Azərbaycanın və musiqisinin vurğunu olan dünya şöhrətli dirijor - Fotolar
Bərdia Kiyarəs, 1979-cu ildə Tehranda doğulub. 4 yaşında səntur çalmağı öyrənib.
12 yaşından isə skripkanın ifa sirlərinə yiyələnməyə başlayıb. Təhsilini başa
vurduqdan sonra Tehrandakı musiqi kollektivlərində ikinci skripkaçı və
konsertmeyster kimi çıxış etməyə başlayıb. 2004-cü ildən dünyanın bir çox məşhur
orkestrləri ilə birgə solo konsertlər verib. Pars Musiqi İnstitutunda, Tətbiqi
Elm və Texnologiyalar Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Bakıya
ilk işgüzar səfərinin gerçəkləşməsindən çox məmnunudur.
Bakının teatr və musiqi ictimaiyyəti
ilə görüşə bir neçə saat qalıb. Bu axşam Azərbaycan Dövlət Musiqili Teatrının
orkestri Bərdia Kiyarəsin sehrli çubuğunu izləyəcək, onun dirijorluğu ilə dahi
Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan” operettasının tamaşasında aktyorları
müşayiət edəcək. İki aydan bəri çəkilən zəhmətin qiyməti bu gün veriləcək, bu
gecə o həyəcanlı anların mükafatı olan alqış sədaları eşidiləcək.
Bizim söhbətimizsə iki-üç gün əvvələ təsadüf etdi, tərcüməçisi - Mədəniyyət
və İncəsənət Universitetində magistr təhsili alan Yunis bəy həmyerlisinin
proqramının çox sıx olduğunu diqqətə çatdırsa da, vaxt ayırmağa da razılıq
verdi.
Görüşdük. Müsahibim çox səmimi və söhbətə açıq təsiri bağışladı və
suallarıma həvəslə cavab verdi.
"Gəlin əvvəlcə mən, Bakıya səfərimin və yaradıcılıq imtahanımın
başlanmasının səbəb və zərurətindən danışım, sonra da siz istədiyiniz sualları
verin” dedi.
- 38 yaşım var, özümü başa düşəndən
evimizdə Azərbaycan musiqisi eşitmişəm,
Azərbaycan şairlərinin şeirlərini dinləmişəm, xalq mahnılarına qulaq asmışam.
Deyəcəksiniz ki, yəqin qonum-qonşuda bizim ədəbiyyata-musiqiyə maraq göstərənlər
olub, o üzdən. Yox, Azərbaycana sevgini məndə atam yaradıb. Atam tanınmış
musiqiçi idi, həm də İranın Mədəniyyət Nazirliyinin məsul əməkdaşı kimi tez-tez
azərbaycanlıların daha sıx yaşadığı şəhərlərə gedirdi, hər dəfə də geri
qayıdanda dodaqaltı hansısa musiqini, mahnını zümzümə edirdi, əlinə keçən
musiqi alətində onu çalmağa çalışırdı. İlk dəfə 4 yaşım olanda o mənə səntur
çalmağı öyrətməyə başladı. Özü də inanmayacaqsınız, daha çox Azərbaycan
mahnıları, musiqi nümunələri öyrədirdi və mən də onları sevə-sevə mənimsəyirdim.
Hətta yadımdadır, bir dəfə məktəblilərin Tehran Teleradiosunda keçirilən
müsabiqəsində iştirak etdim və birincilik qazandım. Mənə dedilər ki, qaliblərin konsertində ürəyin istəyən bir musiqi nömrəsi
seçməkdə sərbəstsən. Mən də həmin konsertdə "Küçələrə su səpmişəm” Azərbaycan
xalq mahnısını ifa etdim, sözlərinin mənasını anlamasam da, ürəyimdə zümzümə edə-edə
çaldım onu. Atam bu mahnını çox sevirdi.
Sonra skripka çalmağa başladım. 12 yaşımda atam mənə bu alətin mükəmməl biliciləri olan Mehrdad Əli Ağa, İbrahim Lütfi, Behruz Vahidi
Azər, Davud Fəlahəti, Maziar Zahirodini və Sefil Dehbasti kimi ustadlardan dərs
almağı tövsiyə etdi.
- Bütün şərq ölkələrində olduğu
kimi, məncə, İranda da milli musiqi alətlərinə daha çox önəm verilir. Ən
azından, uşaq böyüyəndə ailəsinin
ehtiyaclarını toy-düyündə qazandığı para
ilə təmin edə bilsin deyə.
