• çərşənbə axşamı, 19 mart, 15:06
  • Baku Bakı 8°C

Azərbaycanın uğurlarına qara yaxmaq istəyənlərə tutarlı cavab

20.05.19 18:55 632
Azərbaycanın uğurlarına qara yaxmaq istəyənlərə tutarlı cavab
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Doing Business-2020” islahatlarına dair növbəti icmalını hazırlayıb. Belə ki, icmalda 11 indikator üzrə aparılan islahatlar barədə ətraflı məlumatlar təqdim olunur. Vurğulanır ki, sözügedən dövrdə ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etmiş, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, tikintidə "Bir pəncərə”, biznesə başlamaq, elektrikə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası, əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar həyata keçirilmişdir.
İcmalda bildirilir ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək, 57-ci pillədən 25-ci (o cümlədən biznesə başlamaq üzrə 18-ci pillədən 9-cuya, tikinti üçün icazələrin alınması üzrə 161-ci pillədən 61-ci, elektrik təchizatı şəbəkələrinə qoşulmaya görə 102-ci pillədən 74-cü, əmlakın qeydiyyatı üzrə 21-ci pillədən 17-ci, kreditlərin alınmasına görə 122-ci pillədən 22-ci, kiçik investorların maraqlarının qorunmasına görə 10-cu pillədən 2-ci, vergilərin ödənilməsi üzrə 35-ci pillədən 28-ci, müflisləşmənin həllinə görə 47-ci pillədən 45-ci) yerə yüksəlib.
Bəs görəsən belə bir hesabatda mövqeyimizin yüksəlməsi nəyin göstəricisidir? Mövqeyimizin daha da yaxşılaşdırılması üçün nələr edilməlidir?

