• cümə axşamı, 25 aprel, 18:20
  • Baku Bakı 21°C

Azərbaycanın xarici işlər naziri AŞPA-da çıxış edib

23.06.14 16:49 959
Azərbaycanın xarici işlər naziri AŞPA-da çıxış edib
Bu gün Avropa Şurası Parlment Assambleyasının yay sessiyasının ilk plenar iclasında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edərək ölkənin 6 aylıq sədrliyi ərzindəki əsas prioritetləri haqda danışıb.
APA-nın Avropa bürosunun xəbərinə görə, nazir bu müddət ərzində Bakıda keçiriləcək tədbirlərin proqramı barədə məlumat verib. O, korrupsiya ilə bağlı mübarizəyə diqqət çəkərək bu mövzuda Bakıda xüsusi tədbir keçiriləcəyini söyləyib.
E. Məmmədyarov Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının ölkə üçün çox əhəmiyyətli bir hadisə olduğunu bildirib. Eyni zamanda, ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun aparılmasında əvəzsiz təcrübəsi olduğunu qeyd edərək, bu yöndə də sentyabrın əvvəlində Bakıda böyük bir tədbirin təşkil ediləcəyini deyib. O, Azərbaycanla AŞ arasında qəbul olunmuş Fəaliyyət Planına dair bir daha müzakirələrin aparılacağını, AŞ-nın sosial həmrəylik proqramı ilə bağlı Bakıda nazirlər səviyyəsində xüsusi bir toplantının keçiriləcəyini açıqlayıb.
Bundan başqa, Ukraynadakı məsələlərə toxunan E. Məmmədyarov bu ölkədə keçirilmiş prezident seçkilərinin sülh şəraitində, yüksək səviyyədə və beynəlxalq normalara uyğun bir şəkildə baş tutduğunu vurğulayıb. Kosovonun statusundan bəhs edən nazir bu məsələdə bir çox üzv ölkə arasında fərqli mövqeyin olduğunu xatırladaraq, Avropa Şurasının bu məsələdə neytral mövqe tutmalı olduğunu deyib.
Daha sonra, E. Məmmədyarov assambleya üzvlərinin müxtəlif suallarına cavab verib.
banner

Oxşar Xəbərlər