• cümə, 29 Mart, 01:34
  • Baku Bakı 7°C

Azərbaycanın Van Dammı - Portret

15.07.14 10:17 4625
Azərbaycanın Van Dammı - Portret
Azərbaycanda bəzi idman növləri hələ yeni populyarlıq qazanmaqdadır. Onlardan biri də K-1-dir. Daha doğrusu, kikboksinq döyüşü platformasında inkişaf edən və onun bir qolu sayılan bu kateqoriya, ölkəmizdə gün keçdikcə daha çox sevilir. Onu bizlərə sevdirən də güclü idmançılardır. Məsələn, “Mauqli” ləqəbli Zabit Səmədov kimi. Cəmi bir neçə gün əvvəl Qroznıda baş tutan turnirdə alman rəqibi Stefan Lekonu cəmi 12 saniyədə məğlub edən həmyerlimiz, böyük həyat və idman təcrübəsinə malikdir.
Van Damm kimi…
21 iyun 1984-cü ildə Gürcüstanın azərbaycanlıların kompakt şəkildə yaşadığı Qardabani (Borçalı) rayonunun Candar kəndində anadan olan Zabit Səmədov, uşaqlıqdan döyüş idman növlərinin həvəskarı olub. 90-cı illərin əvvəllərində hamı kimi o da Jan-Klod Van Dammın kinolarını böyük həvəslə izləyib və onun kimi olmaq arzusunda olub. Ailəsi ilk vaxtlarda onun bu istəyinə qarşı olsa da, inadkarlığı öz sözünü deyib. Atası onu 9 yaşında kikboksinqə yazdırıb və hər şey də buradan başlayıb. Düzdür, atası iş adamı olduğundan bir il sonra Belarusa köçməli olublar. Ancaq bu dəyişiklik də Zabitin həvəsinə güc gəlməyib və elə Minskdəki ilk ayındaca məşqlərə başlayıb. Uşaqlıq qəhrəmanı Van Damm kimi dayanmadan məşq edib, hamı evə gedəndə qalıb təkbaşına çalışmalarını davam etdirib. Ki, bunun nəticəsi haqda birazdan danışacağıq. Doğma xalasının müəllimə olduğu məktəbdə oxuyan Səmədov, dərsdən çox, idmana meyl edib. Buna görə də, dəfələrlə “qulağı çəkilib”. Bircə, riyaziyyat və xarici dil fənlərində həmişə yaxşı qiymətləri olub.
Ana üçün vaza
İlk böyük yarışına 14 yaşında qatılıb. Rəqiblərin böyük və ya kiçiyə ayrılmadığı Respublika çempionatında yarımfinala qədər irəliləyən qəhrəmanımız, bu mərhələdə 25 yaşlı döyüşçünü məğlub edib. Finalda uduzması ona yaman pis təsir edib. Hətta karyerasını bitirmək də istəyib: “daha döyüşməyəcəyəm, zədələndim, ayağımı əzdim, gözümün altını “qaraltdılar”... ” Cəmi iki günlük istirahətdən sonra bu qərardan əsər-əlamət yox idi. Maraqlıdır ki, finalda yenildiyi rəqibinə mükafat kimi vaza verilməsi Zabiti yaman qıcıqlandırıb. Öz dilindən dinləyək: “Məşqçimə yaxınlaşdım və dedim ki, gələn dəfə Respublika yarışını mən udacam, çünki anama vaza hədiyyə etmək istəyirəm! Bundan sonra dəfələrlə çempion oldum və artıq evdə vaza əlindən yer yoxdur”.
Niyə “Mauqli”?
Zabit Səmədovun dünyaya məşhur ləqəbi – “Mauqli”dir. Niyə məhz bu adın ona verilməsinin hekayəsi də maraqlıdır. İş ondadır ki, məşqçisi, keçmiş SSRİ ölkələri arasında peşəkarlar arasında tay-boks üzrə ilk dünya çempionu Dmitri Pyasetskinin uşaqlıqda ən sevimli qəhrəmanı məhz Mauqli olub. Tələbəsini döyüş cəngəlliklərinə düşmüş qarayanız uşağa bənzədən mütəxəssis bu ləqəbi seçib. Tezliklə, ad azarkeşlərin də rəğbətini qazanıb və ona uğur gətirib.
Böyük uğurları var
Səmədovun karyerası titullarla doludur. Uzun illər Belarusun şərəfinin qorumuş döyüşçü, sonradan vətəni Azərbaycan üçün rinqə çıxmağa başlayıb. Zabit K-1 Dünya Qran-Prisinin qalibi və mükafatçısı, Avropa Qran-Prisinin gümüş mükafatçısı, “Rulz-Kik” turnirinin qalibi, açıq Macarıstan çempionatının qızıl medalçısı, Muay-Tay döyüşü üzrə ikiqat dünya çempionu, Kikboksinq üzrə Avropa çempionu, Tay-boks üzrə dünya və Avropa çempionu, dünya kubokunun sahibi (16 yaşında), kikboksinq üzrə “Kristal Kuboku” və “Heydər Əliyev Kuboku”nun qalibidir. Ayrı-ayrı döyüşlərdə, müxtəlif kiçik turnirlərdə qazandığı qələbələr və titulları sıralamaq üçün isə bir qəzet səhifəsi yetməz. Döyüş idmanında demək olar ki, bütün növlərində gücünü sınayan və uğur qazanan Səmədov bu baxımdan ideal nümunədir. Hətta “O bir əfsanədir” desək, yanılmarıq.
