AZE | RUS | ENG |

Azərbaycanın və Gürcüstanın regionları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar var

Azərbaycanın və Gürcüstanın regionları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar var
Azərbaycanın və Gürcüstanın regionları arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. Azərbaycanın iş adamları Gürcüstanın bütün bölgələrinə, xüsusən də Kvemo Kartli-Borçalı bölgəsinə sərmayə qoya bilərlər. Bu regionda yaşayan azərbaycanlılar bölgə əhalisinin 45 faizini təşkil edir. Onlar həm bu bölgənin, həm də Gürcüstan dövlətinin möhkəmlənməsində mühüm rol oynayırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşündə səslənib.

Qubernator bildirib ki, Gürcüstan dövləti burada yaşayan azərbaycanlılara öz mədəniyyətlərini, dil və adət-ənənələrini inkişaf etdirmələri üçün hər cür şərait yaradır.
Ölkələrimiz arasında əlaqələrdən danışan Q.Nemsadze deyib: "Azərbaycan bizim yaxın qonşumuz və dostumuzdur. Biz hər zaman ağır günlərimizdə qardaş Azərbaycan xalqının köməyini hiss etmişik. Buna görə Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə minnətdarıq”.

Qubernator bildirib ki, Azərbaycanın və Gürcüstanın regionları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar var. İstərdik ki, Azərbaycandan olan iş adamları, investorlar bu bölgəyə sərmayə yatırsınlar.

Q.Nemsadze SOCAR-ın Gürcüstan ərazisində, xüsusən də bu regionda həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Fuad Muradov bildirib ki, tarixən qonşu və dost olan xalqlarımız arasında heç zaman ciddi problem və ya münaqişə olmayıb. Bu, özü-özlüyündə çox böyük göstərici və nümunədir. Komitə sədri ölkələrimiz arasındakı strateji tərəfdaşlığın regionlarımız arasında da əməkdaşlığın inkişafına geniş imkanlar yaratdığını vurğulayıb. O, Kvemo Kartli bölgəsinin zəngin mədəniyyətə, kənd təsərrüfatı və turizmin inkişafı üçün geniş imkanlara malik olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan, xüsusən də mədəni layihələrin həyata keçirilməsində zəngin təcrübəyə malik olan Heydər Əliyev Fondu bu regionda mədəni irsin qorunması, bərpası ilə bağlı layihələrə kömək edə bilər. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva bu işlərə xüsusi diqqət yetirir.

Görüşdə səfir Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, parlamentin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Sonra görüş iştirakçıları Rustavidəki Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN