• cümə, 29 Mart, 12:04
  • Baku Bakı 14°C

Azərbaycanın və səhnənin gözəli

09.01.20 11:00 2011
Azərbaycanın və səhnənin gözəli
Leyla Bədirbəyliyə Bolqarıstandan göndərilən məktubda nə yazılmışdı?
«Mənim həyatımı uzun bir yola bənzətsək, bu yol heç də həmişə hamar olmayıb. Sevinc dolu günlərim də olub, kədərli günlərim də. Bir sözlə, məşəqqətli və ilhamlı günlər yaşamışam. Amma heç vaxt sızıldayıb, ah-uf eləməmişəm». Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəylinin (Cavanşirovanın) bu sözləri, yanvar ayında 100 illiyi qeyd edilən məşhur aktrisanın həyat yolunu vərəqləməyə, teatr və kinomuza şöhrət gətirən səhifələrlə tanış olmağa fürsət verir. Keçən il ölkə başçısı İlham Əliyev aktrisanın anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirərək Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. Aktrisa fitri istedada malik teatr ustası kimi, ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verməyi bacarıb.
Atası bəy nəsli, anası xan qızı
Leyla Bədirbəyli Bakıda nəsilli-nəcabətli ailədə doğulub. Atası Ağalar Bədirbəyov Şəmkir bəylərinin nəslindən, anası şəmkirli Bikə xanım Musaxan qızı isə əsl xan qızı idi. Həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük maraq göstərən gələcəyin məşhur aktrisasının istedadının üzə çıxdığı ilk sahə də məhz rəqs olur. Xüsusi rəqs bacarığına malik olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.
Leyla xanım səhnəyə ilk dəfə 8 yaşında çıxır. Bakının keçmiş Poluxin küçəsində yerləşən Mərkəzi Kəndçi Evinin səhnəsində «Coşqun» tamaşasında Coşqunun bacısı rolu onun ifasında maraqla qarşılanır. Leylanın anası bu mədəniyyət evinin tibb məntəqəsində işləyirdi. O, tez-tez balaca Leylanı özü ilə iş yerinə aparar, qız da həvəskar aktyorların məşqlərinə maraqla baxardı.Bir gün dərnəyin rejissoru Əlisəttar Babayevin "görürəm səhnəyə yaman həvəsin var, gəlsənə, özün kimi balaca bir rol tapşıraq sənə...» sözləri sonradan onun gələcək seçimini müəyyən edir.
1937-1942-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti kimi bu ansamblda «Bir dənəsən», «Naz eləmə», «Tərəkəmə» rəqslərini elə məharətlə ifa edir ki, tamaşaçılar böyük zövq alırlar. Filarmoniyada çalışdığı illərdə "Ayna” və "Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət edilir. Aktrisa 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradır.
Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara ("Solğun çiçəklər”), Solmaz ("Od gəlini”), Şəlalə ("Yalan”), Dezdemona ("Otello”), Liza ("Canlı meyit”), Nərminə ("Göz həkimi”) və s. bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb. Leyla xanım tamaşalarda əsasən baş rolları oynayıb.
Leylanın Gülçöhrəsi
L.Bədirbəylinin kinoda aktyor taleyi uğurlu olub. O, kinoya da çox erkən gəlib. Leyla xanım hələ yeniyetmə ikən moskvalı rejissor D.Vertovun «Lenin haqqında üç mahnı» sənədli filmində pioner qız rolunda çıxış edir. Bundan sonra aktrisa peşəkar teatr səhnəsinə gəlməzdən əvvəl, 1937-ci ildə «Dəcəl dəstə» filmində pioner dəstə rəhbəri, 1941-ci ildə «Səbuhi» filmində Tubu, 1942-ci ildə «Sovqat» filmində Ayna rollarında oynayır. Aktrisanın «Səbuhi» filminə rol almasının da maraqlı tarixçəsi var. O dövrün qəzetləri yazırdı: «Film üçün aktyor seçmək rejissorları çox düşündürürdü. Onlar filarmoniyaya getdilər. Məqsədləri Leyla Bədirbəylini bir daha rejissor gözü ilə yoxlamaq idi. Nəhayət, milli paltar geymiş Leyla səhnəyə gəldi. Azərbaycan xalq çalğı alətləri üçlüyünün müşayiəti ilə «Tərəkəmə» rəqsini elə məharətlə oynadı ki, rejissorlar dərhal səhnənin arxasına keçib Leyla ilə görüşdülər. Leylanın boy-buxunu, incə rəqsləri rejissorların xoşuna gəldi”.