- Mənim atam, dediyim kimi, həm musiqiçi idi, həm də dünya mədəniyyətindən
hali olan ziyalı. O, bəlkə də ürəyinin dərin guşəsində arzu edirdi ki, onun da
övladı qərbin bu klassik musiqi alətinin incəliklərinə vaqif olsun, dünya səhnələrinə
çıxsın, bəşəriyyətin yaratdığı musiqi inciləri ilə tanış olsun.
- Və siz onun arzusunu gerçəkləşdirdiniz.
İlk çıxışınızı xatırlayırsınızmı?
- Skripkaçı kimi ilk dəfə, 1995-ci ildə, Şiraz şəhərində Tehran Gənclər Orkestrinin müşayiəti ilə Antonio Vivaldinin
"Dörd mövsüm” skripka konsertini ifa edəndə, cəmi 16 yaşım vardı. Əlbəttə, çox həyəcanlı idim,
şükür ki, bu imtahandan da alnıaçıq çıxdım. İki il sonra, 1997-ci ldə isə artıq
İİR-in Orkestrində birinci skripkaçı idim, bu, əlbəttə, qürurverici bir nailiyyət
idi. Ən çox sevinən də təbii ki, atam oldu. Ancaq təəssüf ki, biz onu çox tez
itirdik və o, mənim sonrakı illərdə qazandığım uğurları görmədi, oğlunun onun xəyal
etdiyi Avropa ölkələrindəki çıxışlarının sorağını eşitmədi. O, 2001-ci ildə
dünyasını dəyişdi və əminəm ki, sağ olsaydı, mənimlə bərabər, ürəkdən sevdiyi
Bakıya gələr, köhnə dostu Əliqismət Lalayevin onun övladına necə böyük qayğı və
sayğı göstərdiyinin şahidi olar, buna çox sevinərdi.
- Onlar
tanış idilər?
- Bəli, Əliqismət Lalayevlə atam düz 23 il əvvəl rəsmi tədbirlərin
birində tanış olmuşdular. Onda deyəsən,
o da Mədəniyyət və Turizm Nazirliyində işləyirmiş və işgüzar səfərlərin birində
görüşmüşdülər. Onda biz balaca idik. Atamın vəfatından sonra əlaqələrimiz kəsildi
və 23 ildən sonra tale bizi yenidən rastlaşdırdı. Nəhayət ki, mən uşaqlığımdan bəri maraq göstərdiyim,
xəyalən gəzib dolaşdığım Bakıya gəldim, onda heç Əliqismət müəllimi görəcəyimi
ağlıma belə gətirməzdim. Bir axşam Musiqili teatra - Üzeyir Hacıbəylinin
"Arşın mal alan" əsərinin tamaşasına baxmağa gəldim. Bu əsər mənim
çox sevdiyim musiqi şedevrlərindən biridir. Fasilə vaxtı biz Əliqismət müəllimlə
tanış olduq və söhbət əsnasında mən bu əsərə dirijorluq etmək arzumu dilə gətirdim.
Təbii ki, o məni tanımırdı, dirijor kimi səriştəmə, musiqi qabiliyyətimə,
yaradıcılığıma bələd deyildi. Ona görə də mən lap uşaq yaşlarımdan Azərbaycan
musiqisinə heyran olduğumu söylədim, atamın mənə bu musiqini necə sevə-sevə öyrətdiyini
dedim. O atamın nə işlə məşğul olduğu ilə maraqlandı və mənim cavabımdan sonra
atam Fətəməzi 23 il əvvəl tanıdığını
dedi. Və Əliqismət müəllim mənimlə, necə deyərlər, yenidən tanış olandan sonra ötən
günləri xatırladı, atamla görüşündən danışdı və söhbətimizin sonunda arzumun reallaşmasına razılıq verdi.
- Siz də işə başladınız və bu
axşam Bakı tamaşaçısı qarşısında imtahan verəcəksiniz.
- Çox şadam ki, Azərbaycandakı
çıxışım məhz bu günlərdə - Üzeyir Hacıbəyli
Beynəlxalq Musiqi Festivalı çərçivəsində olacaq, sentyabrın 23-də "Arşın mal
alan”, 24-də isə "O olmasın, bu olsun”
tamaşalarını idarə edəcəyəm. İnşallah, əminəm ki, birgə çalışdığım
insanlar məni yalqız qoymayacaqlar. Mən
onlara güvənirəm.
- Musiqiçilərimiz, ifaçılarımız
sizin tələblərinizə, gözləntilərinizə cavab verə bildilərmi?
