Əliyevin ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirdiyini söyləyib: "Prezident İlham Əliyev bu mənada atasının yolunu davam etdirir. Azərbaycan kifayət qədər sürətli templə inkişaf edir, özünü beynəlxalq arenada əmin hiss edir, ölkənin daxilində isə sabit və balanslı cəmiyyət var”. 

Heç kimə sirr deyil ki, ümummilli lider tək Azərbaycan üçün deyil, postsovet məkanın digər dövlətlərinin inkişafı üçün də əlindən gələni edib. Tacikistanın nüfuzlu "avesta.tj” xəbər agentliyi "Heydər Əliyev – müasir Azərbaycanın banisi” başlıqlı məqalədə Heydər Əliyevi görkəmli siyasətçi, dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri kimi yad edir: "Heydər Əliyev hakimiyyətə məhz o zaman gəldi ki, ona böyük ehtiyac vardı. Heydər Əliyev olmasaydı müasir Azərbaycan da olmazdı.

Nə Azərbaycanda, nə Bakıda, nə də ölkənin hüdudlarından kənarda bu həqiqəti dana biləcək bir şəxs belə, yoxdur. Azərbaycan xalqının ümummilli liderinin dünya miqyasında rolu və əhəmiyyəti o qədər yüksəkdir ki, bu, hələ uzun müddət tarixçi və müasirləri tərəfindən tədqiq olunacaq. Heydər Əliyevin təcrübəsi müasir Azərbaycanın həyatında nəinki itib, əksinə, illər boyu daha da aktual və əhəmiyyətli olur”, - deyə müəllif yazır. "Beləliklə, Heydər Əliyev kim olub? Bu sual nə qədər verilsə də, cavab həmişə müsbət olur. İnsanlar bu sadə adam haqqında böyük ruh yüksəkliyi və səmimi qəlbdən danışır, onu xalqını ağır günündə tək qoymadığını xüsusi vurğulayırlar. Böyük liderin adı ilə Azərbaycanın 35 illik tarixi bağlıdır”, -deyə müəllif yazır. Daha sonra isə ümummilli liderin həyat yolundan bəhs edir: "Heydər Əliyev 10 may 1923-cü ildə anadan olub. İki dəfə Sosialist Əməyi Qəhrəmanı, bir sıra hökumət mükafatları, eləcə də xarici ölkələrin ali mükafatlarını alıb. 1966-69-cu illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışıb. 1969-82-ci illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1982-ci ildə SSRİ Nazirlər Kabinetinin sədrinin birinci müavini vəzifəsində çalışıb. 1987-ci ildə bu vəzifəni tərk edərək istefaya gedib. 1990-cı ilin iyulunda Azərbaycana dönərək Ali Sovetin deputatı seçilib. 1991-93-cü illərdə Naxçıvan Ali Məclisi sədri vəzifəsində çalışıb. Sonra isə 1993-2003-cü illərdə Azərbaycan prezidenti kimi fəaliyyət göstərib. 2003-cü il 12 dekabrda 80 yaşında vəfat edib. Nizam-intizamlı bir insan olan Heydər Əliyev öz işini inamla həyata keçirib. Eyni zamanda, atdığı hər addım düşünülmüş və uzaqgörən idi. Onun atdığı bütün addımlar və qərarlar xalqın və vətənin rifahı naminə idi. Ümummilli liderin ağıllı diplomatiyası sahəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu qalxdı, dünyada layiqli yerini əldə etdi və bir çox ölkələrlə uğurlu münasibətlər qurdu. Heydər Əliyevin sülhsevər siyasətinin əsası - milli müstəqilliyin möhkəmləndirilməsi, digər dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, mübahisəli məsələlərin sülh yolu ilə həlli, qarşılıqlı mənfəətli, iqtisadi, elmi-mədəni əməkdaşlığın qurulması idi. Qeyd etmək lazımdır ki, Heydər Əliyev bütün islam dövlətləri ilə əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsinə böyük yer ayırırdı. O, öz doğma vətəninin islam dünyasının ayrılmaz bir hissəsi olduğuna xüsusi yer ayırırdı. Uzun illər sovet kommunist sistemində çalışan Heydər Əliyev Şərq mentaliteti və ənənələrinin inkişafına böyük yer ayırırdı. Eləcə də, milli və mənəvi dəyərlərə böyük önəm verirdi. Bu səbəbdən Heydər Əliyev şəxsiyyəti islam dünyasında böyük hörmətlə qarşılanır. 