Kino sahəsində aktrisanın parlamağında dahi bəstəkar Üzeyir Hacıbəylinin rolu böyük olub. 1945-ci ildə "Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.
Filmin yaranmasının maraqlı tarixçəsi var. 1943-cü ildə Tehran konfransı zamanı İrana mədəni proqramla azərbaycanlı artistlər də səfər edirlər. Onlar təsadüfən Hollivudda çəkilmiş "Arşın mal alan” filminin nümayişində olurlar. Filmdən sonra onlar titrlərdə filmin rejissorunun Tiqranov, ssenari və musiqi müəllifinin isə Maqalyanın olduğu haqda yazıları oxuyurlar. Artistlər bunu Üzeyir Hacıbəyliyə çatdırırlar. O isə "Arşın mal alan” operettasının Stalinin xoşuna gəldiyini bilərək, onun adına etiraz ünvanlayır. Qısa zamanda dahi bəstəkar Stalindən"Təklif edirəm, bizim öz, əsl sovet "Arşın mal alan” filmini çəkək” yazılı teleqram alır.
1945-ci ildə Stalinin göstərişi ilə Azərbaycanda əsər ekranlaşdırılır. Filmin ssenarisini Sabit Rəhman yazır, quruluşçu-rejissor vəzifələrinə isə Rza Təhmasib və Nikolay Leşenko təyin olunur. Bu işə cavabdehlik Mircəfər Bağırova həvalə edilir. Baş rollara artistlərin axtarışı başlayır. Bu zamanRəşid BehbudovBakıya qastrol səfərinə gəlir. Üzeyir Hacıbəyli,Rza Təhmasibvə Nikolay Leşenko onun konsertində olurlar. R.Behbudov öz konsert repertuarına "Arşın mal alan”-dan iki musiqi nömrəsi - Əsgər və Vəlinin ifa etdikləri mahnıları daxil etmişdi. Əsgərin ariyasına Rəşidin ifasında qulaq asandan sonra (müğənni başına atasının qaragül papağını taxaraq ifa edərdi) onlar müğənnini filmdə çəkmək qərarına gəlirlər. Konsertdən sonra ona yaxınlaşan yaradıcı qrupun iştirakçıları sevinərək "Axır ki tapdıq…qarşımızda əsl tacir Əsgər durur!” deyirlər.
Gülçöhrə roluna Leyla Bədirbəyli dəvət edilir. Əvvəlcə 20 yaşlı rəqqasə çəkiliş qrupunun xoşuna gəlmir. Lakin Leyla filmdə çəkilməyi çox istəyirdi və bu səbəbdən Üzeyir Hacıbəylinin yanına gələrək, gözünün yaşını tökür, Gülçöhrə rolunda çəkilməyi arzuladığını və bunun üçün hər bir çətinliyə qatlanmağa, gecə-gündüz işləməyə hazır olduğunu bildirir. Bəstəkar isə rejissorlardan qızı təkrar "sınaqdan keçirməyi” xahiş edir.
