• şənbə, 20 Aprel, 13:09
  • Baku Bakı 23°C

Azərbaycanın valyuta ehtiyatlarının səviyyəsi ötən il 14 faiz artıb

23.05.13 14:54 1929
Azərbaycanın valyuta ehtiyatlarının səviyyəsi ötən il 14 faiz artıb
Milli Məclisin İqtisadi siyasət komitəsinin cümə axşamı keçirilən iclasında 2012-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, komitənin sədri Ziyad Səmədzadə iclasda bildirib ki, 2012-ci ilin dövlət büdcəsinin əsas göstəriciləri, məqsəd və vəzifələri uğurla icra olunub. Onun sözlərinə görə, qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan hökuməti dövlət büdcəsinin icrasını uğurla yerinə yetirib: "Büdcənin icrası ölkənin iqtisadi həyatının ahəngdarlığından xəbər verir".
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2012-ci ildə dövlət büdcəsinin icrası makroiqtisadi sabitliyin saxlanması, əhalinin pul gəlirlərinin artması, dövlətin iqtisadi qüdrətinin artmasına şərait yaradıb.
O qeyd edib ki, əhalinin gəlirlərinin artım sürəti inflyasiyanı bir neçə dəfə üstələyib: "Ölkənin valyuta ehtiyatlarının səviyyəsi ötən il 14 faiz artaraq 46,5 milyard ABŞ dolları təşkil edib. 2012-ci ildə icmal büdcənin gəlirləri 102,3 faiz, xərcləri 96 faiz çox olub. 2,3 milyard büdcənin profisiti olub ki, bu da proqnozlaşdırılandan 2,4 dəfə çoxdur".
Şərifov vurğulayıb ki, 2012-ci ildə dövlət büdcəsinin gəlirləri 17,282 milyard manat, icrası isə 101,4 faiz təşkil edib. Bu da 2011-ci ilə nisbətən 1,581 milyard manat və ya 10,1 faiz çoxdur: "Ölkə ÜDM-də büdcə gəlirlərinin payı 32 faiz təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 1,9 faiz çoxdur. Nəqliyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 101,9 faiz və ya 6,026 milyard manat yerinə yetirilib ki, bu da 2011-ci illə müqayisədə 544 milyon manat (və ya 10,1 faiz) çoxdur. Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 5,9 faiz illik artımla 100,7 faiz və ya 1,208 milyard manat təşkil edib. Dövlət Neft Fondundan transfertlər proqnozlaşdırılan səviyyədə - 9,905 milyard manat icra olunub".
Onun sözlərinə görə, 2012-ci ilin yekunları üzrə dövlət büdcəsinin digər gəlirləri 1,6 faiz artımla 143 milyon manat təşkil edib: "Dövlət büdcəsinin icrası çərçivəsində 2012-ci ildə vətəndaşların sosial vəziyyətinin maliyyələşdirilməsi - pensiya, əməkhaqqı, maddi yardımlar və b. daxil olmaqla bütün nəzərdə tutulmuş layihələrin sabit maliyyələşdirilməsi həyata keçirilib".
Şərifov həmçinin bildirib ki, dövlət büdcəsinin xərcləri proqnozun əksinə olaraq 98,6 faiz və ya 17,417 milyard manat yerinə yetirilib. Bu da 2011-ci ilin göstəriciləri ilə müqayisədə 2,019 milyard manat (və ya 13,1 faiz) çoxdur.
banner

Oxşar Xəbərlər