- İnanın ki, onlar şahanədir! İlk günlər aramızda cüzi anlaşılmazlıqlar
oldu, o da ifaçıların və mənim təhsil yönüm ilə bağlı idi. Mən daha çox Avropa
məktəbindən bəhrələnmişəm, oralarda, yəni Qərbdə, çalışdığım illərdə əmin oldum
ki, musiqi təfsirində daha çox zəriflik, incəlik, yumşaqlıq hiss olunur. Mən Almaniya,
Avstriya, Danimarka, İsveç, İsveçrə, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya,
Belçika və bir sıra digər ölkələrdə konsert proqramı ilə çıxış etmişəm, 2008-ci
ildən bəri dünyanın aparıcı dirijorları ilə əməkdaşlığım var. Bu görüşlərdə əmin
oldum ki, əsas məsələ musiqi əsərinin ifasına fərdi yanaşmağı bacarmaqdır. Deyək
ki, siz və ya mən eyni bir şeir parçasını çox fərqli ifa edə bilərik, mən
daha sərt, daha çılğın, siz daha sakit, daha lirik ovqatda. Musiqidə də belədir.
İfaçı bəstəkarın dəsti-xəttinə toxunmadan onun musiqisini öz hislərinin-duyğularının
süzgəcindən keçirib auditoriyaya təqdim etməlidir. Mən bir dirijor kimi hər iki
əsərdə Avropa məktəbinin o zəriflik və yumşaqlığı ilə sizin musiqiçi və
ifaçılarınızın əxz etdiyi sərtlik, dinamik çırpıntılardan doğan "ağırlıq və
kobudluğu” sintez etməyə çalışacağam.
Qismət olsa, biz "Arşın mal alan" və "O olmasın, bu olsun"
tamaşalarını bu mövsümdə yeni yozumda təqdim edəcəyik.
- Dirijor,
ifaçı , bəstəkar... Siz 2008-ci ildən Pars Musiqi İnstitutunun Orkestrində,
2009-cu ildən İranın Kamera Orkestrində dirijorluq etmisiniz. İran Milli
Orkestrinin dirijoru kimi 2010-2012-ci illərdə konsertlərdə çıxışlarınız olub.
1997-ci ildən İİR-in orkestrində birinci skripkaçı olmusunuz. Sonra simli və
simfonik orkestr üçün pyeslər bəstələyib, kino və televiziya serialları üçün
musiqi yazmısınız.
- Yaradıcılıq işi belədir. Mütləq təzə nələrsə öyrənməyə, istedadını
cilalamağa çalışmasan, yerində saymağa məhkum
olacaqsan.2006-cı ildən İran Film Bəstəkarları
Assosiasiyasının üzvüyəm. 2004 və 2006-cı illərdə Almaniyanın Osnabrück
Festivalında çıxış etmişəm. 2005-2007-ci illərdə Nouban Simli Orkestrində
birinci skripkaçı kimi çıxış etmişəm. Dünya şöhrətli Daniel Barenboymun rəhbərlik
etdiyi orkestrdə birinci skripkaçı kimi üstümə düşən vəzifəni yerinə yetirmişəm.
Aksel, Vilezok, Jülyen Salemkurun kimi professorlardan ustad dərsləri almışam.
Niyə bunları sadalayıram? Ona görə ki, gəzib gördüyüm bu yerlərin heç biri məni
Bakı qədər cəzb etməyib. İnanın mənə, sentyabrın 25-də buradan ayrılacağımı
düşünmək belə istəmirəm. "Bakı çox gözəl və özəl şəhərdir” demək, onun haqqında
düşündüklərimin mində birini ifadə etməkdir. Bakının gözəlliyini, insanların
qonaqpərvərliyini, istiqanlılığını sözlə ifadə etməyə çətinlik çəkirəm. Bakı mənim
xəyallarımın şəhəridir. Düşünə
bilirsinizmi, dünyanın heç bir ölkəsində (hər halda mənim gəzdiyim ölkələrdə)
pul vahidlərinin üstündə musiqi alətlərinin şəkli yoxdur. Amma Azərbaycan manatının üstündə müxtəlif
musiqi alətlərinin rəsmini gördüm, bu, məni çox duyğulandırdı. Bu sənətə,
musiqiyə, mədəniyyətə böyük sevginin və ehtiramın nişanəsidir. Mən özümü burada
qərib hiss etmirəm. Əgər nə vaxtsa yer üzündə ömürlük yaşamaq üçün bir şəhər
seçmək dilemması qarşısında qalsam, tərəddüd etmədən Bakını seçərdim!Bu axşam Azərbaycan Dövlət Musiqili Teatrına
getməyə tələsin, fərqli bir tamaşa, maraqlı bir ifa görəcəksiniz. Tehranlı
dirijor və musiqiçi Bərdia Kiyarəslə görüşdən məmnun qalacağınıza əminəm!
Telli Pənahqızı