Heydər Əliyev tək Azərbaycanda sabitliyin möhkəmləndirilməsinə böyük töhfə verməyib, onu bütün dünyada tanıyır və hörmətlə yanaşırlar”, - deyə müəllif yazır. Əlavə edir ki, güclü siyasətçi, qətiyyətli, mübariz insan olan Heydər Əliyevin fəaliyyəti tək bir xalqa deyil, bir çox millətlərə kömək edib: "Belə dövlətlərdən biri də bizim doğma Tacikistandır. Heydər Əliyev Siyasi Büronun və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olan dövrdə Tacikistan SSR xalq təsərrüfatının inkişafına böyük kömək göstərib. Hamıya məlumdur ki, sovet hakimiyyəti rəhbərliyinə regionun əhəmiyyətli problemlərinin həlli ilə bağlı müraciət etmək necə çətin idi. Bir çox məsələlər uzun illər diqqətdən kənarda qalıb. Xüsusən də, sənaye müəssisələrinin inşası. Bu istəklər kənara atılır və həllinin tapmırdı. Belə obyektlərdən biri də uzunluğu 126 km olan Kulyab-Kurqan-Tübe dəmiryolunun inşası idi. Məhz Heydər Əliyevin qətiyyəti və inadkarlığı nəticəsində bu məsələ həllini tapdı. Baxmayaraq ki, o zaman SSRİ Yollar Nazirliyi bu məsələnin reallaşmasına qarşı çıxırdı və rentabelsiz layihə hesab edirdi. Belə misallar kifayət qədərdir. Bu insan bəşəriyyətin rifahı naminə çalışır və millətləri bir-birindən ayırmırdı. SSRİ dağıldıqdan və postsovet respublikaları müstəqillik əldə etdikdən və məhz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Tacikistan lideri Emomali Rahmonla onun arasında danışıqlar başladı. O zaman iki ölkə arasında dost və qardaşlıq münasibətlərinin əsası qoyuldu. Bu dostluq və əməkdaşlıq bu gün də davam edir. Bu münasibətlər iki böyük şəxsiyyət – tacik millətinin lideri Emomali Rahmon və böyük ümummilli lider, unudulmaz Heydər Əliyev tərəfindən qoyulub. Bu dostluq siyasəti bu gün Emomali Rahmon və Azərbaycan prezidenti İlham Əliyev davam etdirir. Qeyd etmək lazımdır ki, Heydər Əliyev kimi insanlar dünyada çox azdır. O, təkbaşına öz xalqının rifahı və xoşbəxtliyi üçün bir ordunun edə bilməyəcəyi işləri görüb. Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, neçə nəsil dəyişsə də, yenə də onun haqqında millət atası, ümummilli lider, böyük şəxsiyyət, böyük azərbaycanlı kimi danışılacaq. Onu hər zaman yada salacaqlar, haqqında filmlər çəkiləcək, kitablar yazılacaq, adına küçələr, məktəblər, meydanlar salınacaq. Onun böyük işləri, yaratdığı dövlət, parlaq ideyaları əbədi yaşayacaq. 2013-cü ilin 12 dekabrında dünya özünün ən layiqli şəxsiyyətlərindən birini itirdi. O, öz həyatını vətənə, xalqa və dövlətə xidmətə həsr etmişdi. Və indi hər il bu günü Heydər Əliyevin xatirəsi tək  Azərbaycanda deyil, bütün dünyada qeyd edilir. O, öz parlaq siması və işığı ilə tək bir nəslə deyil, böyük bir dövrə xidmət etmiş oldu”. 
 
Azər NURİYEV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN