• cümə, 29 Mart, 15:12
  • Baku Bakı 14°C

Azərbaycanın uğurlarına susqun yanaşanlar

14.06.19 18:22 501
Azərbaycanın uğurlarına susqun yanaşanlar
Fransa Respublikasının Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan "Dostluq haqqında xartiya”nı ləğv etməsinin ardınca, Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərarın çıxarılması, separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğradığını göstərir. Bu qərar, eyni zamanda, beynəlxalq ictimaiyyətin separatçılıq meyllərini qınamasının növbəti təzahürü oldu.
Onu da qeyd edək ki, xartiyalar Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə zidd olduğu kimi, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, bu ölkənin bitərəfliyini şübhə altına alırdı. Əlbəttə ki, Fransa məhkəmələrinin bu addımı Azərbaycanın növbəti uğuru kimi diqqətdən kənarda qalmadı. Lakin həm də görünən o oldu ki, Azərbaycanın milli maraqlarının qorunması xaricdəki "söyüş” müxalifətinin proqramına daxil deyil. Onlar yeri gəldi-gəlmədi, Azərbaycan dövlətini, hakimiyyət nümayəndələrini təhqir edir, lakin ümummilli məsələlərdə susurlar. Xaricdə yaşayan və milli mənafelərdən danışan şəxslərin belə məsələlərdə susqunluq nümayiş etdirməsi onlarda heç bir milli təəssübkeşliyin olmadığını göstərdi. Bu, həm də radikal müxalifət düşərgəsinə də aiddir və onlar da bu uğuru görməzlikdən gəldilər.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, Fransada bəzi bələdiyyələrin qondarma Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurması, "dostluq müqavilələri” bağlaması beynəlxalq hüquqa zidd idi: "O cümlədən bu, Fransa qanunlarına da ziddir. Azərbaycan dövlətinin və hakimiyyətinin apardığı işin sayəsində, bildiyiniz kimi, Fransa məhkəməsi həmin müqavilələri qanunazidd hesab edərək ləğv etdi. Bu, Azərbaycanın çox böyük uğurudur. Fransa Avropanın saylıb-seçilən bir dövlətidir, lakin bununla belə, həm də bu ölkəni "ikinci Ermənistan” hesab etmək olar. Çünki Fransada erməni lobbisi çox güclüdür. İndiki məqamda Fransa məhkəməsi vasitəsilə belə bir qərarı əldə etmək, sözün açığı, çox böyük səylər tələb edən bir məsələdir. Bu, məhz Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin dünyadakı nüfuzunun bir nümunəsidir ki, Fransa məhkəməsi, bələdiyyələrin qondarma rejimlə bağladığı müqavilələri ləğv etdi”.
M.Səfərli əlavə etdi ki, Fransa məhkəmələrinin çıxardığı qərarın beynəlxalq aləmdə və Azərbaycanda da böyük təbliğatı aparılmalıdır: " Çünki bu, digər dövlətlərə də dərs olmalıdır. Görsünlər ki, qanunsuz əməllərin sonu necə olur. Bütün bunlarla yanaşı, məni təəccübləndirən məsələlərdən biri də o oldu ki, bu gün demokratiyadan, vətənpərvərlikdən bol-bol danışan və az qala özlərini Azərbaycanın milli maraqlarının müdafiəçiləri kimi təqdim edən radikal müxalifət bu məsələdə susqunluq nümayiş etdirdi. Onlar Azərbaycan dövlətinin uğurlarına sevinmirlərmi? Radikal müxalifətin sərgilədiyi mövqe onu deməyə əsas verir ki, onlar öz dövlətlərini sevmirlər. Bu, sadəcə olaraq, məhkəmənin hansısa müqaviləni ləğv etmək məsələsi deyil, görülən işlərin arxasında böyük siyasi, diplomatik fəaliyyət dayanır. Ona görə də, radikal müxalifətin məhz bu məsələdə sərgilədiyi mövqe, hesab edirəm ki, anti-Azərbaycan mövqeyidir. Heç olmasa, qardaş Türkiyədən nümunə götürmək lazımdır. Orada iqtidar-müxalifət münasibətləri heç zaman rəvan olmayıb. Bəzi məsələlərdə hətta bir-biriləri ilə didişirlər və sair. Əslində bu, qanun çərçivəsində normal siyasi mübahisələrdir. Amma ümummilli məsələlərdə Türkiyə müxalifətinin reaksiyası başqa cür olur. Bax, bu baxımdan radikal müxalifət düşərgəsi qardaş Türkiyədən nümunə götürməlidir. Əlbəttə, söhbət radikal müxalifətdən gedir, hansı ki, fəaliyyətləri ağa qara deməkdən, hakimiyyətin gördüyü işlərin üzərinə kölgə salmaqdan ibarətdir. Bu isə əslində heç siyasi fəaliyyət deyil və siyasətlə heç bir əlaqəsi yoxdur. Ona görə də, hesab edirəm ki, onların bu mövqeyinə cəmiyyət özü nəinki təmkinlə, hətta etinasız yanaşır. Bilirlər ki, radikal müxalifətdən başqa mövqe gözləməyə dəyməz. Amma onlar özlərini əsl siyasətçi adlandırılarsa, Azərbaycanın uğurlarını görməlidirlər və ona sevinməlidirlər. Hətta bu uğurların qazanılmasına təkan verməli, mane olmalı deyillər”.
Politoloq Azər Verdiyev bildirdi ki, Fransa kimi böyük bir dövlətdə xalqımız üçün taleyüklü məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti ədalətli qərarın qəbul edilməsi çox təqdirəlayiq haldır: "Qrenobıl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı sayılır. Bu ədalətli qərarlar, fikrimcə, ilk növbədə, Azərbaycan dövlətinin öz xarici siyasət kursunu düzgün qurması nəticəsində mümkün olub. Sirr deyil ki, Fransada erməni lobbisi uzun illər xeyli güclü olub. Görünür, əsl həqiqəti gizlətmək artıq qeyri-mümkündür. Həqiqət isə budur ki, Ermənistan işğalçı, təcavüzkar dövlətdir və suveren qonşu ölkənin işğal etdiyi ərazilərini geri qaytarmaq istəmir”.
A.Verdiyev qeyd etdi ki, ölkəmizin hər bir vətəndaşı, bütün vətənpərvər insanlar Qarabağ həqiqətlərini bütün dünyaya yaymağa çalışmalıdır: "Lakin təəssüflər olsun ki, davamlı olaraq hakimiyyəti haqsız yerə tənqid edən, Azərbaycanın uğurunu həzm edə bilməyən antimilli şəbəkə bu kimi milli məsələlərdə mövqe nümayiş etdirmir. Bu, bir daha həmin qüvvələrin dövlətçiliyimiz əleyhinə olduqlarını ortaya qoyur. Aydın görünür ki, Azərbaycanın milli maraqlarının qorunması nəinki radikal müxalifətin, heç xaricdəki "söyüş” şəbəkəsinin də proqramına daxil deyil. Onlar Azərbaycan dövlətini, hakimiyyət nümayəndələrini təhqir edir, lakin ümummilli məsələlərdə susurlar. Xaricdə yaşayan və milli mənafelərdən danışan şəxslərin belə məsələlərdə susqunluq nümayiş etdirməsi bir daha onların müəyyən mərkəzlərə bağlılığını ortaya qoymuş olur. Azərbaycan adına olan hər bir uğur dilə gətirilməli və dövlətin maraqları kimliyindən asılı olmayaraq hər kəs tərəfindən müdafiə edilməlidir. Əgər bunu görmürüksə, deməli, onları milli qüvvə hesab etmək olmaz”.
AZAD
banner

Oxşar Xəbərlər