Filmin ssenarisi1944-cü il martın 22-də Moskvadatəsdiq olunur. Ekran əsəri Bakı kinostudiyası tərəfindən türk və rus dillərində çəkilməyə başlayır. Filmin çəkilişləri Mərdəkanda aparılır. Rəşid Behbudovun sözlərinə görə, Bakıcamaatı film çəkildiyini eşitdikdə sandıqlarından bəy interyerinə layiq olan qab-qacaqları, paltarları çıxararaq çəkiliş meydançasına gətirirdilər. Buna görə də, bütün rekvizitlər – qızıl portsiqar, dəbdəbəli paltarlar, bəzək əşyaları, mebel, qab-qacaq hamısı həqiqi idi.
1945-ci ilin iyulun 5-də filmin yoxlanması zamanı Moskva komissiyasının üzvləri arasında münaqişə yaranır. Üzvlərdən biri filmi tənqid edərək yaradıcı qrupu Sibirə sürgünlə hədələyir. Toplantıda "bu, bəy-xan həyat tərzinin ideallaşdırılmasıdır”, "çəkiliş reklama bənzəyir”, "bu filmi çəkməklə nə məqsəd güdürdünüz?”, "demək istəyirsiniz ki, inqilabdan öncə həyat bu qədər gözəl idi?” kimi ifadələr səslənirdi. Lakin bədii şuranın fikri ilə razı olmayan və filmin dünya miqyasında məşhur olacağını hesab edən Sergey Eyzenşteyn, filmin Stalinə nümayiş etdirilməsinə nail olur və ölkə rəhbəri ekran əsərini bəyənir.Stalinbəyəndikdən sonra film SSRİ səviyyəsində nümayiş etdirilməyə başlayır və əsərin yaradıcı kollektivi "Stalin mükafatı”na layiq görülür. "Arşın mala alan” 136 ölkədə nümayiş olunur və 86 dilə dublyaj edilir. TəkcəSSRİ-də filmə 16 milyondan çox tamaşaçı baxır. Filmin büdcəsi 5 milyon 807 min rubl təşkil etdiyi halda, gəliri 5 milyard rublu aşır. AmerikalıtarixçiMaykl Smit öz "Sovet şərqinin” kinematoqrafı” məqaləsində yazırdı: "Xalq respublikalarında tamaşaçılara orta əsrlərin şair və müğənniləri, uğursuz sevgi haqda gözəl hekayələr nümayiş etdirilirdi. Bu filmlər stalinizmin neo-folklor üslubunda idilər. Xəlqilik yenə təsdiqini tapmışdı. Azərbaycan bu janra "Arşın mal alan” musiqili şedevri ilə töhfə vermişdi”.
Beş qardaşın bir bacısına verilən ad
2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə film restavrasiya edilir və rəngli versiyaya keçirilir. Hollivud ustaları 1 ilə ərzində bərpa ilə məşğul olurlar. Film yaradıcı heyətə, o cümlədən Gülçöhrə rolunda çəkilən Leyla Bədirbəyliyə böyük şöhrət gətirir. Aktrisa yaratdığı Gülçöhrə obrazı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən məktublar alırdı. Bolqarıstandan gənc qadının ona göndərdiyi məktub bu sözlərlə qurtarır: «Mən beş oğlun bir bacısına, məharətlə oynadığınız Gülçöhrənin adını verdim. Bolqarıstanın Gülçöhrəsi sizin kimi şöhrət qazansa, özümü xoşbəxt sayaram».
Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakar xidməti təkcə Gülçöhrə ilə bağlı deyil. 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirir.
İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən "Fətəli xan”, "Dəli Kür”, "Sevil”, "Onun böyük ürəyi”, "Dərviş Parisi partladır” filmlərində yaddaqalan obrazlar yaradır. O, "Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsində işləyərkən istedadlı gənclərin inkişafına kömək edir, onlara dəyərli məsləhətlərini verirdi.
Aktrisanı yaxından tanıyanlar deyirlər ki, Leyla Bədirbəylinin zahiri qədər, daxili də gözəl olub. Həssaslığı, səmimiliyi, qəlbinin təmizliyi zahiri gözəlliyini tamamlayıb. "Azərbaycan gözəli” titulunu da ona bu gözəlliyini vəsf edərək veriblər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər