• şənbə, 20 Aprel, 09:38
  • Baku Bakı 14°C

Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir

09.07.14 08:31 1476
Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir
Artıq ənənə halını almış Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirələri ölkənin xarici siyasət prioritetlərinin reallaşdırılması, ümumi prinsiplərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Müstəqilliyin ilk illərindən aktiv xarici siyasət kursu yürüdən Azərbaycanın indi böyük bir diplomatik korpusu var. Belə ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.
Təbii ki, diplomatik korpusun xarici siyasətimizin əsas prioritet istiqamətləri üzə vahid komanda halında hərəkət etməsinin böyük əhəmiyyəti var. Bu baxımdan prezident İlham Əliyevin müşavirədəki çıxışı gələcək addımlar üçün proqram xarakteri daşıyır. Hər dəfə olduğu kimi, prezident İlham Əliyevin bu dəfəki çıxışında da diplomatlarımız üçün konkret istiqamətlər müəyyənləşdirilib.
Prezident qeyd edib ki, iki ildən bir keçirilən bu müşavirə xarici siyasətimizin müxtəlif aspektlərinin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi üçün çox uğurlu formatdır. Bu müşavirə imkan verir ki, xarici siyasətimizi ardıcıl şəkildə aparaq.
Prezident bildirib ki, Azərbaycanın xarici siyasəti daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz: «Ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək». İlham Əliyev bildirib ki, bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. Daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq: «Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət göz qabağındadır. Bunun əyani sübutu BMT Təhlükəsizlik Şurasına seçilməyimiz idi. Bu, tarixi bir hadisə idi. Bir sözlə, beynəlxalq imicimiz çox müsbətdir. Buna görə mən Xarici İşlər Nazirliyinin bütün əməkdaşlarını təbrik etmək istəyirəm. Azərbaycanın çox uğurlu xarici siyasəti vardır və əminəm ki, gələcək illərdə ölkəmizin artan gücü və nüfuzu hesabına biz beynəlxalq arenada mövqeyimizi daha da möhkəmləndirəcəyik».
Xarici siyasətlə bağlı əsas məsələ
Prezident bir daha vurğulayıb ki, hazırda ölkənin xarici siyasətlə bağlı əsas məsələsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Amma təəssüf ki, son müşavirədən keçən dövr ərzində bu sahədə heç bir irəliləyiş olmayıb. Baxmayaraq ki, müxtəlif bəyanatlar səsləndirilib, müxtəlif səylər göstərilib. Minsk qrupunun həmsədrləri bölgəyə dəfələrlə səfərlər edib: «Ancaq heç bir nəticə yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir.
Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməyib. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik». Prezident əlavə edib ki, son illər ərzində Ermənistanın nümayiş etdirdiyi mövqeyi münaqişənin danışıqlar yolu ilə həllini tapmasına imkan vermir. Amma təbii ki, məsələnin həlli başqa yolla da mümkündür: «Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurub».
Digər itirilmiş torpaqlarımız da yaddan çıxmamalıdır
Prezident diplomatların diqqətini Azərbaycanın digər itirilmiş torpaqlarına da yönəldib. Deyib ki, alimlərimiz onun təşəbbüsü ilə İrəvan xanlığı haqqında böyük elmi əsər yaradıblar. Bu əsər daha çox faktoloji və elmi məsələləri əks etdirir: «Hesab edirəm ki, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət və Turizm Nazirliyi birlikdə bu məsələ ilə bağlı broşürlər hazırlamalıdırlar ki, müxtəlif dillərdə nəşr edilsin və xarici ictimaiyyətə çatdırılsın. O cümlədən İrəvanın 1918-ci ildə Ermənistana verilməsi faktları da geniş auditoriyaya məlum deyildi. Bu məsələni mən birinci dəfə qaldıranda, bu, bəziləri üçün, necə deyərlər, bir yenilik kimi görünürdü. Ancaq bu, reallıqdır, bunu hazırda Azərbaycanda hər kəs bilir və imkan düşdükcə biz bunu beynəlxalq konfranslarda, forumlarda, tədbirlərdə daim qeyd etməliyik. Çünki bu, tarixi həqiqətdir».
Prezident xatırladıb ki, beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ var. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox faktor var: tarixi, hüquqi və siyasi: «Əlbəttə ki, gələcəkdə xalqımız bütün tarixi torpaqlara qayıdacaq, qayıtmalıdır. Mən əminəm ki, o gün gələcəkdir. Çünki bu gün ölkəmizin siyasi çəkisi, iqtisadi potensialı və demoqrafik vəziyyətimiz belə deməyə əsas verir. Bizim əhalimiz artır, artacaq, Ermənistan əhalisi azalır və azalacaq. Bizim Ermənistanı müəyyən dərəcədə təcrid edilmiş vəziyyətdə saxlamağımız bax, bu məqsədi güdür. Biz onları bütün iqtisadi və enerji layihələrindən təcrid etmişik və buna görə tənqid olunmuşuq. Bu gün də tənqid olunuruq, siz də bunu yaxşı bilirsiniz. Ancaq biz öz məqsədimizə çatmalıyıq. Tənqid əsaslıdırsa, biz əlbəttə ki, bu tənqidi qəbul edə bilərik. Ancaq əsassız tənqidi biz heç vaxt nəzərə ala bilmərik. Ona görə Ermənistan bundan sonra da təcrid edilmiş vəziyyətdə qalacaqdır. Belə olan halda çox kiçik daxili bazarı və ixrac imkanları sıfıra bərabər olduğu üçün əlbəttə ki, Ermənistanın inkişaf potensialı yoxdur. Bunun səbəbidir ki, ildən-ilə oradan miqrasiya artır və onların rəsmi statistikasına görə, bu ilin birinci rübündə 40 min erməni ölkəni tərk edib. Amma real rəqəmlər ondan da böyükdür. Bu, il ərzində 100 mini keçəcəkdir. Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanı ayaqda saxlayan ancaq xarici yardımdır, diaspordur və bəzi ölkələrin Ermənistana xüsusi münasibətidir».
Bütün qonşularla mehriban münasibətlər
Prezident Azərbaycanın bütün qonşuları ilə mehriban münasibətlər qurmaqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Ermənistan istina olmaqla, bütün qonşuları ilə ikitərəfli və çoxtərəfli formatda işləyir. Gələcək illərdə də bu, prioritet olaraq qalmalıdır. Eyni zamanda, son illərdə yenə də Azərbaycanın təşəbbüsü ilə üçtərəfli formatlar müəyyən edilib. Azərbaycanın təşəbbüsü ilə bu gün Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və son vaxtlar Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatları var. Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirlikləri səviyyəsində görüşlər keçirilir. Artıq prezidentlər səviyyəsində də bir görüş keçirilib. Burada əlbəttə ki, həm siyasi və iqtisadi, həm də enerji məsələləri müzakirə edilir: «Deyə bilərəm ki, bu formatın çox gözəl nəticələri vardır. Belə görüşlərin keçirilməsi özlüyündə çox müsbət əlamətdir. Çünki burada regional əməkdaşlıq daha da möhkəmlənir. Biz isə həmişə çalışmışıq ki, regional əməkdaşlıq güclənsin. Hər bir ölkə, o cümlədən Azərbaycan regional əməkdaşlıq hesabına öz maraqlarını daha dolğun şəkildə təmin edə bilər. Ona görə, bax belə təşəbbüslər əlbəttə ki, uğur gətirəndə bu, bizi sevindirir. Çünki bizim xarici siyasətimiz yerində durmur. Biz daim axtarışda olmalıyıq, daim yeni əməkdaşlıq formaları haqqında fikirləşməliyik, təşəbbüs göstərməliyik ki, Azərbaycanın xarici siyasəti daha da uğurlu olsun».
Prezident deyib ki, Azərbaycan ikitərəfli formatlarda həmişə bərabərhüquqlu, qarşılıqlı maraqlar üzərində qurulan münasibətləri dəstəkləyir.
İslam həmrəyliyinin gücləndirilməsinə töhfə
Prezident öz çıxışında müsəlman ölkələri ilə əlaqələrə də xüsusi yer ayırıb. O qeyd edib ki, Azərbaycanın islam ölkələri ilə münasibətləri çox möhkəmdir. Çünki Azərbaycan İslam aləminin bir parçasıdır. Bunun nəticəsi kimi ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparır. Bu təşkilatın xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilib: «Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Əlbəttə ki, beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir. Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır. Ona görə bundan sonrakı illərdə də müsəlman ölkələri ilə əlaqələr daim inkişafda olmalıdır. Burada əlbəttə ki, müxtəlif variantlar mümkündür. Siyasi əlaqələr təbii ki, çox yüksək səviyyədədir. Hesab edirəm ki, biz iqtisadi sahədə fəaliyyəti gərək bir az artıraq».
Avropa ölkələri Azərbaycanın ənənəvi tərəfdaşlarıdır
Prezident Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinə də xüsusi toxunub. O deyib ki, Avropa ölkələri Azərbaycanın ənənəvi tərəfdaşlarıdır. Avropa ölkələri ilə ikitərəfli əlaqələr bizim maraqlarımıza cavab verir: «Avropanın əksər ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz vardır. Mənim Avropa ölkələrinə səfərlərim, Avropanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu əyani şəkildə göstərir. Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Bizim ixrac məhsullarımız daha çox Avropa məkanına göndərilir». İlham Əliyev deyib ki, Azərbaycanın Avropa ölkələri ilə münasibətləri qarşılıqlı maraqlar üzərində qurulub: «Biz Avropaya daha yaxın olmaqla Azərbaycanda siyasi islahatları dərinləşdiririk. Bu, bizim üçün çox önəmlidir. Biz Avropanın bu sahədəki müsbət təcrübəsini öyrənirik və götürürük. Çünki bu, ölkəmizin uğurlu inkişafı üçün lazımdır».
Prezident deyib ki, Avropa texnologiyaları da Azərbaycana lazımdır. Çünki bu gün ölkəmiz sürətlə inkişaf edir. Müasirləşmə, sənayeləşmə prosesləri gedir. Nəinki Bakıda, hər bir yerdə çox böyük inkişaf var. Yeni texnologiyalar olmadan bu inkişafa nail olmaq mümkün deyil.
Bütün bu tapşırıqlar əmin olmağa əsas verir ki, yüksək dövlət qayğısı ilə əhatə olunmuş diplomatik xidmət orqanlarının əməkdaşları prezident tərəfindən müəyyən olunmuş və dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması məqsədi daşıyan xarici siyasət kursunun həyata keçirilməsində bundan sonra da öz səy və bacarıqlarını əsirgəməyəcəklər.
İ.QULİYEV
banner

Oxşar Xəbərlər