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri Fikrət Yusifovdeyir ki, bu gün Azərbaycan dünyada qabaqcıl islahatçı ölkə kimi tanınır. Son bir neçə ildə aparılan iqtisadi islahatlar nəticəsində əldə edilən uğurları Azərbaycandan məsafəcə çox uzaqda olanlar belə görür və yüksək qiymətləndirirlər: "Ölkəmizin əldə etdiyi bu sevindirici nəticələri görmək istəməyənlər də az deyil. Ancaq reallıq tam başqadır və bu reallıqları kimlərəsə biz diktə etmirik. Onları Azərbaycanla daha yaxından əlaqəsi olan, ölkəmizdə gedən islahatları öz gözləri ilə görən mötəbər beynəlxalq təşkilatların peşəkar mütəxəssisləri hazırlayırlar. Hazırda ölkə həyatının elə bir sahəsi yoxdur ki, o, islahatların əhatə dairəsindən kənarda qalsın. Azərbaycanda aparılan islahatları ən obyektiv qiymətləndirən son hesabat Dünya Bankının "Doing Business 2019" hesabatıdır. Artıq kütləvi informasiya vasitələrində Azərbaycanın apardığı islahatlar nəticəsində bir il ərzində Dünya Bankının illik hesabatında 35 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması geniş müzakirə predmetinə çevrilib. Azərbaycanın MDB ölkələri arasında ən yüksək yerə layiq görülməsi heç də təsadüfi deyil. Ölkəmizdə aparılan islahatlar - xüsusilə 2015-ci ilin sonlarından ölkədə post-neft dövrünün başlandığı elan edildikdən sonra reallaşdırılan islahatlar iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etməyi hədəfləmişdi. Neftin qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan hökumətinin müəyyən etdiyi sürətli iqtisadi islahatlar strategiyasına yüksək qiymət verənlərdən və onu ilk dəstəkləyənlərdən biri də məhz Dünya Bankının rəhbərliyi olmuşdu. Onlar hələ islahatların başlanğıc mərhələsində Azərbaycan hökumətinin bu addımlarını başqa neft ölkələrinə nümunə göstərərək, bu yolda ölkəmizə yaxın dəstəkçi olacaqlarını bəyan etmişdilər. Məlum olduğu kimi, Dünya Bankı ən nüfuzlu beynəlxalq maliyyə institutudur və onun hesabatlarını başqa təşkilatın rəyləri ilə müqayisə etmək olmaz. Azərbaycanın bu hesabatda ən çox islahat aparan ölkə kimi qeyd edilməsi beynəlxalq müstəvidə həmin informasiyanı alan hər bir tərəf üçün ciddi bir siqnaldır və Azərbaycanın uğurlarına qara yaxmaq istəyənlərə çox mötəbər cavabdır. Bu onu göstərir ki, Azərbaycan öz iqtisadi strategiyasını düzgün müəyyən edib və onu doğru yolla inamla irəli aparır. 3 il bundan öncə post-neft erasının başlandığını bəyan edən ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi yeni iqtisadi islahatlar strategiyası ən düzgün seçimdir. Nəticələr isə göz qabağındadır. Az qala bütün dünya ölkələrinin üzv olduğu ən mötəbər maliyyə institutunun rəsmi hesabatında Azərbaycanın 25-ci pilləyə yüksəlməsi və dünyanın bir sıra inkişaf etmiş ölkələrini belə geridə qoyaraq Almaniyadan sonrakı yerə layiq görülməsi çox mətləblərdən xəbər verir. Həmin hesabatda Qazaxıstan 28-ci, Rusiya 31-ci, Belarus 37-ci, Ermənistan 41-ci, Moldova 47-ci, Qırğızıstan 70-ci, Ukrayna 71-ci, Özbəkistan 76-cı sırada yer alıb. Azərbaycan 2017-2018-ci illərdə ən çox islahat aparan on ölkədən biri kimi MDB məkanında birinci yerdədir. Bu hesabat ölkəmizdə aparılan iqtisadi islahatlara verilən ən layiqli, ən əsası isə, ən obyektiv qiymətdir. Bundan öncə Azərbaycanda aparılan iqtisadi islahatlara ikili standartlar prizmasından yanaşan və necə tərtib edilməsi bəlli olmayan reytinq təşkilatlarına ən tutarlı cavabdır. Dünya Bankı öz hesabatlarını haradansa, kimdənsə aldıqları, topladıqları məlumatlar əsasında deyil, bankın mütəxəssisləri tərəfindən ilkin mənbələrdə araşdıraraq əldə edilən məlumatlar əsasında tərtib edir. Hesabatda ölkəmizin bank sistemində aparılan islahatlarla bağlı vurğulanan məqam da olduqca cəlbedicidir. Belə ki, kreditə əlçatanlığın təmin edilməsinə görə Azərbaycan dünyada 22-ci yerə layiq görülüb. Bu, kifayət qədər ciddi rəqəmdir və bank sistemimizdə aparılan islahatların uğurlu nəticələrindən xəbər verir. Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanda aparılan islahatlara verilən yüksək qiymət ölkəmizin dünya miqyasında həm siyasi-iqtisadi, həm də maliyyə müstəvisindəki çəkisinin kifayət qədər yüksəlməsinə səbəb olacaq. O da şübhə doğurmur ki, bu mötəbər reytinq təşkilatının növbəti hesabatında Azərbaycan daha yüksək pilləyə qalxacaq. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev bu günlərdə parlamentə 2019-cu ilin büdcə layihəsi ilə bərabər, ölkədə biznes mühitinin daha cəlbedici olmasını ehtiva edən vergi islahatları zərfini də təqdim etmişdir. Bu islahatlar vergi subyektlərinə gələn ildən sanballı vergi güzəştləri və fəaliyyət üçün daha asan manevr imkanları verməyi nəzərdə tutur. Belə bir biznes mühiti isə öz növbəsində ölkə iqtisadiyyatına yerli və xarici investorların daha böyük yatırımlar etməsinə səbəb olacaq”.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, "Doing Business 2019" kontekstindən qiymətləndirsək, 25-ci yer kifayət qədər qaneedici rəqəmdir: "Bu o deməkdir ki, Azərbaycanda biznesin daha asan şəkildə qurulması və idarəedilməsi imkanları kifayət qədər genişdir. Amma burada metodologiya məsələsi də var. Azərbaycanın birdən-birə 32 pillə irəliləməsinin səbəbi 2016-cı ildə öz strateji inkişaf yolunu müəyyənləşdirməsindədir. Qəbul edilən yol xəritələrinə uyğun olaraq konkret addımlar atılmağa başlandı. Reytinqlərdəki mövqeyimizin yaxşılaşdırılması ilə bağlı xüsusi komissiya yaradıldı. Komissiya müvafiq zəif bəndləri üzə çıxararaq bu istiqamətdə konkret addımlar atdı. Dünya Bankı "Doing Business 2019" indeksini hazırlayarkən bu göstəriciləri nəzərdən keçirir. Göstəricilərimiz Azərbaycanın mövqeyinin irəliləməsinə səbəb oldu. Amma əsas məsələ bu vəzifələrin icrası ilə bağlıdır. Göstəricilərimizi yaxşılaşdırmaqda əsas məqsəd Azərbaycanın reputasiyasının yüksəlməsi fonunda ölkəyə investisiya axınını cəlb etməkdir. Amma xarici sərmayə gözlənilən səviyyədə deyil. Sərmayələrin böyük hissəsi hələ də enerji sektoruna yatırılır. Ona görə də hesab edirəm ki, real problemlərin üzərində dayanmalıyıq. 21-ci əsrdə sərmayədarlar sadəcə bir indeksdən yola çıxaraq ona uyğun investisiya yatırımı etmir. İnvestorlar alternativ mənbələrdən informasiya qəbul edir. Onların daha çox məlumat bazalarına çıxış imkanları var. Hesab edirəm ki, Azərbaycanın reytinqinin daha da yaxşılaşdırılması üçün kompleks mövqe ortaya qoyulmalıdır. Təkcə indekslərə fokuslanmaq olmaz. Eyni zamanda, struktur islahatları ilə bu prosesi dəstəkləmək lazımdır. Prezident özü də ilin yekunlarına dair iclasda bu məsələlərə diqqət çəkdi. Azərbaycan iqtisadi bloklara qoşulmalıdır”.

Şəbnəm
banner

Oxşar Xəbərlər