Qələbə üçün döyüş
Zabit heç vaxt rəqibindən qorxmur, rinqə yalnız qələbə üçün çıxır. Tərz olaraq müdafiə tərəfdarı deyil. Döyüşlərində həmişə birinci planda olmağı xoşlayır, xoşbəxtliyi hücumda axtarır. Rinqdə beyninə taktiki gedişlərin yazıldığı kasseti irəli-geri fırladırmış kimi hərəkət edir, qələbə üçün mümkün olan bütün addımları dəqiq yerinə yetirməyə çalışır. Universallığı ona həm qollarından, həm də ayaqlarından maksimum istifadə etmək imkanı verir. Ancaq ən güclü tərəfi təbii ki, qollarıdır. Onun bir çox döyüşlərini məhz gözlənilməz əl zərbələriylə bitirməsi Səmədovun əsas silahını ortaya çıxarır. İnanılmaz dərəcədə böyük gücə malik döyüşçünün hər zərbəsi ayı pəncəsi kimi ağır, canavar həmləsi qədər sürətlidir. Bir göz qırpımında rəqibini nokauta göndərə biləcək Zabit, yuxarıda da qeyd etdiyimiz kimi ciddi taktiki savada da malikdir. Konkret bir tərzdə döyüşmərək növbəti rəqiblərinə zəif yerini göstərməməsi faktı ortadadır. “Mauqli”nin bəzi döyüşlərində ümumiyyətlə əllərindən istifadə etmədiyi və qələbə qazandığı, digərində isə ayaqlarını işə salmayıb yenə uğur qazandığına belə şahidlik etmişik. Bu, rəqibin zəif nöqtəsinin təyini, həmin nöqtəyə maksimum təsir və təzyiq üsulu ilə əldə edilən zəfər nümunəsidir. Zabit Səmədov rinqdə yalnız güc yox, həm də ağılın qalibiyyətə apardığını sübut etmiş idmançıdır.
Tərs yuxular və söz yarası
Ən böyük hobbisi futbol olan Zabitin maraqlı yuxu yozması var. Adətən ən vacib döyüşlərindən əvvəl mütləq yuxu görən Səmədov heç vaxt onların çin olmasını istəmir. Çünki gecə qələbə qazandığını gördüsə, sabah rinqdə uduzacaq, əksi olanda isə qələbə qazanacaq. Rinqdə amansız olsa da, ruhən çox mülayimdir. Döyüşlər zamanı aldığı zərbələr ona çox da təsir etmir. Çünki yüzlərlə, minlərləsinə tuş gəlib, yarasını sağaldıb, yenidən mübarizəyə atılıb. Ancaq ən kiçik sözdən belə inciyə bilər Zabit. Onu özündən küsdürmək çox asandır. Hər halda, haqqında deyilən istənilən səhv kəlmənin sonuna qədər gedib, ədaləti ortaya çıxarana qədər inadından dönmür. “Söz yarası qılınc yarasından ağır olur” atalar sözü elə bil məhz onun üçün deyilib.
Vətən sevgisi
Gürcüstanda doğulub, Belarusda boya-başa çatmasına, həyatının böyük hissəsini orada keçirməsinə baxmayaraq, heç vaxt əsl vətənini unutmayıb. Çıxdığı döyüşlərdə Azərbaycan bayrağı həmişə yanında olub, hamının diqqətini ona yönəldib. Belarusdakı onlarla müsahibəsində, açıqlamalarında özünü azərbaycanlı saydığını dilə gətirib, “ən böyük amalım üçrəngli bayrağımızı həmişə yüksəkliklərə qaldırmaqdan ibarət olub” cümləsini işlədib. İki il əvvəl isə ölkəmizin vətəndaşlığını qəbul edən Səmədovun dünyada rəsmən təmsilçimiz olmaq istəyi gerçəkləşib.
Portreti
Onun haqqında çox danışmaq olar. Artıq indidən peşəkar kikboksinqin, xüsusilə də K-1-in canlı əfsanəsi sayılır. Dünyanın bütün nöqtələrində döyüş həvəskarları olan gənclər onu özlərinə nümunə hesab edir, ona hər mənada oxşamağa çalışırlar. Rinqdə aqressiv, çox sürətli və güclü “Mauqli”, ondan kənarda mülayim, gülərüz, səmimi və təvazökar biridir. Bütün dostları onu çox yaxşı insan və etibarlı yoldaş kimi qələmə verirlər. Əsl idmançı da məhz belə olmalıdır. O, ləqəbini daşıdığı Mauqli kimi həyat sürür: ailəsi, dostları, vətəni üçün hər şeyə hazırdır və bunun üçün gücündən asılı olmayaraq heç kimlə döyüşməkdən qorxmur. Portreti isə sizi seçim qarşısında qoyur. Bu rəsmdə canavar kimi düz gözünüzün içinə baxır. Soruşur: dostumsanmı? Ən yaxşısı bu suala müsbət cavab verməkdi. Əks halda...
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər